Məhkəmə qərarları › İş №2(028)-441/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-441/2021

30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-441/2021 30.09.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X9 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı, İddiaçı İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul və dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12000 ABŞ dolları (qaytarılan vaxt manata olan məzənnəsi əsasında) və 37459,26 manat məbləğində pulun, 10000 manat məbləğində mənəvi ziyana görə təzminatın və ödənilmiş 31 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının vəkili və nümayəndəsi iddianı müdafiə edərək göstərdi ki, cavabdeh iddiaçının tanışıdır.2010-cu ildə cavabdeh şəxsi mülkiyyətində olan və ipoteka əsasında almış olduğu Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 23/10-da yerləşən 12 saylı 1 otaqlı mənzilini satmaq istədiyini bildirmiş və iddiaçı həmin mənzili cavabdehdən almaq barədə razılığa gəlmişlər. Əldə edilmiş razılaşmaya əsasən iddiaçı cavabdehə əlbəəl 12000 ABŞ dolları məbləğində pul ödəmiş və mənzilin banka olan borcunu da hər ay qrafik əsasında ödəməyi öhdəsinə götürmüşdür.”Nikoyl” İnvestisiya Bankında mənzil ipoteka ilə yüklü edilmiş və bank kredit müqaviləsi də cavabdehin adına olmuşdur.Həmin pulun ödənilməsi qrafikini cavabdeh iddiaçıya təqdim etmiş və iddiaçı da 2011-2017-ci illər ərzində banka ümumilikdə 37459,26 manat məbləğində pul ödəmişdir. Cavabdeh 2010-cu ildə həmin mənzillə bağlı bütün ipoteka və kredit müqavilələrinin surətini, ödəniş qrafikini də iddiaçıya vermiş və mənzilin açarını da ona təhvil vermişdir. 2010-cu ildən həmin mənzil iddiaçının faktiki istifadəsində olmaqla bütün kirayə və kommunal xidmət haqları onun tərəfindən ödənilir. Mənzilin bütün ipoteka ödənişləri iddiaçı tərəfindən aparıldıqdan sonra o, həmin mənzili öz adına rəsmiləşdirilməsi ilə bağlı cavabdehin yaşadığı ünvanına getmiş, lakin onu həmin ünvanda tapmamışdır. İddiaçı cavabdehə əlbəəl 12000 ABŞ dolları ödəməyinə və banka 7 il ərzində 37459,26 manat məbləğində ödənişlər etməyinə baxmayaraq, mənzili öz adına rəsmiləşdirə bilməmişdir.Cavabdeh bütün ödənişlər başa çatdıqdan sonra bunu edəcəyi barədə iddiaçıya bildirsə də, sonradan əqdi bağlamamış və hazırda da iddiaçı cavabdehin olduğu yeri müəyyən edə bilmir. Cavabdeh iddiaçını aldatmış, mülkiyyətində olan mənzilin ipoteka ödənişlərini iddiaçıya etdirmiş və nəticədə ona maddi ziyan vurmuşdur. Bu səbəbdən də iddiaçı cavabdehin mülkiyyətində olan mənzilin ipoteka müqaviləsi əsasında ödədiyi həmin vəsaitləri ondan geri tələb edir. Müxtəlif vaxtlarda iddiaçı ”Nikoyl” İnvestisiya Bankına ödənişlər edərək cəmi 38 qəbz üzrə 12712 manat məbləğində pul ödəmişdir. Müxtəlif vaxtlarda Leyla Camalova ”Nikoyl” İnvestisiya Bankına ödənişlər edərək cəmi 4 qəbz üzrə 1936 manat məbləğində pul ödəmişdir. Müxtəlif vaxtlarda iddiaçınin oğlu Ramil Allahverdiyev ”Nikoyl” İnvestisiya Bankına ödənişlər edərək cəmi 23 qəbz üzrə 8785 manat məbləğində pul ödəmişdir. Müxtəlif vaxtlarda iddiaçınin qızı Rəna Allahverdiyeva ”Nikoyl” İnvestisiya Bankına ödənişlər edərək cəmi 8 qəbz üzrə 3031 manat məbləğində pul ödəmişdir. Cəmi 85 ədəd qəbz üzrə ümumi məbləğ 29430 manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin içrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-in 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MM-nin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə(zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-nin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. X4 göstərdi ki, onun adına olan qəbzlərin pullarını banka köçürmək üçün iddiaçı vermişdir. X1 göstərdi ki, iddiaçı onun qaynanasıdır. Cavabdeh verilən 12500 ABŞ dolları onların yaşadıqları evdə verilmişdir.Həmçinin onun həyat yoldaşı X3 adından banka keçirilən qəbzlərdəki pulları iddiaçı vermişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsini, şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, “Nikoyl” İnvestisiya Bank tərəfindən Cavabdeh ilə bağlanmış 06.07.2010cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 84 ay müddətinə illik 16 % olmaqla 22500 (iyirmi iki min beş yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə “Nikoyl” İnvestisiya Bank ilə Cavabdeh arasında bağlanmış 06.07.2010-cu il tarixli alqısatqı və ipoteka müqaviləsinə əsasən Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 23/10-da yerləşən 12 saylı mənzil banka ipotekaya qoyulmuşdur. Mənzilin satış qiyməti 27500 manatdır, mənzilin dəyərinin 5000 manatı alıcıipoteka qoyanın özü tərəfindən, 22500 manatı isə kreditor-ipoteka saxlayan tərəfindən kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. İş materiallarında olan və İddiaçı, Cavabdeh və X3 tərəfindən 30.10.2010-cu il taixdə tərtib edilmiş və İddiaçı və Cavabdeh tərəfindən imzalanmış aktın kserosurətindən görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 23/10, mənzil 12-ni “Nikoyl” Bankdan ipoteka krediti ilə götürmüş və İddiaçı satmış və 12500 ABŞ dolları götürmüş. İddiaçı “Nikoyl” Bankın kredit ödənişini hər ayın 1-də vaxtı-vaxtında ödəməlidir. “Nikoyl” Banka krediti ödənilib qurtarandan sonra Cavabdeh alqı-satqı yolu ilə mənzili İddiaçı adına keçirməlidir. İş materiallarında olan və İddiaçı, Cavabdeh və X3 tərəfindən 30.10.2010-cu il taixdə tərtib edilmiş və İddiaçı və Cavabdeh tərəfindən imzalanmış aktın kserosurətindən görünür ki, İddiaçı Cavabdeh “Nikoyl” Bankdan aldığı və ona satdığı Sumqayıt şəhəri, 18ci məhəllə, ev 23/10, mənzil 12-də 10000 ABŞ dolları verdi.Qalan 2500 ABŞ dollarını noyabr ayında verəcək.23 noyabr 2010-cu il tarixdən 4 dekabr 2010-cu il tarixədək İddiaçı 2500 ABŞ dolları vermişdir. İş materiallarında olan və tərəflərin tərtib edilmiş və imzalanmış 30.10.2010-cu il tarixli aktına əsasən İddiaçı “Nikoyl” Bankın kredit ödənişini hər ayın 1-də vaxtı-vaxtında ödəməlidir. İş materiallarında olan və “Nikoyl” İnvestisiya Bank tərəfindən verilmiş mədaxil qəbzlərinin kserosurətlərindən görünür ki, İddiaçı 38 qəbz üzrə 12712 manat məbləğində pul ödəmişdir. Eyni zamanda məhkəmə xüsusi ilə qeyd edir ki, mübahisəli mənzil 2010-cu ildən başlayaraq iddiaçının faktiki istifadəsində olmuş və bununla bağlı o, cavabdehə hər hansı haqq ödəməmişdir. Azərbaycan Respublikası MM-nin 522-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. İddiaçı və Cavabdeh arasında olan razılaşma barədə “Nikoyl” İnvestisiya Bankından icazə alınmasını təsdiq edən sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası MM-nin İX bölməsində mülki hüquq pozuntulardan (deliktlərdən) əmələ gələn öhdəliklər göstərilir. Azərbaycan Respublikası MM-nin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə(zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-nin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələnё pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-in 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) başa düşülür. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrüubəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirilməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin qərarının 8-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmədə iddiaçı onun mənəvi sarsıntılar keçirməsini, bunların cavabdehin məhz hansı qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi və bu hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini təsdiq edən mötəbər və təkzibolunmaz sübutları məhkəməyə təqdim etmədi, halbuki Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-inin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-inin 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 12000 ABŞ dolları məbləğində pul, 12712 manat məbləğində pul və ödənilmiş 31 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Ödənilən məbləğ qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablansın. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qubadlı Rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar