Məhkəmə qərarları › İş №2(028)-361/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-361/2021

15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-361/2021 15.07.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinov sədrliyi Reyhan Cəmil qızı Quliyevanın katibliyi Cavabdehl Cavabdeh1 iştirakı ilə İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı «xxxx» ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada «xxxx» ASC-nin xeyrinə 22.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə 2235,78 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 2235,78 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsində iddiaçı göstərmişdir ki, Cavabdeh1 ilə «xxxx» İKB ASC arasında bağlanmış 22.08.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 22% olmaqla 24 ay müddətinə 13800 ABŞ dolları məbləğində kredit vermişdir.Cavabdeh1 müqavilə üzrə öhdəliyinin icrasının təmin edilməsi üçün Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanılmışdır. 24 may 2021-ci il tarixədək cavabdehin banka 22.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə 2235,78 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 2235,78 ABŞ dolları borcu var. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə belə təminat verə bilməzsə, kreditor dərhal icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MM-in 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək göstərdi ki, o, məhkəməyə gəlmiş, lakin iddiaçı məhkəməyə gəlməmişdir.O, bundan sonra məhkəməyə gələ bilməz və tələb edir ki, iş mahiyyəti üzrə baxılsın. Əlavə olaraq göstərdi ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, 22 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC ona illik 22 faizlə 24 ay müddətinə 13800 ABŞ dolları kredit verilmişdir. Yəni müqavilə üzrə öhdəliklərin icrasının son tarixi 22 avqust 2016-cı il müəyyən edilmişdir. Lakin həmin vaxtdan iddia ərizəsinin məhkəməyə verildiyi vaxtdadək 5 ilə yaxın müddət keçmişdir. Beləliklə iddiaçı tərəfindən hazırkı tələblə məhkəməyə müraciət etmək üçün mülki qanunvericiliklə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. İddia müddətinin axımı 22 avqust 2016-cı il tarixdən başlandığına görə bundan sonrakı 3 il ərzində hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilə bilərdi. Həmçinin o, “xxxx” İKB ASC-nin daimi müştərisi olduğuna görə bankdan ona təklif olundu ki, əsas borcunu birdəfəlik ödəndiyi halda faiz borcu silinəcəkdir. Razılaşdıqları kimi o, borcunu tam ödəmişdir. Ona əsas borcunu ödəməsi ilə əlaqədar arayış verildi və bildirildi ki, bir ay müddətində ona heç bir məlumat verilməzsə, arxayın olsun ki, faiz borcu silinmişdir. Üç ilə yaxın bir müddətdə bank tərəfindən ona qarşı heç bir tələb olmadığına və tələb barədə məlumat gəlmədiyinə görə arxayınlaşdı ki, faiz borcu silinmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq və iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh1 ilə «xxxx» İKB ASC arasında bağlanmış 22.08.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 22% olmaqla 24 ay müddətinə 13800 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdeh1 müqavilə üzrə öhdəliyinin icrasının təmin edilməsi üçün Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanılmışdır. İş materiallarında olan maliyyə arayışdan görünür ki, 24 may 2021-ci il tarixədək Cavabdeh1 banka 2235,78 ABŞ dolları faiz borc üzrə qalıq məbləğ olmaqla, cəmi 2235,78 ABŞ dolları borcu var. «xxxx» ASC cavabdehlərə xəbərdarlıq məktubu göndərmişdir. Məktubda borcun “xxxx» ASC-yə ödənilməsinin təmin edilməsi göstərilmişdir. Əks təqdirdə bağlanılmış kredit müqaviləsinin ləğv edilməsi və borcunun məcburi ödənilməsi üçün bank tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət ediləcəkdir. İş materiallarında olan 25.12.2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 ilə «xxxx» İKB ASC arasında bağlanmış 22.08.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 22% olmaqla 24 ay müddətinə 13800 ABŞ dolları məbləğində kredit vermişdir. 21.12.2018-ci il tarixində əsas borc tam ödənilib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəllənin 375-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanədək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarılması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra Qərarlarında iddia müddəti institutunun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimovun və qeyrilərinin şikayəti ilə əlaqədar 30 iyun 2005-ci il tarixli, R.Salamovun şikayəti ilə əlaqədar 30 oktyabr 2007-ci il tarixli, V.Ozerovun şikayəti üzrə15 aprel 2011-ci il tarixli və s. Qərarları). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi analoji hüquqi mövqedən çıxış edərək, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar(§ 33). Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia rədd edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada «xxxx» ASC-nin xeyrinə 22.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə 2235,78 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 2235,78 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair iddia tələbi iddia müddəti tətbiq edilməklə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar