Məhkəmə qərarları › İş №2(028)-371/2024

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-371/2024

19.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-371/2024 19.08.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X15 Xoşbəxt oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, İddiaçı Cavabdeh Vəliyyədin oğlunun iştirakı ilə İddiaçı Cavabdeh Vəliyyədin oğluna qarşı aliment məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Qubadlı Rayon Məhkəməsinin 2(028)-179/2020 saylı mülki işi üzrə 21 may 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək, cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, xx.xx.2012-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahıdan xx.xx.2012-ci il təvəllüdlü X6 anadan olmuşdur. Cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuş, ailə faktiki olaraq dağılmışdır. Qubadlı Rayon Məhkəməsinin 2(028)-04/2014 saylı mülki işi üzrə xx.xx.2014-cü il tarixli qətnaməsi ilə aralarındakı nikahın pozulması, birgə nikahdan anadan olmuş oğlunun onun yanında qalması və cavabdehdən uşaq yetkinlik yaşına çatanadək hər ay 103 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə alimentin məbləği 140 manat müəyyən edilmişdir. Hazırda 10 yaşlı övladının saxlanması üçün aylıq 140 manat aliment kifayət etmir. Bazar qiymətlərinin qalxması, eləcə də uşağının böyüməsinin onun xərclərinə əsaslı təsir göstərdiyindən hazırda 140 manat məbləğində aliment kifayət etmir. Alimentin miqdarı bugünki iqtisadi münasibətlərə uyğun gəlmir (uşağın qida, geyim, təhsil, müalicə, istirahət və s.). Övladının əsas xərcləri məhz təhsili ilə bağlıdır. Valideynlərin uşağı saxlamaq vəzifəsi nə uşağın buna ehtiyacının, nə də valideynlərin imkanın olub-olmamasından asılı deyildir. Hesab edir ki, uşağının saxlanması üçün müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, cavabdehdən hər ay 235 manat sabit pul məbləğində aliment tutulmalıdır. 2024-cü il üçün yaşayış minimumu müəyyən edən qanunvericiliyin tələblərinə əsasən uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Vəliyyədin oğlu iddia tələbini qəbul etməyərək bildirdi ki, ikinci dəfə ailə qurub. Bu nikahdan 3 övladı var. Əlildir və işsizdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 2(028)-04/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək Cavabdeh Vəliyyədin oğlu ilə İsmayılova (İbrahimova) Təhminə Şakir qızı arasında nikah qeydinin pozulması, xx.xx.2012-ci il təvəllüdlü X1 İsmayılova (İbrahimova) Təhminə Şakir qızının himayəsinə verilməsi, Cavabdeh Vəliyyədin oğlundan hər ay 103 manat sabit pul məbləğində alimentin xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək və onun 3 yaşı tamam olan kimi hər ay 30 manat maddi yardımın İsmayılova (İbrahimova) Təhminə Şakir qızına verilməsi qət edilmişdir. İş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 2(028)-200/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh Vəliyyədin oğlundan hər ay 140 manat sabit pul məbləğində aliment qətnamənin qanunu qüvvəyə mindiyi gündən başlayaraq tutulub xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İbrahimova (İsmayılova) Təhminə Şakir qızına verilməsi qət edilmişdir. İş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 2(028)-179/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia rədd edilərək xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş 140 manat alimentin miqdarının azaldılaraq 85 manat alimentin tutulması barədə Cavabdeh Vəliyyədin oğlunun tələbi təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3223/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh Vəliyyədin oğlunun apellyasiya şikayəti təmin edilməmiş və Qubadlı Rayon Məhkəməsinin 2(028)- 179/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməmsi barədə arayışına əsasən mediasiya prosesində tərəflər iştirak etmiş, mediasiya xərcini - 50 manatı İddiaçı ödəmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və X9 6 saylı DOST Mərkəzinin 3-17-7/2-İ- 28442/2024 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh Vəliyyədin oğlu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemindən əldə edilmiş məlumata əsasən işsiz kimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Sumqayıt “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Vəliyyədin oğlu və X4 xx.xx.2015-ci ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2241 № ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2019-cu il tarixdə doğulmuşdur. Atası Cavabdeh Vəliyyədin oğlu, anası X2r. İş materiallarına əlavə edilmiş Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2015-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh Vəliyyədin oğlu, anası X2r. İş materiallarına əlavə edilmiş 1 saylı Sumqayıt “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh Vəliyyədin oğlu, anası X2r. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və manafelərinin mühafizəsi valideynlərinin əsas vəzifəsidir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.2.-ci maddəsinə əsasən, yaşayış minimumu-minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər . “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşıqa çatmayan uşaqlarla validenlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxarkən qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-ci il tarixli qərarın 8.7-ci bəndində göstərilir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin qərarın 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. İddiaçı bir uşağının saxlanılması üçün cavabdehdən tutulacaq alimenti 235 manat məbləğində tələb edir. Məhkəmə cavabdehin ikinci dəfə ailə həyatını qurmasını, həmin nikahdan üç övladının olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 200 manat aliment tutulub iddiaçıya verilməlidir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-ci il qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin 2(028)-200/2019 saylı xx.xx.2019-cu tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh Vəliyyədin oğlundan xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar