Məhkəmə qərarları › İş №2(028)-364/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-364/2025

13.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-364/2025 13.08.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi, Cavabbdeh Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8500 manat əsas borc, 412,43 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 8912,43 manat borcun və 109,53 manat ödənilmiş dövlət rüsumunun "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəməyə ünvanlanmış ərizədə iddiaçının nümayəndəsi işə onların iştirakı olmadan baxılması və iddianın təmin edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə X1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27,6% ödəmək şərti ilə 8500 manat məbləğində kredit xətti açılmışdır. Müqavilənin 4.2.16-cı bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilə görə borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini dövrü olaraq pozmuşdur. Nəticədə borclunun xx.xx.2025-ci il tarixinə kredit müqaviləsi üzrə 8500 manat əsas borc, 412,43 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 8912,43 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, bankdan onlayn vasitəsi ilə pul köçürmə kartı sifariş etmişdir. Kart evə çatdırıldıqdan bir neçə saat sonra həmin kart hesabına 8500 manat pul yüklənilmişdir. Məsələ ilə bağlı yenidən banka onlayn qaydada müraciət edib kredit istəmədiyini, yalnız kart sifariş etdiyini bildirmişdir. Kartı sifariş etməkdə məqsədi övladına gündəlik xərc üçün pulun həmin hesaba yerləşdirməsi olmuşdur. Qeyd edir ki, həmin bank kartını oğlu Murada vermişdir. Bank tərəfindən pulun həmin hesabda olmasının onlar üçün heç bir maneçiliyinin olmayacağı bildirilmişdir. Təxminən bir ay sonra onun adına olan mobil nömrəyə Leo bank lotoreya oyununun keçirilməsi ilə bağlı sms gəlmiş, oğlu həmin linkə daxil olduqdan bir müddət sonra, gün ərzində öncə 4000 manat, sonradan yenidən əlavə olaraq 4000 manat pul hesabdan silinmişdir. Hər əməlliyat üçün 80 manat komissiya da tutulmuşdur. Yerdə qalan pul məbləğini isə bank özü borcun ödənilməməsinə görə hesabdan silmişdir. Məsələ ilə bağlı bank vasitəsi ilə polisə müraciət edilmişdir. Araşdırma zamanı həmin vəsaitin Cəlilabad rayonunda yaşayan bir nəfər şəxsin hesabına köçürüldüyü müəyyən edilmişdir. Bundan başqa qeyd edir ki, araşdırma zamanı həmin şəxsin ölkə xaricində yəni Türkiyə Respublikasında olması da müəyyən edilmiş, bununla əlaqədar olaraq istintaq hərəkətləri dayandırılmışdır. Pulu şəxsən xərcləmədiyinə görə özünü borclu hesab etmir və iddia tələbinin məhkəmədən rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tdqiq edilmiş sənədlərdən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli Fiziki şəxslərə kreditin verilməsi üzrə Standart Şərtlərə əsasən "xxxx" KB ASC “Leobank” məhsulu çərçivəsində fiziki şəxslərlə istehlak kreditinin verilməsi şərtləri və qaydalarını müəyyən edir və Standart Şərtlərdə göstərilən müddəalar qeyri-rezident fiziki şəxslərə şamil edilmir. Həmin şərtlərin 4.3.1-ci bəndində göstərilir ki, müştəri, kredit xətti müqaviləsi üzrə pul vəsaitinin ona verildiyi gündən 30 (otuz) gün müddətində heç bir səbəb göstərmədən kredit müqaviləsindən imtina edə bilər. Bu halda müştəri müqavilə üzrə verilmiş pul vəsaitini və həmin pul vəsaitinin verildiyi gündən qaytarıldığı günədək hesablanan faziləri döəməlidir. xx.xx.2024-cü il tarixli Ərizə-anket və imza nümunəsinə əsasən Cavabdeh "xxxx" KB ASC-nin xx.xx.2023-cü il tarixli Fiziki şəxslərə kreditin verilməsi üzrə Standart Şərtlərlə tanış olmuş və onun bütün şərtləri ilə razılaşmışdır. Unibank/LB0008765-1 saylı xx.xx.2025-ci il tarixli arayışa əsasən xx.xx.2024-cü il tarixli ərizə və xx.xx.2023-cü il tarixli Ümumi Oferta müqaviləsinə görə Cavabdeh AGİD**********2 nömrəli kredit xətti açılmışdır. Kreditin limiti 8500 manat, kreditin müddəti 35 ay, illik faiz dərəcəsi 27,6, kreditin başlama tarixi xx.xx.2024-cü il, kreditin bitmə tarixi xx.xx.2027-ci il. BANK/PİKMD/1282633 saylı, xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh "xxxx" KB ASC-yə AGİD**********2 saylı kredit müqaviləsinə görə 8500 manat əsas borc, 412,43 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 8912,43 manat borcu yaranmışdır. Bildirişə əsasən "xxxx" KB ASC kredit alana bildiriş göndərmişdir. Bildirişdə göstərilir ki, borc öhdəliyi icra edilmədiyi halda qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə araşdırması zamanı tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yarandığı müəyyən edilmişdir. Göründüyü kimi Cavabdeh müqavilə üzrə bank tərəfindən ona təqdim edilmiş kart hesabına 8500 manat pul vəsaitinin köçürülməsindən məlumatlı olmuş, lakin həmin müqavilənin 4.3.1-ci bəndində göstərilən qaydada kredit xətti müqaviləsi üzrə pul vəsaitinin ona verildiyi gündən 30 (otuz) gün müddətində kredit müqaviləsindən imtina etməmiş, əksinə 8500 manat pul vəsaitinin hesabda olduğunu bilə-bilə həmin kartı 17 yaşlı oğlunun istifadəsinə vermişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 8500 manat əsas borc, 412,43 manat faiz borcu, cəmi 8912,43 manat borc və 109,53 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar