Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-394/2021 02.11.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi, Aynurə Akif qızı Mustafayevanın katibliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" MMC məhkəməyə müraciət edərək, Cavabdeh ********* saylı 11.06.2020-ci il tarixli müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 03.05.2021-ci il tarixinə yaranmış 797 manat əsas borc, 239 manat cərimə, ümumilikdə 1036 manat borc və 30 manat ödənilmiş dövlət rüsümunun "xxxx" MMC-in xeyrinə tutulmasına dair qətnamə çıxarılmasına xahiş etmişdir. Məhkəməyə ünvanlanmış ərizədə iddiaçı işə onun iştirakı olmadan baxılmasını və iddianı təmin edilməsini xahiş etmişdir.İddia ərizəsində göstərilmişdir ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış ********* saylı 11.06.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh aldığı “AUX” markalı kondinsionerə görə 18 ay ərzində ödəniş cədvəli üzrə hər ay 45 manat olmaqla cəmi 797 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, heç bir ödəniş etməmiş və qalıq qalmış 797 manat borcu qaytarmamışdır.Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satq müqaviləsinin şərtlərinə əsasən gecikdirilən aylıg borc məbləğinə hər gün üçün bir faiz cərimə ödənilməlidir. Cərimə faizləri əşyanın dəyərini qaytarmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir.Bununla da 02.03.2021-ci il tarixdən 03.05.2021-ci tarixədək 30 təqvim günü üçün qalıq qalmış borc məbləğinə gündəlik bir faizlə hesablanmış cərimə məbləği 239 manat təşkil edir. Nəticədə cavabdehin Cəmiyyətə 03.05.2021-ci il tarixədək 797 manat əsas, 239 manat cərimə borcu olmaqla cəmi 1036 manat borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehin aldığı “AUX” markalı kondinsionerlə bağlı hər hansı nöqsanın olmasına dair rəsmi müraciət qeyda alınmamışdır.Cavabdeh ilə dəfələrlə əlaqə saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata kecirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir.Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443-cü maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi məhkəmədən xahiş etmişdir. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə ünvanlanmış iddia ərizəsinə etirazda Cavabdeh göstərmişdir ki, “AUX” markalı kondisioner işlədikdən 2-3 həftə sonra normal halda işləməmişdir. Bu barədə mağazaya məlumat verilmiş və kondisioneri ya təmir, ya da dəyişməyi xahiş etmişlər, lakin mağaza bundan imtina etmişdir.Onlar başqa bir usta dəvət etməmişlər, çünki usta gəlib kondisioneri açsa, günahı onlar da görərdilər.Onları ziyana salan "xxxx" MMC onlara maddi və mənəvi ziyanı ödəmək əvəzinə, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.Mağaza belə etməklə öz gəlirlərini üstün tutur. Bunu nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan 11.06.2020-ci tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi və ona edilmiş 1 saylı Əlavədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh “AUX” markalı kondisioneri 18 ay ərzində ödəniş cədvəli üzrə hər ay 45 manat olmaqla cəmi 797 manat ödəmək şərti ilə verilmişdir.Həmin müqavilənin 3.3.1-ci bəndinə görə alıcı bu müqavilələrinin şərtlərinin pozulmasına yol verdiyi halda müqavilənin vaxtından əvvəl ləğv edilməsinin və alıcının müqavilə üzrə satıcıya olan borcunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Həmin müqavilənin 3.2.6-ci bəndinə görə alıcı bu müqaviləyə əsasən aldığı əmlakın dəyərini tam ödəyənədək əmlakda hər hansı bir nasazlıq yaranarsa, nasazlığı aradan qaldırmaq üçün alıcı əmlakı yalnız zəmanət talonunu vermiş rəsmi səlahiyyətli təmir xidmətinə təqdim edə bilər. İddiaçı əmlakda hər hansı bir nasazlıq yaranarsa, nasazlığı aradan qaldırmaq üçün alıcıya zəmanət talonunu verməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə xüsusi ilə qeyd edir ki, iddiaçı ərizədə göstərmişdir ki, Cavabdeh ilə dəfələrlə əlaqə saxlanılmışdır. Cavabdeh ilə dəfələrlə əlaqə saxlanılması dəlalət edir ki, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yaramayan əşya satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581.1-ci maddəsinə müvafiq olaraq, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 582.1-ci maddəsinə müvafiq olaraq, satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alqı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.1-ci maddəsinə müvafiq olaraq, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: alış qiymətinin mütənasib azaldılması; əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının qanunun 7.1-ci maddəsinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i.a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini . Həmin qanunun 7.2-ci maddəsinə əsasən satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur.İri qabaritli və ağırçəkili malların istehlakçıdan satıcıya (icraçıya) qaytarılması və dəyişdirilərək yenidən istehlakçıya çatdırılması satıcının (icraçının) hesabına həyata keçirilir. Həmin qanunun 7.6-ci maddəsinə əsasən istehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır.İstehlakçının tələbi ilə satıcı (icraçı) məişət texnikasının və nəqliyyat vasitələrinin təmir edildiyi və ya dəyişdirildiyi müddət üçün ona əvəzsiz olaraq (evinə çatdırmaqla) oxşar mal verməlidir.Təmir (dəyişdirmə), habelə malın qüsurlarının aradan qaldırıldığı və ya dəyişdirildiyi müddət üçün oxşar malı vermək tələbinin yerinə yetirilməsi (14 gün) ləngidildikdə satıcı (icraçı) istehlakçıya mal verməklə bir vaxtda, müəyyən edilmiş müddətin ötürüldüyü hər gün üçün ona malın satış qiymətinin bir faizi məbləğində dəbbə pulu ödəyir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Cavabdeh ********* saylı 11.06.2020-ci il tarixli müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 03.05.2021-ci il tarixinə yaranmış 797 manat əsas borc, 239 manat cərimə, ümumilikdə 1036 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" MMC-in xeyrinə tutulması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-394/2021
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-394/2021
02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver