Məhkəmə qərarları › İş №2(028)-231/2023

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-231/2023

03.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-231/2023 03.05.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X8 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qubadlı Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh tutulan 170 manat məbləğində alimentin miqdarının artırılaraq, birgə nikahlarından olan 08 fevral 2017-ci il təvəllüdlü X5 və 24 fevral 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi ) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi iddiasını müdafiə edərək göstərdi ki, iddiaçı 29 aprel 2016-cı il tarixdə Cavabdeh ilə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından 2 övladları dünyaya gəlmişdir: 08 fevral 2017-ci il təvəllüdlü X5 və 24 fevral 2018-ci il təvəllüdlü X6. Qubadlı Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli qətnaməsi ilə aralarında 29 aprel 2016-cı il tarixdə bağlanmış rəsmi nikahları pozulmuş, birgə nikahlarından olan 08 fevral 2017-ci il təvəllüdlü X5 və 24 fevral 2018-ci il təvəllüdlü X2 iddiaçının yanında qalması və hər ay 170 (yüz yetmiş) manat olmaqla cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulması müəyyən edilmişdir. Hal-hazırda iddiaçı övladları ilə birlikdə kirayədə qalır. Aylıq 200 (iki yüz) manat məbləğində kirayə haqqı ödəyir. Maddi durumu ağırdır, bir tərəfdən kirayə haqqını ödəməkdə digər tərəfdən də uşaqların gündəlik ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Digər tərəfdən də hesab edir ki, bazar qiymətlərin artması, uşağın böyüməsi ilə əlaqədar olaraq onun xərclərinin artması kimi diqqətəlayiq hallar nəzərə alınmaqla alimentin məbləği dəyişdirilməli Cavabdeh tutulan 170 manat məbləğində alimentin miqdarının artırılaraq, birgə nikahlarından olan uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulması müəyyən edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə elmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. "Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası ‘‘Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşma çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki. uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərdi ki, o polis orqanlarında xidmət edir və aylıq maaşı 600-700 manat təşkil edir. Başqa gəlir mənbəyi yoxdur. O yığılmış aliment borclarına görə iddiaçıya 1080 manat ödəmiş, lakin həmin məbləği iddiaçı nəzərə almır. Bunu nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh və X7 arasında xx.xx.2016-cı il tarixdə Sumqayıt “ASAN xidmət mərkəzi” qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, nikahın pozulması ilə əlaqədar Zeynalov Cavabdeh 15 manat dövlət rüsumunun alınması, İddiaçı bu rüsumundan azad edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, xx.xx.2017-ci il tarixdə doğulmuş X5 və 2.4.02.2018 ci ıl tarixdə doğulmuş X1 İlahə Rəşid qızının yanında qalması, Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment xx.xx.2020-ci il tarixdən başlayaraq tutulub xx.xx.2017-ci il tarixdə doğulmuş X4in yetkinlik yaşına çatana kimi saxlanılması ücün və hər ay 170 (yüz yetmiş) manat, sabit pul məbləğində aliment xx.xx.2020-ci il tarixdən başlayaraq tutulub xx.xx.2018-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması ücün İddiaçı verilməsi, Cavabdeh hər ay 50 (əlli) manat miqdarda maddi yardım xx.xx.2020-cı il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixədək tutulub İddiaçı verilməsi və alimentə dair hissədə qətnamənin dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və manafelərinin mühafizəsi valideynlərinin əsas vəzifəsidir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.2.-ci maddəsinə əsasən, yaşayış minimumu-minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər . “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşıqa çatmayan uşaqlarla validenlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxarkən qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-ci il tarixli qərarın 8.7-ci bəndində göstərilir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin qərarın 8.13 bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddiaçı bir uşağının saxlanılması üçün cavabdehdən tutulacaq alimenti 220 manat məbləğində manat məbləğində tələb edir. Həmin məbləğ «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanuna uyğun olduğuna görə cavabdehdən bir uşağın saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməlidir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-ci il qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Qubadlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2017-ci il tarixdə doğulmuş X5 və xx.xx.2018-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində aliment qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar