Məhkəmə qərarları › İş №2(028)-253/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-253/2025

09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-253/2025 09.07.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Mübariz oğlunun sədrliyi, Mustafayeva Aynurə Akif qızının katibliyi lə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 298,46 manat əsas borc, 96,44 manat faiz borcu, 212,13 manat cərimə borcu, cəmi 607,03 manat borcun, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 9079,8 manat əsas borc, 2270,22 manat faiz borcu, 951,84 manat cərimə borcu, cəmi 12301,86 manat borcun və ödənilmiş 128,73 manat dövlət rüsumunun tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəməyə ünvanlanmış ərizədə iddiaçının nümayəndəsi işə onların iştirakı olmadan baxılması və iddianın təmin edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh"xxxx" ASC ilə bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən illik 25 % olmaqla 48 ay müddətinə 300 manat məbləğində kredit və xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən illik 18,5 % olmaqla 36 ay müddətinə 9700 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. Cavabdehin xx.xx.2025-ci il tarixədək xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 298,46 manat əsas borc, 96,44 manat faiz borcu, 212,13 manat cərimə borcu və xx.xx.2024-cü il tarixədək cəmi 607,03 manat və xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 9079,8 manat əsas borc, 2270,22 manat faiz borcu, 3807,36 manat cərimə, cəmi 15157,38 manat borcu vardır. Onun xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 3807,36 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 951,84 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, o, Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə müəssisəsində olduğuna görə məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, xx.xx.2023-ci il tarixli "xxxx" ASC-nin Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlərə əsasən Cavabdeh bu razılaşmanı imzalamaqla X1raı ilə təstiqləmiş və bankın internet səhifəsində yerləşdirilmiş Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlərinin bütün müddəaları və tələbləri ilə razı olmuş və bu razılaşmanın imzalanması nəticəsində həmin standart şərtlərin gələcəkdə onunla bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etməmişdir. xx.xx.2023-cü il tarixli Razılaşmaya (Əlavə №1) əsasən "xxxx" ASC tərəfindən Cavabdeh 48 ay müddətinə illik 25% olmaq şərti ilə 300 manat kredit verilmişdir. "xxxx" ASC-nin MSM məktubundan görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə 9700 manat kredit 36 ay müddətinə illik 18,5% ödəmək şərti ilə **********60 saylı mobil nömrəsinə kredit təklifi göndərilmişdir. İş materiallarına əlavə edilmiş videogörüntüyə əsasən Cavabdeh "xxxx" ASC-dən 36 ay müddətinə 9700 manat kredit götürdüyünü təsdiq edir. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixli müqaviləsi üzrə 298,46 manat əsas borc, 96,44 manat faiz borcu, 212,13 manat cərimə borcu, cəmi 607,03 manat borcu və xx.xx.2023-cü il tarixli müqaviləsi üzrə 9079,8 manat əsas borc, 2270,22 manat faiz borcu, 3807,36 manat cərimə, cəmi 15157,38 manat borcu var. "xxxx" ASC cavabdehə xəbərdarlıq məktubu göndərmişdir. Məktubda borcun ödənilməsinin təmin edilməsi göstərilmişdir. Əks təqdirdə bağlanılmış kredit müqaviləsinin ləğv edilməsi və borcunun məcburi ödənilməsi üçün bank tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət ediləcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə iştirakcılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs(borclu) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qusurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan kredit məbləğini cavabdehə vermiş, lakin cavabdeh krediti hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Ona görə də iddiaçının xx.xx.2023-cü il tarixli kredit müqavilələri üzrə borcun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 212,13 manat və 951,84 manat məbləğində cərimənin tutulması tələb olunur. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, cərimə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 12 manat və 51 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddianın qiyməti 10000 manatdan 100000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizihəcmində manat olmalıdır. (“Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 11807,92 manat olduğundan (298,46 manat əsas + 96,44 manat faiz + 12 manat cərimə; 9079,8 manat əsasə + 2270,22 manat faiz + 51 manat cərimə) iddiaçı tərəfindən ödənilmiş 128,73 manat dövlət rüsumunun 125,42 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu kimi ödənilmiş 3,31 manat iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 298,46 manat əsas borc, 96,44 manat faiz borcu, 12 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 9079,8 manat əsas borc, 2270,22 manat faiz borcu, 51 manat cərimə borcu, cəmi 11807,92 manat borc və ödənilmiş 125,42 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 3,31 manat hissəsi iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar