Məhkəmə qərarları › İş №2(028)-310/2021

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-310/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-310/2021 24.05.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinov İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə iddia rəizəsini nəzərdən keçirib, müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qubadlı Rayon Məhkəməsinin 22.10.2020-ci il tarixli, 2(028)-378/2020 saylı qətnaməsinə əsasən 16190,98 manat məbləğində kredit borcu üzrə tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Surxay Cabbarov küçəsində yerləşən 2 saylı evin 21 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunmuş vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılaraq ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş materialları nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçı LPO İddiaçı ASC-nin iddia ərizəsini qəbul etməkdən imtina edilməli və sənədlər geri qaytarılmalıdır. Belə ki, Qubadlı Rayon Məhkəməsinin 22.10.2020-ci il tarixli, 2(028)-378/2020 saylı qətnaməsinə əsasən Cavabdeh1 05.09.2014-cü il tarixli, 106.LN.2004.050914.00001 saylı kredit müqaviləsi üzrə 13659,88 manat əsas, 100 manat cərimə, 2031,10 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu, cəmi 15790,98 manat borcun və 30,40 manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 10.02.2021-ci tarixli, 2(105)-698/2021 saylı qətnaməsi ilə İddiaçı ASC-nin apelyasiya şikayəti qismən təmin edilərək Qubadlı Rayon Məhkəməsinin 22.10.2020-ci il tarixli, 2(028)-378/2020 saylı qətnaməsi cərimə məbləğinin tutulması hissəsində dəyişdirilərək Cavabdeh1 500 manat məbləğində cərimə borcunun iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Göründüyü kimi 05.09.2014-cü il tarixli, 106.LN.2004.050914.00001 saylı kredit müqaviləsi üzrə artıq məhkəmə qətnamələri qəbul edilmiş və qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Belə olduğu halda iddiaçı tərəf borcun cavabdehdən tələb edilməsinin icra mərhələsində icra orqanlarına müvafiq vəsatətlə mürciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası İcra Haqqında Qanunun 28.2-ci maddəsinə əsasən icraatda tərəflər tələbkar və borcludur.Həmin Qanunun 28.3-cü maddəsinə əsasən xeyrinə və ya maraqlarına uyğun olan icra sənədi verilmiş fiziki və ya hüquqi şəxs tələbkar sayılır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmin Qanunun 43-cü maddəsinə əsasən 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləri hesab edilir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası İcra Haqqında Qanunun maddələrini nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 153-cü və 263-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia əizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar