Məhkəmə qərarları › İş №2(028)-338/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-338/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-338/2021 28.09.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə "xxxx" ASC-nin Cavabdeh1 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 "xxxx" ASCnin xeyrinə 20.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə 25083,58 ABŞ dolları məbləğində əsas kredit borcu, 34819,31 ABŞ dolları məbləğində faiz borcu və 2171,96 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 62074,85 (altmış iki min yetmiş dörd,85) ABŞ dolları məbləğində borcu, 30 manat ödənilmiş dövlət rüsumunun, xidmət haqqı kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat tutulmasını, tutmanın ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsində yerləşən, 3 nömrəli evin 64 nömrəli mənzilinə yönəldilməsinə, həmin əmlakın açıq hərracda satılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin ümumi qaydada icra edilməsi, mənzil satıldıqdan bir ay sonra Cavabdeh1 və digər şəxslərin Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsində yerləşən, 3 nömrəli evin 64 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 20.11.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi göstərdi ki, "xxxx" İKB ASC Cavabdeh1 bağlanmış 20.11.2014-cü il tarixlii krediti müqaviləsinə əsasən 60 ay müddətinə illik 26% olmaqla 35000 ABŞ dolları məbləğində kredit vermişdir. 01.10.2015-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 20.07.2021-ci il tarixədək təyin edilmişdir. Cavabdeh1 müqavilə üzrə öhdəliyinin icrasının təmin edilməsi üçün Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsində yerləşən, 3 nömrəli evin 64 nömrəli mənzil banka ipotekaya qoyulmuşdur.İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 65000 (altmış beş min manat) təşkil edir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsində yerləşən, 3 nömrəli evin 64 nömrəli mənzil Cavabdeh1 mülkiyyətindədir və "xxxx" ASC-nin xeyrinə 20.07.2021-ci il müddətinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası «İpoteka» haqqında Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası «İpoteka haqqında” Qanunun 39.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipotekanın ilkin satış qiymətini göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319-cu maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Göstərilənləri nəzərə alaraq iddianı təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, oğlanları Cavabdeh3 və Cavabdeh4 qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin səbələri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" İKB ASC Cavabdeh1 aralarında bağlanmış 20.11.2014-cü il tarixlii krediti müqaviləsinə əsasən 60 ay müddətinə illik 26% olmaqla 35000 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdeh1 müqavilə üzrə öhdəliyinin icrasının təmin edilməsi üçün 20.11.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsində yerləşən, 3 nömrəli evin 64 nömrəli mənzili banka ipotekaya qoyulmuşdur.İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 65000 (altmış beş min manat) təşkil edir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın kserosurətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsində yerləşən, 3 nömrəli evin 64 nömrəli mənzili 23.09.2014-cü il tarixdən Cavabdeh1 mülkiyyətindədir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın kserosurətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsində yerləşən, 3 nömrəli evin 64 nömrəli mənzili Cavabdeh1 mülkiyyətindədir və "xxxx" ASC-nin xeyrinə 20.07.2021-ci il müddətinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə ünvanlanmış 18 mart 2021-ci il tarixli ərizədə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilir. İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 ünvanlanmış 12 mart 2021-ci il tarixli bildirişdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xəbərdar olunur. İş materiallarında olan və "xxxx" ASC tərəfindən tərtib edilmiş 07.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 20.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə 25083,58 ABŞ dolları məbləğində əsas kredit borcu, 34819,31 ABŞ dolları məbləğində faiz borcu və 2171,96 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 62074,85 (altmış iki min yetmiş dörd,85) ABŞ dolları məbləğində borcu var. İş materiallarından görünür ki, "xxxx" ASC kredit alana xəbərdarlıq göndərmişdir. Xəbərdarlıqda göstərilir ki, borc öhdəliyi icra edilmədiyi halda qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəkdir. Azərbaycan Respublikası MM-in 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-in 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-in 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə gədər tutulur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarına şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, məsələ məhkəmə qaydasında həll edildiyi halda tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. İş materiallarında olan və Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Cavabdeh1 01.12.2018-ci ildə ölmüşdür. Azərbaycan Respublikası MM-in 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir.Belə olan halda Cavabdeh1 məhkəmədə müvafiq icraat başlamamışdan əvvəl, yəni 31.05.2021-ci il tarixdən xeyli əvvəl - 01.12.2018-ci il tarixdə vəfat etdiyi aydın olur; vəfat etmiş şəxsin işdə tərəf olması, mülki hüquq və vəzifələri daşıması mümkün deyildir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbinin Cavabdeh1 qarşı yönəlmiş mülki işin icraatına xitam verilməlidir. Sumqayıt şəhəri 4 saylı notariat ofisi tərəfindən Qubadlı Rayon Məhkəməsinə ünvanlanmış 25.08.2021-ci il tarixli, №2902 saylı məktubundan görünür ki, 01.12.2018-ci ildə ölmüş mərhum Cavabdeh1 miras əmlakına dair 11.12.2018-ci il tarixdə Sumqayıt şəhəri 4 saylı notariat ofisində vərəsəlik işi açılaraq arvadı Cavabdeh2, oğlanları Cavabdeh3 və Cavabdeh4 vərəsə kimi tanınaraq 08.06.2019-cu il tarixdə 2V-127 nömrəli mülkiyyət hüququ haqında şəhadətnamə, 2V-128 və 2V-129 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. «N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 dekabr 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, vərəsəlik hüququna əsasən vərəsələrə ölən şəxsin miras əmlakı keçir. Miras əmlakın tərkibinə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirası qəbul etmiş vərəsə miras qoyanın əmlak hüquqlarını əldə edir və onun vəzifələrinin icraçısı olur. Miras qoyanın vəzifələri dedikdə, onun kreditorlarının mənafelərinin təmin edilməsi başa düşülür.Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı). Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, məhkəmələr miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti ilə bağlı işlərə baxarkən, ilk növbədə, mirasın həcmini araşdırmalı və yalnız bundan sonra miras aktivinə mütənasib surətdə onların məsuliyyətinin həddini müəyyən etməlidirlər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 1306cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.Vəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Vərəsələrdən fərqli olaraq, zaminin məsuliyyətinin həddi miras əmlakın dəyəri ilə məhdudlaşmır. Bu isə zaminin məhz öhdəliyin borclu tərəfindən icra edilməməsinə görə müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, kreditorun mənafeyinin tam təmin edilməsinə məsuliyyətli olmasından irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zaminliyə xitam verilməsi hallarını nəzərdə tutan 477-ci maddəsində borclunun ölümü halının zaminlik münasibətlərinin hüquqi qüvvəsinə təsiri məsələsi tənzimlənməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 13-cü bəndində mülkiyyət hüququ, o cümlədən dövlət, xüsusi və bələdiyyə mülkiyyətinin hüquqi rejimi, əqli mülkiyyət hüququ; digər əşya hüquqları; öhdəlik hüququ barədə qaydaların müəyyən edilməsi Azərbaycan Respublikası Milli Məclisinin (bundan sonra – Milli Məclis) səlahiyyətinə aid edilmişdir. Qeyd olunanlara əsaslanaraq, Konstitusiya Məhkəməsinin Plenumu zaminliyə xitam verilməsini tənzimləyən Mülki Məcəllənin 477-ci maddəsinin qanunverici tərəfindən təkmilləşdirilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zaminliyə xitam verilməsi hallarını nəzərdə tutan 477-ci maddəsinin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Azərbaycan Respublikası MM-nin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəlləsinin 423-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbayçan Respublikası MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış borc kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini təmin edir. Bunu nəzərə alaraq məhkəmə hesab edir ki, dəbbə pulunun məbləği - 2171,96 ABŞ ABŞ dollar tənasübsüz surətdə yüksəkdir və 100 ABŞ dolları məbləğinində dəbbə pulunu ağlabatan və ədalətli məbləğ kimi müəyyən edir. Məhkəmə qeyd edir ki,dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsuludur. Öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217-cı maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 20.11.2014-cü il tarixli kredit müqaviləsi ləğv edilsin. İddia tələbinin Cavabdeh1 qarşı yönəlmiş hissəsində mülki işin icraatına xitam verilsin. Cavabdeh1 20.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə 25083,58 ABŞ dolları məbləğində əsas kredit borcu, 34819,31 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 60002,89 (altmış min iki,89) ABŞ dolları məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumu, xidmət haqqı kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat borcunun "xxxx" ASC-yə ödənilməsi üçün tutma Cavabdeh1 vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 08.06.2019-cu il tarixdə 2V-127 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə və 2V-128, 2V-129 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında vərəsələrin mülkiyyətinə verilmiş ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 101 kv.m olan fərdi yaşayış evi və 2007-ci il buraxılışı olan Mercedes Benz Vito115 CDİ minik markalı ** NG *** dövlət nömrə nişanlı avtomobilə yönəldilsin.Həmin əmlaklar açıq hərracda satılsın, hərracdan əldə olunmuş vəsait hesabına vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşdırılan məbləğdə tutulsun. Ödənilən məbləğ qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablansın. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar