Məhkəmə qərarları › İş №2(028)-216/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-216/2025

13.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-216/2025 13.08.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş 1445 manat ziyanın və ödənilmiş 36 manat dövlət rüsumunun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə üzrlü səbəbdən gələ bilmədiyinə görə onun iştirakı olmadan baxılaraq iddiasının təmin edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2024-cü il tarixdə 16:00da idarə etdiyi Vaz 2101 30 BE-314 dövlət qeydiyyat nişanlı avtomobil ilə Xudat-Qusar yolunda hərəkətdə olan zaman ara məsafəsi saxlamadığı üçün qarşıda olan iddiaçıya məxsus, oğlunun etibarnamə ilə idarə etdiyi “Toyota Prado” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomaşınını arxadan vurmuş, nəticədə ona xeyli ziyan dəymişdir. Baş vermiş inzibati xətaya görə cavabdeh inzibati məsuliyyətə cəlb edilmiş və inzibati qaydada cəzalandırılmışdır. Həmin hadisə nəticəsində ona ümumilikdə 1445 manat maddi ziyan dəymişdir. O, cavabdehə ziyanı könüllü olaraq ödəməsini dəfələrlə xahiş etsə də, bundan boyun qaçırır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən zaman cavabdeh iddiaçıya 1200 manat borclu olduğunu etiraf etmişdir. Həmin məbləğdən İddiaçı bir müddət öncə 100 manat vermişdir. Qəbzin şəklini çəkərək mobil telefon vasitəsilə iddiaçının oğluna göndərmişdir. Hazırda onda ödənişin təsdiqinə dair sənəd yoxdu. Qeyd edir ki, hadisədən sonra iddiaçının avtomobilini sonuncu ilə birlikdə ustaya aparmış, usta təmir xərclərinin 1200 manat olduğunu bildirmişdir. Hazırda məbləği birdəfəlik ödəməyə maddi imkanı yoxdur. Özü kirədə yaşayır. Hadisə Xudat şəhərində baş vermişdir. Hadisə vaxti “VAZ 21011” markalı avtomobili etibarnamə əsasında idarə etmişdir. Qayda pozuntusu etdiyinə görə Yol Polisi tərəfindən 500 manat məbləğində cərimə olunmuşdur və artıq cəriməni ödəmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, Xaçmaz Rayon Məhkəmsinin 3(067)-574/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən xx.xx.2003-cü ildə Xaçmaz şəhərində anadan olmuş Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinmiş və barəsində 500 manat cərimə növündə inzibati tənbeh təyin edilmişdir. Qərarda göstərilir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində sürücülük hüququ olmadan idarə etdiyi Vaz 2101 markalı **-BE-*** nömrəli nişanlı avtomobilə Xudat-Qusar yolunda ara məsafəsinə riayət etmədən **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuş, həmin avtomaşına maddi ziyan dəymişdir. xx.xx.2024-cü il tarixli Ziyan aktına əsasən İddiaçı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 600 manat ziyan vurulmuşdur. xx.xx.2024-cü il tarixli Nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair Smeta Aktına əsasən Toyota prado minik markalı avtomaşına dəymiş maddi ziyan 1445 manat civarındadır. xx.xx.2025-ci il tarixli qəbzinə əsasən Hacıyev X1 Rayon Məhkəməsinə qiymətləndirilən iddiaların verilməsinə görə 36 manat rüsum ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. - 1108.1.-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla(icarə hüququ ilə, nəqliyyət vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iş materiallarını araşdırıb və qanunun qeyd edilən normalarına əsasən belə qənaətə gəlir ki, məhkəmə iclasında iştirak edən zaman cavabdeh iddiaçıya 1200 manat məbləğində ziyan vurduğunu etiraf etmiş, həmin vaxt 100 manat ödəsə də, bu barədə rəsmi təsdiqləyici sənədin olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Samir Abdullayevdən 1200 manat tutularaq İddiaçıa ödənilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 %-i həcmində manat olmalıdır. (“Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 1200 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 36 manat dövlət rüsumunun 32 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu kimi ödənilmiş 4 manat iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. - 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. - 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1200 manat ziyan və 32 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 4 manatı iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMZİ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar