Məhkəmə qərarları › İş №2(028)-450/2024

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-450/2024

30.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-450/2024 30.09.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X5 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Zülfüqarzadə (İsayeva) Mehriban Əzizağa qızına qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Zülfüqarzadə (İsayeva) Mehriban Əzizağa qızından 4000 (dörd min) manat pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, 2023-cü ilin yanvar ayında qızıl alveri ilə məşğul olmaq qərarına gəlmiş və bunun üçün univermaqlardan qızıl almışdı. Bu məsələdən qohumu Mehribanın da xəbəri olmuş və evlərində olarkən ona təklif etmişdir ki, aldığı qızıllardan ona da versin və satıb pulunu versin, əvəzində isə ona hörmət etsin. Belə razılığa gəmişdi ki, aldığı qızılın qramını Mehribana 100 manata verəcək və həmin qızılın üstünə 10 manat da qoyub satacaq və pulunu ona verəcək. 2023-cü ilin yanvar ayından başlayaraq Mehribana müxtəlif çeşiddə qızıllar verməyə və bu barədə öz dəftərində qeydlər aparmağa başladı. Mehriban hər dəfə aldığı qızılların pulundan bir qədər gətirib ona vermiş və o da Mehribana satdığı qızıldan düşən payı vermişdir. 2023-cü ilin may ayına kimi Mehriban ondan 391 qram çəkidə qızıl almış, həmin qızılın ümumi dəyəri 32762 manat təşkil etmiş, həmin puldan ona ümumilikdə 14630 manat ödəniş etmiş və o da etdiyi ödənişdən Mehribana ümumilikdə 1320 manat pul vermişdir. 2023-cü ilin may ayında öyrənmişdir ki, Mehriban ondan hər dəfə aldığı qızılları aparıb lombarda qoymuş və həmin lombarddan aldığı pulun yarısını gətirib ona verməklə guya qızılları satdığı şəxslərdən aldığı pul kimi təqdim etmişdir. Bunu öyrəndikdən sonra Mehribanla görüşüb söhbət etmək istəsə də, Mehriban gizlənmiş və o, Mehribanın anası ilə danışdıqda ona bildirmişdir ki, qızılların hamısı lombarddadır və onları satışa çıxarmışlar, Mehriban həmin qızılların pulunu ona ödəyə bilməyəcək. Həmin vaxt Sumqayıt şəhərində yerləşən Karvan Ticarət Mərkəzinin yanında yerləşən lombarda və ya kredit evinə getdi. Orda işləyən Şəmsi adlı xanımla görüşdü və həmin xanımdan Mehriban Zülfüqarzadənin kredit götürüb-götürməməsi, qızıllar qoyub-qoymamasını dəqiqləşdirdikdə, müəyyən etdi ki, Mehriban ona verdiyi 391 qram qızılın hamısını öz adına lombarda qoyub. Bundan sonra dəfələrlə Mehriban və ailə üzvlərindən qızıllarını və ya pulunu qaytarmalarını tələb etsə də, onlar nə pul, nədə qızılını verməmişdilər. O da məcbur olub hüquq mühafizə orqanlarına müraciət etmişdi. Mehriban Zülfüqarzadəyə 7,64 qram çəkidə boyunbağı, 5,98 qram çəkidə qolbaq, 8,63 qram çəkidə boyunbağı, 6,66 qram çəkidə üzük, 4,05 qram çəkidə sırğa, 3,98 qram çəkidə sırğa, 3,26 qram çəkidə boyunbağı, 4,34 qram çəkidə qolbaq, 12,23 qram çəkidə komplekt, 2 qram çəkidə boyunbağı, 13,15 qram çəkidə komplekt, 6,55 qram çəkidə qolbaq, 12,65 qram çəkidə komplekt, 11,31 qram çəkidə qolbaq, 3,48 qram çəkidə üzük, 4,37 qram çəkidə boyunbağı, 3,22 qram çəkidə sırğa, 3,11 qram çəkidə boyunbağı, 2,86 qram çəkidə qolbaq, 6,23 qram çəkidə boyunbağı, 4,01 qram çəkidə sırğa, 3,20 qram çəkidə boyunbağı, 3,07 qram çəkidə sırğa, 8,94 qram çəkidə komplekt, 7,13 qram çəkidə komplekt. 10,94 qram çəkidə komplekt, 4,74 qram çəkidə sırğa, 1,43 qram çəkidə üzük, 3,94 qram çəkidə boyunbağı, 6,42 qram çəkidə komplekt, 5,46 qram çəkidə boyunbağı, 11,01 qram çəkidə boyunbağı, 10,55 qram çəkidə komplekt, 2,32 qram çəkidə üzük. 2,55 qram çəkidə sırğa, 2,45 qram çəkidə boyunbağı, 3,8 qram çəkidə üzük, 9,86 qram çəkidə komplekt, 3,26 qram çəkidə üzük, 2,65 qram çəkidə qolbaq, 9,14 qram çəkidə komplekt, 2,45 qram çəkidə üzük, 2,57 qram çəkidə üzük, 8,24 qram çəkidə komplekt, 6,88 qram çəkidə boyunbağı, 6,47 qram çəkidə boyunbağı, 3,67 qram çəkidə sırğa, 8,92 qram çəkidə komplekt, 3,61 qram çəkidə sırğa, 3,01 qram çəkidə üzük. 7,08 qram çəkidə boyunbağı, 7,65 qram çəkidə boyunbağı, 3,54 qram çəkidə sırğa, 2,74 qram çəkidə sırğa, 6,34 qram çəkidə boyunbağı, 6,24 qram çəkidə sırğa, 2,67 qram çəkidə üzük, 4,59 qram çəkidə sırğa, 9,38 qram çəkidə komplekt, 1,32 qram çəkidə üzük, 3,36 qram çəkidə boyunbağı, 6,47 qram çəkidə sırğa, 12,32 qram çəkidə komplekt, 3,91 qram çəkidə boyunbağı 585 əyyarlı qızılları, 5 qram çəkidə üzük, 4,48 qram çəkidə brilliant üzük, 15,53 qram çəkidə komplekt 750 əyyarlı qızılları vermişdi. 2023-cü ilin iyul ayında Mehriban Zülfıqarzadənin barəsində hüquq mühafizə orqanlarına şikayət etmişdi. ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmışdı. Həmin qərarda X1 ifadə verərək göstərmişdir ki, Sumqayıt şəhərində yerləşən mağazada satıcı işləyir. Onu təxminən 2018-ci ildən tanıyır, onun ərinin əmisi arvadıdı. İddiaçı alver ilə məşğul olmuş, qızıl alveri də etmişdir. 2019-cu ildə azyaşlı oğlu qaynar suda yanmışdır. Həmin vaxt oğluna yardıma etmək üçün çoxlu xərcləri çıxmış, bu zaman ərinin əmisi də onlara köməklik etmişdir. Həmin ərəfələrdə iddiaçı onunla söhbət edən zaman övladının məktəbə getdiyini, çevrəsinin olduğunu və istəyirsə ona qızıl versin və satıb pul qazansın. O, əvvəlcə buna razı olmamış, lakin iddiaçı ona narahat olmamasını demişdir. Bundan sonra o, bir neçə ay iddiaçının ona verdiyi qızılları nisyə satmağa başlamış, bunula bağlı əri ilə evdə söz söhbət yaranmışdır. O, iddiaçı ilə danışıb daha qızıl alveri etməyəcəyini demişdir. Bundan sonra Covid-19 pandemiyasından sonra 2023-cü ilin yanvar ayında iddiaçı yenə onunla söhbət edən zaman qızıl alveri ilə məşğul olmağı təklif etmişdir. O, əvvəlcə razılaşmasa da, sonradan iddiaçının dediyi sözlərə görə razılaşmışdır. Belə ki, pandemiyadan əvvəl iddiaçı satdığı 7 qram qızıla görə ona 10 manat vermiş, pandemiyadan sonra isə iddiaçı satdığı hər qızılın qramına görə ona 10 manat verəcəyini demişdir. O da pul lazım olduğu üçün razılaşmışdır. İlk əvvəl iddiaçının ona verdiyi qızılları nisyə satmış, təxminən 6000 manatlıq qızıl satmışdır. Sonradan isə iddiaçı ona qızıla görə verməli olduğu pulu vermədiyi üçün və sonda verəcəyini bildirdiyi üçün o, əvvəlcə iddiaçı ilə iş görmək istəməmiş, həm də əri də buna etiraz etmiş və bibisinin normal insan olmadığını demişdir. Lakin iddiaçının israrlarından sonra o, qızıl alverinə davam etmişdir. Sonra fikirləşmişdir ki, iddiaçının verdiyi qızılları aparıb lombarda qoysun və lombarddan aldığı pulları ona versin, lombardın ödənişini ödəyib sonda qızılları özünə götürsün. İddiaçıdan o, 2023-cü ilin yanvar ayından 2023-cü ilin sentyabr ayına kimi olan dövr ərzində 374-376 qram çəkidə qızıl götürüb aparıb lombarda qoymuş və lombarddan aldığı pulları aparıb iddiaçıya vermiş və həmin pulları hər dəfə iddiaçıya nisyə satdığı şəxslərin adlarını yalandan qeyd etmişdir. O, 2023-cü ilin mart ayına kimi qızıllara görə ödəniş etsə də, sonradan mart ayından may ayına kimi maddi durumu pis olduğundan daha ödəniş edə bilməmiş və lombardda faizləri çoxalmışdır. Mehribanın ona 18000 manat borcu olmuş və həmin pulun 14000 manatını ödəmiş və 4000 manat borcu qalmışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Zülfüqarzadə (İsayeva) Mehriban Əzizağa qızı qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən zaman cavabdeh iddianı qəbul edərək bildirmişdir ki, iddia əsaslıdır. Onun həqiqətən də iddiaçıya 4000 manat borcu vardır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin İstintaq şöbəsinin ********* saylı xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, hazırda Sumqayıt şəhərində yerləşən mağazada satıcı işləyir. İddiaçı təxminən 2018-ci ildən tanıyır, sonuncu onun ərinin əmisi arvadıdır, əri Cəmilə ilə danışmadıqları üçün sonuncunu əvvəllər tanımamışdır. Cəmilə alverlə məşğul olmuş, qızıl alveri də etmişdir. 2019-cu ildə azyaşlı oğlu qaynar sudan yanmışdır. Həmin vaxt oğluna yardım etmək üçün çoxlu xərcləri çıxmış, həmin vaxt ərinin əmisi də onlara köməklik etmişdir. Həmin ərəfələrdə Cəmilə onunla söhbət edən zaman övladının məktəbə getdiyini, çevrəsinin olduğunu və istəyirsə ona qızıl versin və qızıl satıb pul qazansın. O, əvvəlcə buna razı olmamış, lakin Cəmilə ona narahat olmamağı demişdir. Bundan sonra o, bir neçə ay Cəmilənin ona verdiyi qızılları nisyə satmağa başlamış, bununla bağlı əri ilə evdə söz-söhbət yaranmışdır. O, Cəmilə ilə danışıb daha qızıl alveri etməyəcəyini demişdir. Bundan sonra Covid-19 pandemiyasmdan sonra 2023-cü ilin yanvar ayında Cəmilə yenə onunla söhbət edən zaman qızıl alveri ilə məşğul olmağı təklif etmişdir. O, əvvəlcə razılaşmasa da, sonradan Cəmilənin dediyi sözlərə görə razılaşmışdır. Belə ki, pandemiyadan əvvəl Cəmilə satdığı 7 qram qızıla görə ona 10 manat vermiş, pandemiyadan sonra isə Cəmilə satdığı hər qızılın qramına görə ona 10 manat verəcəyini demişdir. O da pul lazım olduğu üçün razılaşmışdır. İlk əvvəl Cəmilənin ona verdiyi qızılları nisyə satmış, təxminən 6000 manatlıq qızıl satmışdır. Sonradan isə Cəmilə ona qızıla görə verməli olduğu pulu vermədiyi üçün və sonda verəcəyini bildirdiyi üçün o, əvvəlcə Cəmilə ilə iş görmək istəməmiş, həm də əri də buna etiraz etmiş və bibisinin normal insan olmadığını demişdir. Lakin Cəmilənin israrlarından sonra o, qızıl alverinə davam etmişdir. Sonra fikirləşmişdir ki, Cəmilənin verdiyi qızılları aparıb lombarda qoysun və lombarddan aldığı pulları Cəmiləyə versin, lombardın ödənişini ödəyib sonda qızılları özünə götürsün. Cəmilədən o, 2023-cü ilin yanvar ayından 2023-cü ilin sentyabr ayına kimi olan dövr ərzində 374-376 qram çəkidə qızıl götürüb aparıb lombarda qoymuş və lombarddan aldığı pulları apanb Cəmiləyə vermiş və həmin pulları hər dəfə nisyə satdığı qızılların pulundan verdiyini demişdir. Hətta Cəmiləyə qızılları lombarda qoymağı barədə məlumat vermədiyi üçün qızılları guya nisyə satdığını demiş və hər dəfə Cəmiləyə nisyə satdığı şəxslərin adlarını yalandan qeyd etmişdir. O, 2023-cü ilin mart ayına kimi qızıllara görə ödəniş etsə də, sonradan mart ayından may ayına kimi maddi durumu pis olduğundan daha ödəniş edə bilməmiş və lombarda faizlər çoxalmışdır. 2023-cü ilin may ayında isə Cəmiləyə hər şeyi danışmış və bundan sonra Cəmilə 2023-cü ilin iyul ayında onun barəsində hüquq mühafizə orqanlarına şikayət etmişdir. Cəmilənin bildirməsinə görə onun 18000 manat borcu vardır, onun Cəmiləyə 17000 manat borcu olmuş və həmin pulun 10000 manatını ödəmiş və 7000 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Hazırki işdə iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə məhkəmə iddianın etiraf edilməsini qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh Zülfüqarzadə (İsayeva) Mehriban Əzizağa qızından 4000 (dörd min) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar