Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-480/2024 20.08.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı dəymiş maddi ziyan tələbinə dair Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1385/2024 saylı, xx.xx.2024cü il tarixli Qərardadına əsasən aidiyyəti üzrə Qubadlı Rayon Məhkəməsinə göndərilmiş mülki işinin icraata qəbul olunması məsələsinə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 4287 manat pulun, ödənilmiş 63 manat dövlət rüsumunun, 300 manat vəkilə ödənilmiş xidmət haqqının alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1385/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Qubadlı Rayon Məhkəməsinə göndərilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1385/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı belə əsaslandırılmışdır ki, işin məhkəmə tədqiqatı zamanı araşdırılan hallarından müəyyən olundu ki, iddia ərizəsində cavabdeh kimi adı göstərilən Cavabdeh1 hazırki iddiaya heç bir aidiyyatı yoxdur. İddia ərizəsində Cavabdeh1 etibarnaməsiz avtomobili idarə etməsi qeyd olunsa da, işdə onun avtomobili lazımi səlahiyyəti olmadan idarə etməsinə görə inzibati qaydada məsuliyyətə cəlb olunmasına dair heç bir sübut yoxdur. Eyni zamanda, məhkəmə iclasları barədə dəfələrlə Cavabdeh1 məlumat verilsə də, o, məhkəmə iclaslarında iştirak etməmiş, digər cavabdehlər isə həmin şəxsi tanımadıqlarını, hadisənin törədilməsi vaxtında və başqa vaxtlarda qeyd olunan şəxs ilə tanışlıqları olmadıqlarını bildirmişlər. Bundan başqa, iddiaçının vəkili və nümayəndəsi də Cavabdeh1 hadisənin törədilməsi, həmin günü avtomobili etibarnaməsiz idarə etməsi və onun hazırki iddiaya aidiyyatını təsdiq edən heç bir mötəbər sübutunu məhkəməyə təqdim edə bilmədi. Göründüyü kimi, Cavabdeh1 hazırki işlə bağlılığı və aidiyyatı olmadığından qeyd olunan işə cavabdehlər Cavabdeh2 və ya Cavabdeh3 rəsmi qeydiyyatda olduğu yerin məhkəməsində baxılmalıdır. Bununla belə, məhkəmə baş vermiş yol-nəqliyyat hadisəsində məhz Cavabdeh2 inzibati qaydada təqsirli bilinməsini nəzərə alır və belə hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Qubadlı Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə mülki işi nəzərdən keçirərək hesab edir ki, mülki iş məhkəmə aidiyyətinin müəyyən olunması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, mülki iş Xaçmaz Rayon Məhkəməsinin icraatında araşdırılarkən məhkəmə iddiaçıya Cavabdeh1 cavabdehlər sırasından çıxarmağı və iş üzrə cavabdehlər qismində əsl cavabdehləri saxlamağı təklif etsə də, iddiaçı buna razılıq verməmişdir. Buna baxmayaraq Məhkəmə Cavabdeh1 irəli sürülmüş iddia tələbi üzrə cavabdeh olmadığı qənaətinə gələrək qanunvericilik normalarına zidd olaraq cavabdehlər barəsində yekun qərar qəbul edilənədək fikir bildirməklə mülki işi əsassız olaraq aidiyyəti üzrə baxılması üçün Qubadlı Rayon Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin Məcəllənin 46-cı maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: - 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; - 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; - 44.2.3. hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; - 44.2.4. iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; - 44.2.5. hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; - 44.2.6. bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44, 45 və 263-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı dəymiş maddi ziyan tələbinə dair Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1385/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərardadına əsasən aidiyyəti üzrə Qubadlı Rayon Məhkəməsinə göndərilmiş mülki işin ərazi aidiyyətinin müəyyən olunması üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №2(028)-480/2024
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-480/2024
20.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver