Məhkəmə qərarları › İş №2(028)-42/2024

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-42/2024

19.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-42/2024 19.02.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X4 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh ona dəyən maddi və mənəvi zərərin əvəzinin ödənilməsi üçün ondan 3000 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı iddianı müdafiə edərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə caxabdeh Cavabdeh onun haqqında DİN-in 102 xidmətinə zəng edərək, Sumqayıt şəhəri Travmatologiya xəstəxanasının qarşısında yol keçərkən **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilinin onu və övladını vuraraq hadisə yerindən uzaqlaşması barədə şikayətini bildirmişdir. Cavabdehin şikayəti əsasında aidiyyatı polis əməkdaşı onu polis bölməsinə dəvət edərək ondan izahat tələb etmişlər. Belə ki, o həmin vaxt ailəsi ilə birlikdə Sumqayıt şəhərindən kənarda Xaçmaz şəhərində olduğundan yalnız 2 gündən sonra ora yaxınlaşa biləcəyini söyləmişdir. Həmçinin həmin polis əməkdaşına heç bir qəza törətmədiyini, telefonda ona danışılan hadisə ilə bağlı əlaqədar olmadığını, əksinə bir xanımın onu təhqir etməsini bildirmişdir. Sonradan o, polis bölməsinə gələrək cavabdeh tərəfindən verilən şikayət üzrə izahat verərkən xx.xx.2023-cü il tarixdə təxminən saat 13:30 radələrində etibarnamə əsasında idarə etdiyi VAZ 21150 markalı 5O-CG-423 dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri Nizami küçəsi ilə yolun soldan l hərəkət zolağı ilə təxminən 40 km/saat sürətlə hərəkətdə olmaqla həmin küçənin M.Hüseyinzadə küçəsi ilə kəsişməsində yerləşən yolayrıcı svetoforun yaşıl işığına daxil olduğu zaman, həmin kəsişmədə yerləşən piyada zolağı ilə yolun sağ kənar hissəsindən digər tərəfə keçən piyada qadın qucağında azyaşlı uşaq olmaqla piyadalar üçün nəzərdə tutulmuş svetoforun qırmızı işığında yolu keçərkən, o, piyadanın anidən avtomobilinin qarşısına çıxdığını görüb dərhal tormoz əyləcinə təzyiq edib maşını tamam saxlamışdı. Həmin vaxt piyada ona yaxınlaşmış, əli ilə maşının qabaq sol şüşəsini vurmuş və onu nalayiq sözlərlə təhqir etmişdir. O həmin qadına svetoforun siqnallarına diqqət yetirməyini söyləyib, sonra isə avtomobili idarə elməklə yoluna davam etdiyini qeyd etmişdir. Sonradan ona polis bölməsindən zəng gələrək piyadanı vuraraq qaçması ilə bağlı şikayət daxil olduğunu bildirmişlər. Belə ki, cavabdehin şikayəti əsasında toplanmış 1NK/1369 saylı təhqiqat materiallarının araşdırılması Sumqayıt Şəhər Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis mayoru X2 icraatında olmuşdur. İş orada olarkən işin faktiki halları dərin araşdırılmış, hər ikisinin izahatları ümumiləşdirilmişdir. Belə ki, cavabdehin iddiaçıya qarşı olan iddiaları əsassız olmuşdur, həmin iddiaları sübut edəcək heç bir dəlil təhqiqata təqdim edilməmişdir. Bu səbəbdən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda hər şey aydın şəkildə qeyd olunmuşdur. Ortada elə bir hadisə olmamışdır. Bütün bunlar cavabdehin ona atdığı şər, böhtandan başqa bir şey deyildir. Himayəsində 9 uşaq vardır. Özü fərdi əməklə, qapı pəncərələrin quraşdırılması ilə məşğul olur, fəhlə kimi günəmuzd fəaliyyət göstərir. Belə ki, müəyyən yer götürərək ona tapşırılan zaman çərçivəsində hazırlanmış qapı-pəncərələri yerinə quraşdıraraq təhvil verir. Cavabdehin ona atdığı şər, böhtan ucbatından dəfələrlə polis bölməsinə gəlməyə məcbur olmuşdur. Onun əsassız şikayəti ucbatından izahat verərkən zamanını polis bölmələrində keçirtmişdir. Həmin ərəfələrdə öhdəsinə götürdüyü işi vaxtında görə bilməmiş, razılaşdırılmış zaman çərçivəsində sahibinə təhvil verə bilməmiş, buna görə müştəri ilə arasında mübahisə yaranmış, həmçinin də həmin işi başqa işçiyə vermək məcburiyyətində qalmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Onun təqsiri üzündən o, övladlarına çörək pulu apara bilməmiş, hətta müəyyən məbləğdə borc eləmişdir. Ona görə də mülki qaydada məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göründüyü kimi cavabdehin əsassız böhtanları nəticəsində ona maddi və mənəvi ziyanın vurulması sübut olunur. Bu qanunsuz hərəkətlərinə görə ona dəyən maddi və mənəvi zərərin əvəzinin ödənilməsi üçün cavabdehdən 3000 manat məbləğində pul tutularaq ödənilməlidir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilərək VAZ21150 markalı **-CG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü İddiaçı Azərbaycan Respublikası İXM-nin 327.6-cı və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün material üzrə qəbul edilmiş qərarın surətinin Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan 3(060)-2908/2023 saylı xx.xx.2023-cü il tarixli Sumqayıt Şəhər Məhkəməsinin qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 300 (üç yüz) manat məbləğində cərimə olunmuşdur. Qərarda göstərilir ki, Sumqayıt şəhər MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli, 1668 saylı ekspert rəyindən müəyyən olunmuşdur ki, Cavabdeh bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ budun aşağı 1/3-nin diz oynağını tutan və hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinlik fonunda əziyi-qançırı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt TTYX-na müraciət etdiyi vaxtdan bir qədər olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 31-ci maddəsinə əsasən: İ. Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. İİ. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən: İ.hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Göründüyü kimi cavabdeh Əsgərova X1 nəzərdə tutulan hüquqlarının pozulması ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsrinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) başa düşülür. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirilməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin qərarının 8-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarının 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.),habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2020-ci il tarixli qərarında göstərilir ki, Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nətiçəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı inzibati qaydada pozuntuya yol verdiyini təsdiq edən qərarın olması hazırki iddianın rədd edilməsinə əsas verir. Belə ki, cavabdehin əməllərində iddiaçıya maddi və mənəvi ziyan vuracaq heç bir hal mövcud deyildir. Cavabdeh pozulmuş hüququnun bərpası ilə əlaqədar olaraq hüquq – mühafizə orqanlarına müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı Cavabdeh dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qubadlı Rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar