Məhkəmə qərarları › İş №2(028)-429/2020

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-429/2020

18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-429/2020 18.11.2020 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Vladimir Yefimoviç Ruvinovun sədrliyi, Aynurə Akif qızı Mustafayevanın katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı Bank «xxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsini ləğvi və borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bank «xxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank «xxx» ASC ilə Cavabdeh1 ilə bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə xitam verilməsi və Cavabdeh1 və Cavabdeh2 Bank «xxx» ASC-nin xeyrinə kredit müqaviləsi üzrə 3522,82 manat əsas borcu, 4,84 manat faiz borcu, cəmi 3527,66 manat borcu, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəməyə ünvanlanmış teleqramda iddiaçı işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı öz ərizəsində göstərmişdir ki, Bank «xxx» ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay güzəşt müddəti tətbiq etməklə 60 ay müddətinə illik faiz dərəcəsi 1% olmaqla 3571,20 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 müqavilə üzrə öhdəliyinin icrasının təmin edilməsi üçün Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası MMin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırda Cavabdeh1 ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. xx.xx.2020-ci il tarixinə cavabdehlərin banka 3522,82 manat əsas borcu, 4,84 manat faiz borcu, cəmi 3527,66 manat borcu var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Kredit müqaviləsinin şərtlərinə görə borclu hər ay kredit və hesablanmış faizləri tərtib edilmiş cədvələ uyğun banka ödəməlidir. Ödəniş barədə bildiriş göndərilməsinə baxmayaraq, cavabdehlər öz öhdəliklərini yerinə yetirməmişlər. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh2 ğöstərdi ki, həmin iş üzrə borc alan onun atasıdır.O, atasına zamin durmuşdur. Bunun nəzərə alınmasını xahiş etdi. Cavabdeh1 məlum olan axırıncı ünvanına məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin ünvan tam olmadığına görə məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Bu barədə «Poçt haqqında» Azərbaycan Respublikasının qanununa uyğun olaraq «Azərpoçt» tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsini rəhbər tutaraq işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən, ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bank «xxx» ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay güzəşt müddəti tətbiq etməklə 60 ay müddətinə illik faiz dərəcəsi 1% olmaqla 3571,20 manat məbləğində kredit verilmişdir.Tərəflər bu müqavilədə nəzərdə tutulmuş öhdəliklərini vaxtında yerinə yetirmədikdə məsuliyyət daşıyırlar. Eyni zamanda Bank «xxx» ASC ilə Cavabdeh2 arasında xx.xx.2019-cuj il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən, borcalan Cavabdeh1 bank qarşısında öz öhdəliklərinin tamamilə icra etməsi üçün məsuliyyəti Zamin öz üzərinə götürmüşdür. Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka kredit müqaviləsi üzrə 3522,82 manat əsas borcu, 4,84 manat faiz borcu, cəmi 3527,66 manat borcu var. İş materiallarından görünür ki, Bank «xxx» ASC kredit alana və zaminə bildiriş göndərmişdir. Bildirişdə göstərilir ki, borc öhdəliyi icra edilmədiyi halda qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəkdir. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-in 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-in 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarına şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli qərarında göstərilir ki, məsələ məhkəmə qaydasında həll edildiyi halda tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Azərbaycan Respublikası MM-in 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə iştirakçılardan biri(borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MM-in 470-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası MM-in 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 421-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəlləsinin 423-cü maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217-cı maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Bank «xxx» ASC-nin Cavabdeh1 ilə bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə xitam verilsn. Cavabdeh1 və Cavabdeh2 Bank «xxx» ASC-nin xeyrinə həmin kredit müqaviləsi üzrə 3522,82 manat əsas borc, 4,84 manat faiz borcu, cəmi 3527,66 manat borc, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar