Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-335/2024 21.08.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdə 4000 manat əsas borc , 250 manat paltarların dəyəri, 85 manat hüquqi xidmətlərə görə və dövlər rüsumu olaraq ödədiyi 65 manat, cəmi 4400 (dörd min dörd yüz) manat pulun tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki ,o, Sumqayıt şəhərinin Karvan ticarət mərkəzində paltar ticarəti ilə məşğuldur. Cavabdeh onun çoxdankı tanışıdır. Mehriban ondan nisyə mal alırdı və sonra borcunu hissə-hissə qaytarırdı. Aralarında etimat yaranmışdı. Cavabdeh bu etimatdan istifadə edib onu aldatmışdır. Belə ki, cavabdeh 2023cü ilin sentyabr ayında ondan 250 manat dəyərində uşaq paltarlarını nisyə almış, lakin pulu qaytarmamışdır. Bundan başqa xx.xx.2024-cü il tarixdə ondan 3000 manat, 21 yanvarda 900 manat, xx.xx.2024-cü il tarixdə isə 100 manat pul almış və xx.xx.2024-cü il tarixdə qaytaracağını bildirmişdir. Lakin aylar keçsə də, borcu qaytarmamışdır. Cavabdeh onu inandırma üçün şəxsiyyət vəsiqəsini də ona vermişdir. Onun şəxsiyyət vəsiqəsini götürmək istəmirdi, lakin cavabdeh təkidlə şəxsiyyət vəsiqəsini yanında qoyub getmiş və vicdanlı adam olmasına onu inandırmağa çalışmışdı. Lakin vaxt bitməsinə baxmayaraq, cavabdeh gəlməmişdi. Onu axtarıb tapdıqdan sonra müxtəlif bəhanələr gətirib pulunu qaytarmamışdı. Polisə müraciət etməli olmuşdu. Sumqayıt şəhər 4-cü Polis Bölməsində araşdırma aparılmışdı və cavabdeh izahatında ona borclu olduğunu tam etiraf etmişdi. Onun şəxsiyyət vəsiqəsini polisə vermişdi. Polis mübahisənin mülki xarakterli olduğunu bildirib məhkəməyə müraciət etməsini məsləhət etmişdi. Hazırda cavabdehdən pulun məhkəmə qaydasında alınması zərurəti yaranmışdır. Məhkəməyə müraciət etmək üçün sənədlərin toplanmasına, hazırlanmasına və hüquqi xidmət göstərilməsinə görə "X2" MMC-yə müraciət etmiş, 85 manat hüquqi xidmət haqqı və dövlət rüsumu olaraq 65 manat ödəmişdir. Hesab edir ki, həmin məbləğlər də cavabdehdən tutulub ona qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh Sumqayıt ŞPİ-nin 4-cü PB-də xx.xx.2024-cü il tarixdə verdiyi izahatında göstərilir ki, şəxsi işi ilə əlaqədar olaraq İddiaçı faizə 2000 manat pul götürmüşdür. Ödəniş edə bilmədiyindən 2000 manata faiz gəlib 4000 manat olmuşdur. Bundan əlavə olaraq ondan 240 manat dəyərində uşaq paltarı almışdır. Qeyd edilən borcu yaxın müddətdə ödəyəcəkdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli qəbzindən görünür ki, İddiaçı qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 65 manat Qubadlı Rayon Məhkəməsinin büdcəsinə ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən cəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin içrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 66-cı maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülki prosesdə vəkil kimi Azərbaycan Respublikasında müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər. İddiaçının təqdim etdiyi “X2” MMC-yə məxsus mədaxil qəbzi ciddi maliyyə blankı olmadığına və göstərilən xidmətə dair sənədlər əlavə edilmədiyinə, eyni zamanda Azərbaycan Respublikasının ərazisində hüquqi xidmət vəkillər tərəfindən göstərildiyinə görə məhkəmə hesab edir ki, iddia 85 manat hüquqi xidmətlərə dair hissədə təmin edilməməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 %-i həcmində manat olmalıdır. (“Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 4240 manat olduğundan (4000 manat əsas borc+ 240 manat paltarların dəyəri) iddiaçı tərəfindən ödənilmiş 65 manat dövlət rüsumunun 62,4 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu kimi ödənilmiş 2,6 manat iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4000 manat borc, 240 manat paltarların dəyəri, cəmi 4240 manat və ödənilmiş 62,4 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 2,6 manatı iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №2(028)-335/2024
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-335/2024
21.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver