Məhkəmə qərarları › İş №2(028)-277/2022

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-277/2022

15.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-277/2022 15.07.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X4 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin dəyişdirilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişdirərək Cavabdeh hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində alimentin və mediasiya üçün ödədiyi xərcinin yarısı olaraq 25 manat rüsumun tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəməyə ünvanlanmış ərizədə iddiaçı göstərmişdir ki, cavabdehlə 2011-ci ildə rəsmi nikah bağlamışdır. Birgə nikahdan iki övladları var. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment xx.xx.2020-ci il tarixdən başlayaraq tutulub xx.xx.2013-cü il tarixdə doğulmuş X3 və hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment xx.xx.2020-ci il tarixdən başlayaraq tutulub xx.xx.2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməli idi.Cavabdeh həmin qətnamədən şikayət vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehdən bir uşağın saxlanması üçün 150 manat miqdarında aliment müəyyən olunmuşdur. Hal-hazırda uşaqları saxlamaqda çətinlik çəkir, çünki uşaqlarının tələbatları artır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Problemin həlli ilə bağlı cavabdehə mediator vasitəsi ilə nizama salınması təklif olunsa da, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. O, ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək göstərdi ki, bundan sonra işlə əlaqədar olaraq o, məhkəməyə gələ bilməz və bu səbəbə görə işin mahiyyəti üzrə baxılmasını tələb etdir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli qətnaməsi ilə Qubadlı Rayon Məhkəməsinin 16 iyun 2020-ci tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı -170 manat dəyişdirilmiş və bir uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən 150 manat miqdarında aliment tutulması müəyyən edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdi. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və manafelərinin mühafizəsi valideynlərinin əsas vəzifəsidir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.2.-ci maddəsinə əsasən, yaşayış minimumu-minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər . Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddiaçı bir uşağının saxlanılması üçün cavabdehdən tutulacaq alimenti 193 manat məbləğində tələb edir. Məhkəmə hesab edir ki, cavabdehdən bir uşağın saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməlidir. Məhkəmə qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi 04 noyabr 2020-ci il tarixli qətnaməsi ilə uşağın saxlanması üçün ödənilməli olan aliment məbləğinin davamlı olmasının təmin edilməsi, həm uşağın, həm də uşağın valideynlərinin mənafeləri arasında balansın təmin edilməsinin zəruriliyini nəzərə alaraq Qubadlı Rayon Məhkəməsinin 16 iyun 2020-ci tarixli qətnaməsi ilə tutulmalı olan alimentin məbləğini azaltmışdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqlarla validenlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxarkən qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarın 8.13 bəndində göstərilir ki,alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-ci il tarixli qərarında qeyd olunmuşdur ki, ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olubolmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişdirərək Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment xx.xx.2013-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün və hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment xx.xx.2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq və mediasiya üçün ödədiyi xərcinin yarısı olaraq 25 manat tutulub İddiaçı ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar