Məhkəmə qərarları › İş №2(028)-257/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-257/2025

14.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-257/2025 14.07.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11418 manat əsas borc, 1142 manat əldən çıxmış fayda olmaqla, cəmi 12570 manat pulun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, cavabdehdən 11418 manat pulun alınaraq xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 2006 - 2017-ci illərdə Nərimanov rayon S.G.Pişəvəri adına "X2"nda eyni sinifdə oxumuşdur. Aralarında yaxın dostluq münasibəti yaranmışdır. 2023-cü ilin əvvəllərində Toğrul iddiaçıya bildirdi ki, ana və atası uzun illərdir ki, "ayaqqabı satışı" biznesi ilə məşğul olublar, hal-hazırda da həmin işi o davam etdirir. Dəfələrlə bu işin gəlirli olduğunu bildirərək iddiaçının da 15000 manat pul ilə bu isə qoşulmasını təklif etmişdir. Həmin vaxtlar o, "xxxx" ACS-dən götürdüyü kreditlə nağd formada aldığı "Tayota" markalı maşınının kreditini ödəyirdi. Toğrulun israrlı təklifindən sonra həvəslənib 2023 - cü ilin iyun ayında özünə məxsus olan və kreditini ödəyib bitirmədiyi maşınını satıb, Nərimanov rayonunda yerləşən Toğrula məxsus ayaqqabı mağazasında xx.xx.2023-cü ildə 8550 manat, xx.xx.2023-cü ildə 1000 manat, toplam 9550 manat Toğrula pul verərək onun ilə "Ayaqqabı satışı" biznesinə başlamışdır. 2023-cü ilin avqust ayında Toğrul ona yenidən mağazaya payız mövsümünə aid ayaqqabılar gətirmək üçün pul tapmağı bildirdi. Buna görə də iddiaçının anası 2023-cü ilin avqust ayının əvvəllərində "xxxx" ASC-dən 2000 manat kredit götürüb xx.xx.2023-cü ildə Toğrula verdi. Ümumilikdə Toğrula 11750 manat pul vermişdir. Onun 100 manatını Toğrulun toyuna nəmər kimi yazdırmışdır. Toğrulun ona verəcəyi borc pul 11650 manat olmuşdu. Toğrul ilə işə başladığı müddətdən 2 ay keçməmiş o, iddiaçı ilə yerli-yersiz mübahisələrə başladı və avqust ayının ortalarında isə onunla işləmək istəmədiyini bildirərək mağazanı tərk etməsini istədi. İddiaçının bu işə qoyduğu 11650 manat pulu isə bir ay müddətində geri qaytaracağını bildirdi. Maşınının kredit borcu ilə yanaşı, Toğrula bankdan götürüb verdiyi pula 25% əlavə olaraq pul ödəyir. Bu da iddaçıya çox çətinlik törədir. Çünki heç yerdə işləmir, valideynləri təqaüdçüdürlər. Bank kreditlərini valideynlərinin aldıqları təqaüd hesabına ödəyir. Sonralar məlum olmuşdur ki, Toğrul Sədərək bazarından borc hesabına götürdüyü malların guya xaricdən gətirdiyini söyləyərək, onuaçıq-aydın aldatmışdır. İddiaçı bu işdən heç bir qazanc əldə etmədiyi halda 2023-cü ilin iyun ayından "xxxx" ASC və "xxxx" ASCdən götürüb Toğrula verdiyi pulların kredit borclarını ödəyir. Toğrul dolayı yolla 11650 manat pulu onu aldadaraq ələ keçirmişdir. Cavabdehdən 2023-cü ilin avqust ayının ortalarında pulunu geri istəyəndə, o, bildirdi ki, ən geci bir ay müddətində pulu tam şəkildə geri qaytaracaq. Lakin bir müddət sonra sentyabr ayında özünün toyu olacağını və toydan sonra ona olan borcunu ödəyəcəyini söylədi. Sentyabr ayında toy oldu, lakin toydan sonra da Toğrul borcunu qaytarmadı. Sonra yeni bir yalan və bəhanələr uyduraraq, atasının satdığı balın pulunu alıb, borcu ödəyəcəyinə söz verdi. Daha sonra qaynanasının onlara cehiz pulu verəcəklərini və bununla ona olan borclarını ödəyəcəyini dedi. 2023-cü ilin oktyabr ayında verdiyi söz 2024-cü ilin mart ayınadək müxtəlif bəhanələr və yalanlarla davam etmişdi. Bu müddət ərzində iddiaçı dəfələrlə Toğrulun anasına, atasına, özünə zəng edərək, həmçinin görüşərək borcu ödəmələrini israrla tələb etmişdir. Çox mübahisələrdən, qan qaraldıcı danışıqlardan sonra 2024-cü ilin mart ayından başlayaraq həmin ilin oktyabr ayınadək Toğrul ona ayda 200-300 manat pul ödəyərək, ümumilikdə 3145 manat borcunu qaytarmışdır. Toğrulun onu aldadaraq dolayı yolla ondan aldığı 11650 manat pul, banka ödədiyi əlavə faizlə birlikdə 14563 manat təşkil edir. Toğrul ona 3145 manat qaytardığı borc puldan sonra 11418 manat ona olan borcunu bu günə kimi müxtəlif bəhanələrlə ödəməkdən boyun qaçırır. İddiaçının atası da cavabdehin atasına borcun ödəməsini tələb etmək üçün telefon zəngi etmişdir. Toğrulun atası - Tacəddin borcu ödəmək əvəzinə, yeni bir yalan və bəhanələr gətirərək bildirmişdir ki, guya kiminsə ona 250000 manat borcu vardır, hətta bu məsələ haqqında Tacəddinin xeyrinə məhkəmə qərarı da mövcuddur. Tacəddin iddiaçının atasına 2024-cü ilin sentyabr ayının 15-dən sonra mütləq ona olan borcunu iki dəfəyə tam şəkildə ödəyəcəyini bildirmişdir. Lakin bu günə kimi borc ödənilməmiş qalmışdır. Bundan sonra iddiaçı məcbur olub şikayət ərizəsi ilə Bakı şəhəri, Nərimanov PRİ-nin 17ci PŞ-ya müraciət etmişdir. Polis şöbəsində araşdırma zamanı cavabdeh izahat verərək borcunu etiraf etmişdir. Həmçinin polis şöbəsindən iddiaçıya rəsmi cavab yazılaraq işin mülki xarakter daşıdığının nəzərə alınaraq, məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qəbul edərək, təmin edilməsinə etiraz etmədi. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, Audio səs yazılarına əsasən Abbasov X1 Elnur İlham oğluna borcunun olmasını etiraf edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, məhkəmə prosesində iştirak edən zaman cavabdeh borc məbləğini səmimi etiraf etdiyinə görə ondan 11418 manat borc tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. - 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 11418 manat əsas borc tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar