Məhkəmə qərarları › İş №2(028)-343/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-343/2021

13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-343/2021 13.07.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 03.03.2020-ci il tarixli kredit müqaviləsi üzrə 6210,10 manat əsas borcu, 444,27 manat faiz borcu, cəmi 6654,37 (altı min altı yüz əlli dörd,37) manat borcun və ödənilmiş 30 manat dövlət rüsumu tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəməyə ünvanlanmış teleqramda iddiaçı işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.İddia ərizəsində göstərilmişdir ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 03.03.2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə illik 19 % olmaqla 36 ay müddətinə 8000 (səkkiz min) manat məbləğində kredit vermişdir. Ödəniş cədvəli əsasında cavabdeh hər ay 293,25 manat ödəniş etməli olduğu halda öz öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Hazırda cavabdeh ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir.21 may 2021-ci il tarixədək cavabdehin banka 03.03.2020-ci il tarixli kredit müqaviləsi üzrə 6210,10 manat əsas borcu, 444,27 manat faiz borcu, cəmi 6654,37 (altı min altı yüz əlli dörd,37) manat borcu olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə belə təminat verə bilməzsə, kreditor dərhal icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək göstərdi ki, iddianı qəbul edir və təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 03.03.2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə illik 19 % olmaqla 36 ay müddətinə 8000 (səkkiz min) manat məbləğində kredit vermişdir.Tərəflər bu müqavilədə nəzərdə tutulmuş öhdəliklərini vaxtında yerinə yetirmədikdə məsuliyyət daşıyırlar. İş materiallarında olan və İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışdan görünür ki, Cavabdeh 03.03.2020-ci il tarixli kredit müqaviləsi üzrə 21.05.2021-ci il tarixədək 6210,10 manat əsas borcu, 444,27 manat faiz borcu, cəmi 6654,37 (altı min altı yüz əlli dörd,37) manat borcu var. Ödəniş cədvəli əsasında cavabdeh hər ay 293,27 manat ödəniş etməli olduğu halda öz öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Hazırda cavabdeh ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. İddiaçı ASC cavabdehə bildiriş göndərmişdir. Bildirişdə borcun İddiaçı ASC-yə ödənilməsinin təmin edilməsi göstərilmişdir.Əks təqdirdə borcunun məcburi ödənilməsi üçün bank tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəkdir. Azərbaycan Respublikası MM-in 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs(borclu) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qusurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-in 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 03.03.2020-ci il tarixli kredit müqaviləsi üzrə 6210,10 manat əsas borc, 444,27 manat faiz borcu, cəmi 6654,37 (altı min altı yüz əlli dörd,37) manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar