Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-265/2021 16.06.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi İddiaçı BOKT ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı kredit borcu üzrə əldən çıxmış faydanın tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı BOKT ASC-yə vurulmuş zərərin əvəzi olaraq 589,85 ABŞ dolları pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi iddianı müdafiə edərək göstərdi ki, Qubadlı Rayon Məhkəməsinin 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə 17073,18 ABŞ dolları əsas borcu, 594,34 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə, cəmi 17767,52 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır.Cavabdeh hal-hazıra qədər həmin qətnaməni icra etməmişdir. Bu səbəbə görə iddiaçı həmin vəsaitləri təkrar dövriyəyə qaytara bilməmiş və gəlir əldə etmək imkanından məhrum olmuşdur. Eyni zamanda həmin kreditə görə ödəniləcək faizləridə hesabladıqda bu məbləğ iki qat artır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3,399.4,445 və 449-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair qərarında da kreditorun əldən çıxmış faydanı tələb etmək hüququ təsdiq edilir.Həmin qərarın 2-ci hissəsində göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır Həmin qərarın 3-cü hissəsində göstərilir ki, kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Cavabdehin 17073,18 ABŞ dolları borcu mövcuddur. Həmin vəsaitin təkrar kreditləşdirməyə yönəldiləciyi halda əldə edəcəkləri gəlirlər əldən çıxmış və cəmiyyətə zərər vurulmuşdur. Odur ki, 30.10.2019-cu il tarixdən başlayaraq Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə uyğun olaraq 17073,18 ABŞ dolları vəsaitə hesablanmış 589,85 ABŞ dolları məbləğində pulun cavabdehdən vurulmuş zərərin əvəzi olaraq tutulmasına zərurət yaranmışdır. Göstərilənləri nəzərə alaraq iddianı təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məlum olan axırıncı ünvanına məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin ünvan düzgün olmadığına görə məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Bu barədə «Poçt haqqında» Azərbaycan Respublikasının qanununa uyğun olaraq «Azərpoçt» tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsini rəhbər tutaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 18 fevral 2020-ci il tarixli qətnamədən görünür ki, Qubadlı Rayon Məhkəməsinin 30 oktyabr 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdir. Qubadlı Rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə 17073,18 ABŞ dolları əsas borcu, 594,34 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə, cəmi 17767,52 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır.Tutma ipoteka ilə yüklü edilmiş X1 məxsus Sumqayıt şəhəri, 5-ci mikrorayon 138/23.10 ünvanında 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməli, ipoteka predmeti 36000 manata qiymətləndirilmiş, həmin əmlak hərracda satılmalı, əldə edilmiş pul vəsaiti hesabına Cavabdeh İddiaçı BOKT ASÇ-yə olan borcu ödənilməli və həmin qeyri-yaşayış sahəsi boşaldılmalıdır. Azərbaycan Respublikası MM-in 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Azərbaycan Respublikası MM-in 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası MM-in 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Qubadlı Rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə cəmi 17767,52 ABŞ dolları tutulmalı və tutma ipoteka ilə yüklü edilmiş X1 məxsus Sumqayıt şəhəri, 5-ci mikrorayon 138/23.10 ünvanında 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməli idi.Belə olan halda qeyd olunmuş qeyri-yaşayış sahəsi Cavabdeh İddiaçı BOKT ASC qarşısında pul öhdəliyinin icrasının təmin edilməsi üsuludur və həmin qeyri-yaşayış sahəsinin satışı “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilməli idi. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217-cı maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia rədd edilsin. Cavabdeh İddiaçı BOKT ASC-yə vurulmuş zərərin əvəzi olaraq 589,85 ABŞ dolları pulun tutulması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-265/2021
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-265/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver