Məhkəmə qərarları › İş №2(028)-289/2025

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-289/2025

24.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-289/2025 24.04.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən övladlarının yetkinlik yaşına çatanadək saxlanmalarıı üçün 246 manat alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehdən Qubadlı Rayon Məhkəməsinin 2(028)- 299/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılması tələbini qeyd etmiş, bu zaman əsas olaraq ölkə üzrə yaşayış minimumunun artımına əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarında qeyd edilmişdir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir (8.4.3-cü bənd). Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə onu da qeyd edir ki, iddiaçı övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin indeksasiyası (artırılması) üçün icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 153-cü və 263-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin. İddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinə müvafiq olaraq “alimentin indeksasiyası” ilə əlaqədar olaraq icraya nəzarət edən aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar