Məhkəmə qərarları › İş №2(028)-492/2023

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-492/2023

26.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-492/2023 26.10.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X6 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qubadlı Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, birgə nikahlarından olan xx.xx.2017-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi ) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı iddiasını müdafiə edərək göstərdi ki, o, 03 dekabr 2016-cı il tarixdə cavabdeh ilə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından bir övladları dünyaya gəlmişdir.Qubadlı Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli qətnaməsi ilə uşağının saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutulması müəyyən edilmişdir. Cavabdeh Qubadlı rayon polis şöbəsinin Post Patrul Xidmətində işləyir.Özü işləmir və uşağı saxlamaqda çətinlik çəkir. Digər tərəfdən də hesab edir ki, bazar qiymətlərin artması, uşağın böyüməsi ilə əlaqədar olaraq onun xərclərinin artması kimi diqqətəlayiq hallar nəzərə alınmaqla alimentin məbləği dəyişdirilməli, tutulan 150 manat məbləğində alimentin miqdarının artırılaraq, birgə nikahlarından olan uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulması müəyyən edilməlidir. "Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası ‘‘Uşaq hüquqları haqqında” qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddianı qəbul etmədi və göstərdi ki, o, birinci dəfə X4 ilə ailə qurmuş və həmin nikahdan olan uşağın saxlanması üçün 220 manat aliment ödəyir.Bunu nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. Üçüncü şəxs X4 məhkəməyə ünvanlanmış ərizədə işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X1 verilməsi qət edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasından iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə qeyd edir ki, Qubadlı Rayon Məhkəməsi 30 dekabr 2021-ci il tarixli qətnaməsini qət edərkən, Qubadlı rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 148-4356-1221 saylı arayışını nəzərə almışdır.Həmin arayışa əsasən Qubadlı rayon Polis İdarəsinin PPX tağımın manqa komandiri polis baş serjantı Cavabdeh əmək haqqısından hər ay mütəmadi olaraq 146 (bir yüz qırx altı) manat məbləğındə pul tutularaq aliment pulu olaraq X2 hesabına köçürülür. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və manafelərinin mühafizəsi valideynlərinin əsas vəzifəsidir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.2.-ci maddəsinə əsasən, yaşayış minimumu-minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər . “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşıqa çatmayan uşaqlarla validenlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxarkən qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-ci il tarixli qərarın 8.7-ci bəndində göstərilir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin qərarın 8.13 bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddiaçı bir uşağının saxlanılması üçün cavabdehdən tutulacaq alimenti 220 manat məbləğində tələb edir. Məhkəmə cavabdehin başqa aliment ödəmələrinin olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən bir uşağının saxlanması üçün hər ay 220 manat deyil, 175 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Qubadlı Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, birgə nikahlarından olan xx.xx.2017-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 ( yüz yetmiş beş ) manat sabit pul məbləğində aliment qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub İddiaçı ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar