Məhkəmə qərarları › İş №2(028)-254/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-254/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-254/2021 22.07.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi X2 Cavabdeh oğlunun iştirakları ilə İddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması və müqaviləni ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" BOKT MMC ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 30.12.2019-cü il tarixli SUMG1-6247-2427 saylı kredit (restrukturizasiya) müqaviləsinə xitam verilməsi, Cavabdeh "xxxx" BOKT MMCnin xeyrinə 3386,40 manat məbləğində əsas borcu, 18,54 manat məbləğində faiz borcu, cəmi 3404,94 (üç min dörd yüz dörd, 94) manat və ödənilmiş 30 manat dövlət rüsumu tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi bildirdi ki, Cavabdeh ilə "xxxx" BOKT MMC arasında bağlanmış 30.12.2019-cu il tarixli SUMG1-6247-2427 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən borclunun vaxtı keçmiş əsas kredit borcunu ödəməsi məqsədi ilə 60 ay müddətinə illik faiz dərəcəsi 1 % olmaqla 3392,54 (üç min üç yüz doxsan iki,54) manat məbləğində kredit götürmüşdür. Tərəflər arasında imzalanmış ödəniş qrafiki ilə kreditin qaytarılması günləri və annuitet məbləği müəyyən olunmuşdur. Borclu ödəniş qrafikinə əsasən ilk 12 ay ərzində hər ay 3 manat, növbəti 48 ay ərzində hər ay 72,10 manat ödəniş etməli idi. Hazırda cavabdeh ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. 22 aprel 2021-ci il tarixədək cavabdehin banka 3386,40 manat məbləğində əsas borcu,18,54 manat məbləğində faiz borcu, cəmi 3404,94 (üç min dörd yüz dörd,94) manat borcu var. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınır. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən müqavilə üzrə öhdəliklərin pozulması hallarında kredit verən birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə geri ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443-cü maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddianı qəbul etmədi və göstərdi ki, bankdan aldığı pulu o, başqa adama vermiş və banka olan borcu həmin şəxs qaytarmalıdır. Əlavə olaraq göstərdi ki, o, işləmir və borcun qaytarılmasına onun imkanı yoxdur. Bunu nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə "xxxx" BOKT MMC arasında bağlanmış 30.12.2019-cu il tarixli SUMG1-6247-2427 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən cavabdeh borclunun vaxtı keçmiş əsas kredit borcunu ödəməsi məqsədi ilə 60 ay müddətinə illik faiz dərəcəsi 1 % olmaqla 3392,54 (üç min üç yüz doxsan iki,54) manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsinin tələblərini pozaraq kredit müqaviləsi üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən müqavilə üzrə öhdəliklərin pozulması hallarında kredit verən birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə geri ödənilməsini tələb edə bilər. İş materiallarında olan maliyyə arayışdan görünür ki, 22 aprel 2021-ci il tarixədək cavabdehin banka cəmi 3404,94 (üç min dörd yüz dörd,94) manat borcu var. İş materiallarından görünür ki, "xxxx" BOKT MMC kredit alana xəbərdarlıq göndərmişdir. Xəbərdarlıqda göstərilir ki, borc öhdəliyi icra edilmədiyi halda qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəkdir. Azərbaycan Respublikası MM-in 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə iştirakcılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs(borclu) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qusurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-in 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MM-nin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəlləsinin 423-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 30.12.2019-cu il tarixli SUMG1-6247-2427 saylı kredit (restrukturizasiya) müqaviləsinə xitam verilsin. Cavabdeh "xxxx" BOKT MMC-nin xeyrinə 3386,40 manat məbləğində əsas borc, 18,54 manat məbləğində faiz borcu, cəmi 3404,94 (üç min dörd yüz dörd,94) manat və ödənilmiş 30 manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar