Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-17/2025 03.03.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X9 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xeyrinə maddi zərər kimi 4458 manat, hüquqi xidmətə görə 150 manat və 50 manat dövlət rüsumunun, cəmi 4658 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı sm6519 saylı, xx.xx.2023-cü il tarixli Alqı-satqı və İpoteka müqaviləsinə əsasən Sumqayıt şəhəri, 1-ci mikrorayon, 26/8B saylı evin üç otaqlı 24-cü mənzilini Cavabdeh1 almışdır. Mənzilin alqı- satqısı zamanı aralarında olan şifahi razıılaşmaya görə cavabdeh bir ay ərzində mənzili boşaltmalı və istismara tam yararlı vəziyyətdə ona təhvil verməli idi. Lakin buna baxmayaraq, cavabdeh mənzili üç aydan sonra boşaltmış və bərbad halda təhvil vermişdir. Belə ki, cavabdeh aralarında olan razılaşmanın şərtlərini pozaraq mənzildə quraşdırılmış bir ədəd kondisioneri, kombi istilik sistemi aparatını, mətbəx mebelini, mətbəx qaz sobasını və mətbəxdə qab-qacaq yuyulan su kranı və moykanı söküb aparmış, "xxxx" və "xxxx" ASCyə olan 538 manat məbləğində kommunal borclarını da onun üzərində qoyaraq mənzili tərk etmişdir. Halbuki mənzilin dəyər qiyməti barədə cavabdehlə razılaşma əldə edəndə həmin qiymətə ona görə razılaşmışdılar ki, yuxarıda göstərilən aksesuarlar (kombi istilik sistemi, mətbəx mebeli, mətbəx qaz sobası və moyka) mənzildə saxlanılmalı idi. xx.xx.2023-cü il tarixli Alqı-satqı və İpoteka müqaviləsinin 2.2-ci bəndində satıcının vəzifələri göstərilmişdir. Həmin Müqavilənin 2.2.1-ci bəndinə görə satıcı, alıcı-ipoteka qoyana faktiki təhvil veriləcək əmlaka dair yaranmış borcları ödəməli, 2.2.2-ci bəndə əsasən alıcı-ipoteka qoyana faktiki təhvil verilənədək ipoteka predmetinin məhv olması və təsadüfən zədələnməsi ilə bağlı məsuliyyət daşımalıdır. Bu baxımdan hesab edir ki, cavabdeh kombi istilik sisteminə görə ona 1200 manat, mətbəx mebelinə görə 1500 manat, mətbəx qaz sobasına görə 220 manat, moykaya görə 200 manat, kondisionerə görə 800 manat, kommunal xərclərə görə 538 manat, ümumilikdə 4458 manat məbləğində maddi ziyan vurmuşdur. Ona görə də cavabdehə qarşı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mübahisəli mənzil satılarkən iddiaçı ilə evdə qalan əşyalara dair heç bir razılaşmaları olmamışdır. Kondisioner, kombi istilik sisteminin aparatını evlərinə lazım olduğu üçün söküb aparmışdırlar. Çil-çıraq, mətbəx mebeli və mətbəxdəki qaz sobası gəlinlərinin cehizi idi. Qaz sobasını götürüb, yerinə başqasını qoymuşdurlar. Qabyuyulan rakvin mətbəx mebelinin içərisində olduğuna görə onu da çıxardıb, yerinə başqasını bağlamışdırlar. Kombinin radiatorlarının hamısı yerində bağlı vəziyyədə qalmışdır. Kombi aparatını kreditə götürmüşdülər. Borcunu hissə-hissə ödəyirdilər. Qarşı tərəfə kombinin kreditini ödəmək şərti ilə saxlanılması təklif edilmiş, lakin onlar razılaşmamışdırlar. İddiaçıya əşya deyil, ev satıb. İddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 xx.xx.2024-cü il tarixdə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddiaçının məqsədinin ondan pul qopartmaq olmasını nəzərə alaraq iddia tələbinin əsassız olduğuna görə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı onun mülkiyyətində olan mənzili almış və o, mənzili razılaşdırılmış qaydada boşaldaraq iddiaçıya təhvil vermişdir. Müqavilədə qeyd olunduğu kimi iddiaçı yalnız mənzili almış və ona məxsus ev əşyalarının da satılması barədə hər hansı razılaşma olmamışdır. Mənzil alqı-satqısı zamanı iddiaçı evin razılaşdırılmış dəyərindən 475 manat pulu saxlamış və o, ailə üzvləri ilə dediyi vaxtdan bir ay artıq bu mənzildə qaldığı üçün iddiaçı bir aylıq müddəti kirayə haqqı kimi hesablayaraq həmin borcdan 300 manat çıxmış və qalan 175 manat borcu ona qaytarmamışdır. İddiaçının dediklərinə görə onun "xxxx" ASC və "xxxx" ASC-yə ümumilikdə 538 manat borcu qalmış və onu ödəməmişdir. Bu yalandır. O, təşkilatlara olan borcunu tam olaraq ödəmişdir. İddiaçının sadaladığı əşyaları aparmasına dair heç bir razılaşma olmamışdır. Kondisioner öz əmlakı olmuş və onu aparmağı ona heç kim qadağan edə bilməz. Mətbəxdə tərəfindən hər hansı bir mebel quraşdırılmamış və orada köhnə ayrı alınan şkaflar olmuş. O, gedərkən su kranı və moykanı, qaz sobasını özü ilə aparmamışdır. Kombi sisteminə gəldikdə iddiaçı ilə bu barədə heç bir razılaşması olmadığını qeyd etmişdir. O, kombi aparatını aparmışdır. Kombinin radiatorlarını da aparmaq üçün iddiaçıya müraciət etdikdə, aralarında mübahisə yaranmışdır. Həmin radiatorları və iddiaçının borclu qaldığı 175 manat pulu ona qaytarmamışdır. Satılmış əşyaya heç bir ziyan vurmadan iddiaçıya təhvil vermişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən zaman Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mənzil onun mülkiyyətində olsa da, bacısının ailəsinin evi olmuşdur. Həmin mənzillə əlaqədar danışıqlar iddiaçı ilə bacısının həyat yoldaşı Cavabdeh2 arasında olmuşdur. O, iddiaçı ilə yalnız notariusda müqavilə imzalayarkən görüşmüşdür. Mənzillə əlaqədar danışıqlarda iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən zaman şahid X1 bildirmişdir ki, iddiaçı qardaşıdır. Qardaşına Cavabdeh2 satışa qoyduğu Sumqayıt şəhəri, 1-ci mikrorayon, 26/8B saylı ev, mənzil 24-ü alqı-satqı müqaviləsi ilə almışdırlar. Ev 110000 manata satılırdı. Onlar evi 105000 manata aldılar. Danışıq zamanı belə razılıq əldə edilmişdir ki, mənzildə olan mətbəx mebeli, kondisioner, mətbəxdə olan qaz sobası, qabyuyulan moyka, kombi aparatı mənzildə qalacaq. Məhkəmə iclasında iştirak edən zaman şahid X4 bildirmişdir ki, iddiaçı qardaşıdır. Qardaşı Sumqayıt şəhəri, 1-ci mikrorayon, 26/8B saylı ev, mənzil 24-ü alqı-satqı müqaviləsi ilə almışdır. Danışıq zamanı belə razılıq əldə edilmişdir ki, satıcılar köçdən sonra mənzildə olan mətbəx mebeli, kondisioner, mətbəxdə olan qaz sobası, qabyuyulan moyka, kombi aparatını aparmayacaqlar. Məhkəmə iclasında iştirak edən zaman şahid X3 bildirmişdir ki, cavabdeh Nizami qardaşı, cavabeh Mərdan isə həyat yoldaşıdır. Yaşadıqları Sumqayıt şəhəri, 1-ci mikrorayon, 26/8B saylı ev, mənzil 24-ü satmaq fikrində olmuşdurlar. İddiaçının bacıları evin satışı ilə əlaqədar danışığa gəlmişdilər. Evi 110000 manata satırdılar. Lakin onlar qiymətlə razılaşmadıqlarına görə onlarla 105000 manata evin satışına razılaşdılar. İddiaçı tərəf 500 manat beh vermişdir. Mətbəx mebeli gəlinin cehizi idi. Mebelin üstündəki qaz peçinin yerinə başqasını qoydular. Kombi aparatını kreditə götürmüşdülər. Qarşı tərəfə yerdə qalan borcunu ödəmək şərti ilə kombini verə biləcəklərini təklif eləmişdilər. Lakin onlar istəməmişdilər və tərəflərindən sökülüb aparılmasını demişdilər. Məhkəmə iclasında iştirak edən zaman şahid X2 bildirmişdir ki, Cavabdeh2 oğludur. Yaşadıqları mənzili satmaq qərarına gəlmişdilər. Evi satıb onun da ailəsi üçün ayrı ev alınmasını planlamışdılar. Mübahisəli mənzili 110000 manata satışa qoymuşdular. İddiaçının bacısı Güləndam xanım bacısı ilə ev almaq məqsədi ilə onlara gəlmişdir. Qoyulan qiymətə deyil, 105000 manata evin satılmasına razılaşılmışdırlar. Anası şahid Kamilə Hüseynova alıcı qadınlara kombinin kredit borcu olduğunu bildirmişdir. Onlar isə kombini istəməmişdirlər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan sm6519 saylı xx.xx.2023-cü il tarixli Alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11i tərəfindən verilmiş **********88-05101-093055 reyestr nömrəli, qeydiyyat nömrəsi **********, xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında satıcıya məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 62 m2 olan mənzil alıcı-ipoteka qoyan İddiaçı mülkiyyətinə verir. Mənzilin satış qiyməti 103000 (bir yüz üç min) manatdır. Mənzilin dəyərinin 36000 (otuz altı min) manatı kreditor-ipoteka saxlayan tərəfindən borcalan-alıcı-ipoteka qoyan arasında Sumqayıt şəhərində bağlanmış xx.xx.2023-cü il tarixli Kredit məhsulları üzrə Bank xidmətlərinin göstərilməsinə dair Ümumi şərtlər üzrə kredit verilməsinə dair Əsas şərtlər- Razılaşma №sm6515-ə əsasən kreditor-ipoteka saxlayan tərəfindən borcalana alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Əmlakın dəyərinin 67000 (altmış yeddi min) manat hissəsi alıcı İddiaçı tərəfindən ödənilir. Müqavilənin 2.2.1-ci bəndində göstərilir ki, satıcı alıcı-ipoteka qoyana faktiki təhvil veriləcək əmlaka dair yaranmış borcları ödəmək vəzifəsini daşıyır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11in Çıxarışdan görünür ki, ünvan 1 saylı daşınmaz əmlak tam mülkiyyət hüquqi ilə İddiaçı məxsusdur. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli qəbzindın görünür ki, İddiaçı Sumqayıt şəhəri, 1-ci mikrorayon, 26/8A saylı ev, mənzil 37-yə hüquqi xidmət göstərilməsi üçün 150 manat ödəniş etmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli qəbzindən görünür ki, İddiaçı Qubadlı Rayon Məhkəməsinə qiymətləndirilən iddiaların verilməsinə görə 50 manat rüsum ödəmişdir. Məhkəmə sorğusu əsasında “İri şəhərlərin X7 Xidməti” X11 Sumqayı şəhər Sukanal İdarəsinin xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilir ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, 26/8B saylı ev, mənzil 24 (kod **********240) ünvanında xx.xx.2024-cü il tarixədək 23168191 saylı mexaniki sayğac göstəricisi 19m3 olmaqla 226,72 manat borc təşkil etmişdir. Məhkəmə sorğusu əsasında "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilir ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, 26/8B saylı ev, mənzil 24 (**********00925) saylı kodla xx.xx.2000-ci il tarixdən Hüseynova K adı ilə abonent qeydiyyatındadır. Abonentin mənzilinə xx.xx.2008-ci ildə elektrik hesabat sayğacı quraşdırılaraq istismara verilib. xx.xx.2020-ci il tarixində mənzilin sayğacı PAUD-MP-106 tipli **********7 nömrəli “Smart-kart” sayğacı ilə əvəz edilib. xx.xx.2024-cü il tarixdən bu günə kimi mənzildə sərfiyyat qeydə alınmamışdır. Mənzilin sayğacı hər ay oxunur. Göstəricilər “0”-dır. Abonentin xx.xx.2008-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək Enerjitəchizatçı təşkilata borcu yoxdur. Məhkəmə sorğusu əsasında "xxxx" İB Sumqayıt QİS-nin xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, 26/8B saylı ev, mənzil 24 (kod **********10240) qaz təchizatına görə xx.xx.2024-cü il tarixinə borcu 51,5 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 14.2.4-cü maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 568.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Həmin Məcəllənin 646.1-ci maddəinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Həmin Məcəllənin 648.2-ci maddəsinə əsasən satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Həmin Məcəllənin 12.5-ci maddəsinə əsasən yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. Həmin Məcəllənin 13.1-ci maddəsinə əsasən yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri Həmin Məcəllənin 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Həmin Məcəllənin 13.3-cü maddəsinə əsasən bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən yaşayış evinin və ya mənzilin bilavasitə yaşamaq üçün nəzərdə tutulmuş ayrıca hissəsi otaq hesab edilir. Məhkəmə şahid ifadələrinin ziddiyyət təşkil etdiyinə və tərəflər arasında bağlanılmış qarışıq müqavilənin şərtinə görə (Satıcı alıcı-ipoteka qoyana faktiki təhvil veriləcək əmlaka dair yaranmış borcları ödəmək vəzifəsini daşıyır.) belə qənaətə gəlir ki, məhz Cavabdeh1 ilə iddiaçı arasında mənzil alq-satqısına dair qarışıq müqavilə (alqı-satqı və ipoteka müqaviləsi) bağlanıldığına və müqavilənin predmetini Sumqayıt şəhəri, 1-ci mikrorayon, 26/8B saylı ev, mənzil 24 olan daşınmaz əmlak təşkil etdiyinə görə iddiaçının mənzildə olmuş avadanlıqlara (kombi istilik sistemi, mətbəx mebeli, mətbəx qaz sobası, moyka, kondisioner) dair iddiası əsassızdır və iddianın təmin olunacaq hissəsində Cavabdeh1 məsuliyyətli hesab olunmalıdır. Məhkəmə sorğularına əsasən Sumqayıt şəhəri, 1-ci mikrorayon, 26/8B saylı ev, mənzil 24-ə dair xx.xx.2024-cü il tarixə qaz və su sərfiyyatlarına görə 51,5 manat və 226,72 manat, cəmi 278,22 manat borc olduğuna görə məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehin iddiaçıya vurduğu maddi ziyan olduğuna üçün cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 66-cı maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülki prosesdə vəkil kimi Azərbaycan Respublikasında müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər. İddiaçının təqdim etdiyi "xxxx" MMC-yə məxsus mədaxil qəbzi ciddi maliyyə blankı olmadığına və göstərilən xidmətə dair sənədlər əlavə edilmədiyinə, eyni zamanda Azərbaycan Respublikasının ərazisində hüquqi xidmət vəkillər tərəfindən göstərildiyinə görə məhkəmə hesab edir ki, iddia 150 manat hüquqi xidmətlərə dair hissədə təmin edilməməlidir. İddia qiyməti 1000 manatadək olduqda, dövlət rüsumu 30 manat olmalıdır. (“Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsi). Məhkəmə belə qənaətə gəlir ki, iddianın təmin edilən hissəsi 278,22 manat olduqundan, iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumunun 30 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu kimi ödənilmiş 20 manat iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2024-cü il tarixə olan 51,5 manat qaz sərfiyyatına görə olan borc və 226,72 manat su sərfiyyatına görə olan borc olmaqla cəmi 278,22 manat maddi zərər və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 20 manatı iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №2(028)-17/2025
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-17/2025
03.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver