Məhkəmə qərarları › İş №2(028)-323/2022

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-323/2022

25.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-323/2022 25.08.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X18 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi X6 iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından xx.xx.2008-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qubadlı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(28)-46/2010 nömrəli qətnaməsinə əsasən təyin edilmiş Cavabdeh onun xeyrinə hər ay tutulan 100 manat sabit pul məbləğində aliment məbləğinin artırılaraq hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, Qubadlı Rayon Məhkəməsinin 29 iyul 2010-cu il tarixli 2(28)-46/2010 nömrəli qətnaməsi ilə onunla Cavabdeh arasında 14 fevral 2009-cu il tarixdə bağlanmış nikah qeydinin pozulması, cavabdehlə birgə nikahlarından 24 dekabr 2008-ci il tarixdə anadan olmuş X7 boşanmadan sonra onun yanında saxlanılması və həmin uşağın yetkinlik yaşma çatanadək saxlanılması üçün cavabdehdən hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir.Cavabdehlə nikahdan doğulmuş həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə aliment təyin edəndə qızı Xədicənin heç iki yaşı tamam olmamışdı və o vaxtlar onun saxlanılması xərcləri də çox deyildi.Onun yanında və himayəsində olan qızı Xədicənin hal-hazırda 13 yaşı vardır və o, orta məktəbdə oxuyur. Uşağın saxlanılması yəni, qidalanması, geyimi, təhsili, istirahəti və s. üçün tələb edilən xərclər əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə çoxalmışdır və gündən-günə artmaqda davam edir.Özü heç bir yerdə işləməsə də, bir ana kimi övladının ehtiyaclarının ödənilməsi və normal təhsil alması üçün əlindən gələni edir. Ancaq nə cavabdehin 2010-cu ildən ödədiyi ayda 100 (bir yüz) manat alimentin miqdarı, nə də onun səyi qızı Xədicənin saxlanılması üçün zəruri olan artan xərclərinin ödənilməsinə kifayət etmir və bu məbləğ hazırda çox azdır. Bundan başqa alimentin təyin edildiyi 2010-cu ildən indiyədək olan müddətdə uşaqların saxlanılması üçün Qanunla müəyyən edilmiş yaşayış minimumun məbləği hər il artırılsa da, o, alimentin məbləğinin artırılması barədə indiyədək məhkəməyə heç vaxt müraciət etməmişdir.Lakin ailə qanunvericiliyinin tələbinə görə cavabdeh də valideyn olaraq 13 yaşlı övladının qayğısına qalmağa, ona baxmağa, onun təhsili ilə bağlı və digər ehtiyaclarının həllinə maddi cəhətdən köməklik göstərməyə borcludur.Məhkəmənin təyin etdiyi aliment isə hal-hazırkı tələblərə artıq cavab vermədiyinə görə onun artırılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 34.4-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsində müəyyən edilmişdir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişkən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində bildirilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə və “Uşaq hüquqları haqqında” BMT konvensiyasının (12 noyabr 1989-cu il tarixdə qəbul edilmişdir) 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərtilə maddi təminat hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Fikrincə alimentin məbləği ən azından Azərbaycan Respublikasında qüvvədə olan yaşayış minimumu normasına uyğun gəlməlidir.Cavabdehlə aralarında həmin uşağın yetkinlik yaşma çatanadək saxlanılması üçün təyin edilmiş alimentin məbəğinin artırılması barədə saziş yoxdur.Cavabdeh polis orqanlarında işləyir və onun qazancı sabitdir. Uşağın tələbatlarının getdikcə artmasını, onun ən azı minimum yaşayış səviyyəsində təminatının saxlanılmasının gərəkliyini nəzərə alaraq hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanlıması üçün cavabdehdən onun xeyrinə tutulan sabit pul məbləğində alimentin məbləği artırılaraq, 2022-ci il üzrə uşaqlar üçün müəyyən edilmiş minimum həddə yəni, 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinin tələbinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Qanunun bu tələbinə əməl edərək, mediasiya təşkilatına müraciət etsə də, cavabdeh ilkin mediasiya sessiyasına gəlmədiyinə görə mübahisənin mediasiyada barışıq yolu ilə həlli mümkün olmamış və bu barədə Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən ona “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 16 may 2022ci il tarixli MSB/3-00942 nömrəli arayış verilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsində müəyyən edilmişdir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.3-cü maddəsinə görə isə alimentin alınması haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər.Qeyd edir ki, onun rəsmi qeydə alındığı yer Qubadlı rayonudur. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh vəkili və nümayəndəsi X11 iddia ərizəsinə etiraz təqdim edərək göstərdi ki, cavabdeh dövlət qulluqçusu olmaqla polis orqanlarında xidmət edir və aylıq maaşı 600-700 manat təşkil edir. Başqa gəlir mənbəyi yoxdur.Nikahları pozulduqdan sonra həm iddiaçı, həm cavabdeh başqa ailə qurmuşlar.Yeni nikahda cavabdehin 3 uşağı var.Alimentin məbləğini müəyyən edərkən bu hall nəzərə alınmalıdır.İddiaçının bir uşaq üçün cavabdehdən tələb etdiyi alimentin məbləği cavabdehin əmək haqqısının 1/3 hissəsini təşkil edir.Belə olan halda cavabdehin 5 nəfərdən ibarət yeni ailə üzvlərinə düşən məbləğ 400-450 manat təşkil edir, yəni hər bir nəfərinə cəmi 80 manat düşür.Bunu nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin vəkili və nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 2(28)-46/2010 saylı xx.xx.2010-cu il tarixli qətnaməsinin kserosurətindən görünür ki, Cavabdeh ilə X5 arasında Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində bağlanmış xx.xx.2009-cu il tarixli 84 nömrəli nikahın pozulması, xx.xx.2008-ci il tarixdə anadan olmuş X8 anası X1 yanında saxlanılması və X14 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 100 (yüz) manat alimentin tutularaq X2 verilməsi qət edilmişdir. İş materiallarında olan Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Cavabdeh və X4 nikahları xx.xx.2011-ci il tarixdə ləğv edilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 17 № ilə qeyd edilmişdir. Nikah ləğv edildikdən sonra qadına “İsmayılova” soyadı verilmişdir. İş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X14 xx.xx.2008-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X3r. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X19 və X5 xx.xx.2018-ci il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1954 №-ilə qeyd edilmişdir. İş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Cavabdeh və X12 xx.xx.2012ci il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 68 №-ilə qeyd edilmişdir. İş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X13 xx.xx.2014-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X9r. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X15 xx.xx.2015-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X9r. İş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X16 xx.xx.2021-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X9r. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir.İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və manafelərinin mühafizəsi valideynlərinin əsas vəzifəsidir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.2.-ci maddəsinə əsasən, yaşayış minimumu-minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər . “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşıqa çatmayan uşaqlarla validenlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxarkən qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-ci il tarixli qərarın 8.7-ci bəndində göstərilir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin qərarın 8.13 bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmədə müəyyən olunub ki, cavabdehin ailə vəziyyətində dəyişiklik olmuş, o, 2-ci dəfə ailə qurub və həmin nikahdan onun 3 yetkinlik yaşına çatmayan uşağı var. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdehin aliment ödədiyi digər uşaqları yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.İddiaçı bir uşağının saxlanılması üçün cavabdehdən tutulacaq alimenti 193 manat məbləğində tələb edir. Məhkəmə cavabdehin 2-ci dəfə ailə qurmasını və həmin nikahdan onun 3 yetkinlik yaşına çatmayan uşaqlarının olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən uşağın saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməlidir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-ci il qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Qubadlı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2008-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub İddiaçı ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar