Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-234/2023 03.05.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat pul və 70 (yetmiş) manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı iddianı müdafiə edərək göstərdi ki, o Cavabdeh "xxxx" MTK-da 2019-cu ildən işlədiyi gündən tanıyır və hal-hazırda da həmin Mənzil Tikinti Kooperativində işləyir. Cavabdeh "xxxx" MTK-nın komendantının müavini vəzifəsində işləyir, o isə həmin kooperativin təmir-tikinti işlərini icra edir. Bu müddət ərzində cavabdehlə işgüzar əlaqələri yaranmış və o, onun etibarını qazana bilmişdir. Cavabdeh keçən il yay aylarında ona birgə biznes qurmağı təklif etmişdi. O, ona birgə maddi vəsait hesabına lazımi mal-material almaq, həmin mal-material hesabına kooperativ üzvlərinin mənzillərini təmir etmək və bu xidmətdən əldə ediləcək qazancı bərabər bölməyi təklif etmişdi. O kooperativin iş mexanizminə və kooperativ üzvlərinin ehtiyaclarına, habelə onların imkanlarına yaxşı bələd olduğu üçün bu təklifi qəbul etmişdi. Bu məqsədlə Cavabdeh “Kapital Bank”-ın təqdim etdiyi 4169 7413 6128 1817 saylı VİSA kartına “eManat” terminalı vasitəsi ilə xx.xx.2022-ci il tarixində 1 000 (bir min) manat və yenə həmin gün eyni qäydada 4 000 (dörd min) manat pul ödəmişdi. Bir müddət sonra Cavabdeh biznes işinin nə yerdə olması, nə vaxt təmir-tikinti işlərinə başlayacaqları ilə maraqlananda, o ona narahat olmamağı məsləhət görmüşdü. O, bir dəfə işlərinin gecikməsinin səbəbi kimi onun tərəfindən törədilmiş avtoqəza ilə bağlı zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsi ilə bağlı olduğunu bildirmişdi. Sonuncu aylarda Cavabdehv ondan yayınmağa, telefon zənglərinə müxtəlif bəhanələrlə cavab verməməyə başlamışdı. O xx.xx.2022-ci il tarixdə respublikanın xəbər saytlarından məlumat almışdır ki, Cavabdeh kiməsə ağır xəsarət yetirmiş və onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Artıq başa düşmüşdü ki, Cavabdeh ilə biznes fəaliyyətləri iflasa uğramışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə, “fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.” Məcəllənin 425.1-ci maddəsinə əsasən, “öz hüquqlarım həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirilib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək, birgə biznes qurmaq adı ilə aldığı 5000 (beş min) manat pulu indiyə kimi ona qaytarmamışdır. Hesab edir etibarından sui-istifadə edərək əmlakı ələ keçirməklə bağlı Cavabdeh bu hərəkətləri ona birbaşa zərər vurulmasına gətirilib çıxaran təqsirli hüquqazidd əməldir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş,lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı istintaq təcridxanada olduğuna görə məhkəmə iclasına gəlməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Kapital Bankın VİZA kartının fotoşəkildən görünür ki, **********281817 nömrəsinin sahibi Cavabdehdur. İş materiallarında olan 4190 saylı xx.xx.2022-ci il tarixli eManat qəbzindən görünür ki, Kapital Bank kart nömrəsinə (kart nömrəsi 416974******1817) 1000 manat ödəniş edilmişdir.(********** əməliyyat nömrəsi) İş materiallarında olan 6194 saylı xx.xx.2022-ci il tarixli eManat qəbzindən görünür ki, Kapital Bank kart nömrəsinə (kart nömrəsi 416974******1817) 4000 manat ödəniş edilmişdir.(********** əməliyyat nömrəsi) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən cəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi ücün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üc min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında subutları qiymətləndirilərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat pul və 70 (yetmiş) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-234/2023
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-234/2023
03.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver