Məhkəmə qərarları › İş №2(028)-508/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-508/2025

08.12.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-508/2025 08.12.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X7 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi, İddiaçı, Cavabdeh1, Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maneənin və müdaxilənin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 1-ci mikrorayon ünvanında yerləşən 13 saylı bağçada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən mənzilinə verilən elektrik enerjisinin, suyun, kanalizasiya xəttinin cavabdehlərin vəsaiti hesabına bərpa edilməsi, gələcəkdə ediləcək hər hansı müdaxilələrin cavabdehlərə qadağan edilməsi və ödənilmiş 110 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər onun keçmiş qaynata və qaynanasıdır. İddiaçı cavabdehlərin oğlu X3 ilə xx.xx.2016-cı ildə rəsmi nikaha daxil olmuşdur. Tərəflərin rəsmi nikahdan iki övladları vardır. Qubadlı Rayon Məhkəməsinin 2(028)- 226/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında nikah pozulmuş, uşaqlar iddiaçının himayəsinda saxlanılmış və cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 154 manat, cəmi 308 manat alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə qət edilmişdir. İddiaçı 2009-cu ildə el adəti ilə Sumqayıt şəhəri, 1-ci mikrorayon ünvanında yerləşən 13 saylı bağçaya gəlin gəlmiş və orada 2025-ci ilin iyun aıyn 14-dək cavabdehlərlə birlikdə yaşamışdır. Cavabdehlər onun azyaşlı övladları ilə sözügedən ünvanda yaşamalarına imkan vermirlər. Beləki, onlar iddiaçının otağı, dəhlizə, sanitar qovşağına (hamam və tualet) gələn işıq, su və qaz xəttlərini bilərəkdən kəsmişdir. Nəticədə mənzildə yaşamaq qeyri-mümkün olmuşdur. Cavabdehlərin günahı üzündən azyaşlı övladları ilə anası və iki qardaşı ilə birlikdə bir otaqlı fərdi evdə kirayə yaşayır. Göstərilənlər nəzərə alınaraq iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, ailə həyatı qurduqdan sonra ailəsi ilə birlikdə Sumqayıt şəhəri, 1-ci mikrorayon ünvanında yerləşən 13 saylı bağçada yaşamağa başlamışdır. Qeyd edir ki, 2018-ci ildə keçmiş əri Rüstəm Təhməzovla boşandıqdan sonra yuxarıda qeyd edilən ünvanda yerləşən bağça binasının bir otağında məskunlaşaraq uşaqları ilə birlikdə yaşamışdır. Yaşadığı otağa kommunal xətlər cavabdehlər tərəfindən kəsildikdən sonra Bakı şəhərində kirayədə yaşayan anasınını yaşadığı ünvana köçmüşdür. Məskunlaşdığı həmin otağa qaz, su və elektrik xətləri məhz cavabdehlərin yaşadığı ünvandan gəlmiş, qazdan, sudan və elektrik enerjisindən istifadəyə görə ödənişləri də məhz cavadehlər, yəni keçmiş qaynatası və qaynanası ödəmişdir. Ondan qarşı tərəf heç vaxt ödənişin edilməsini tələb etməmişlər. Belə ki, o, aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etdikdən sonra cavadehlər də işıq, qaz, su xəttini kəsmiş nəticədə bu xidmətlərdən istifadə edə bilməsi mümkünsüz olmuşdur. Qeyd edir ki, bütün sayğaclar Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Bundan başqa bildirir ki, o, xx.xx.2025-ci il tarixdə Qubadlı rayon İHB-nın Qubadlı şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin “ASAN” xidmət mərkəzinə təqdim etmək üçün verilən arayışında onun oğlu və qızı ilə ünvan 2 ünvanında müvəqqəqi olaraq məskunlaşdığı qeyd edilmişdir. Bu səbəbdən həmin otağa ayrıca qaz, su, elektrik xətlərinin çəkilməsi üçün aidiyyatı üzrə müraciət etsə də, bu bir nəticə verməmişdir. Özü məcburi köçkün deyil, Qazax rayonunda qeydiyyatdaddır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, oğlu Rüstəm İddiaçı ilə boşandıqdan sonra keçmiş gəlini Minayə uşaqları ilə birlikdə yaşadıqları bağçada digər bir otaqda məskunlaşmışlar. Lakin Minayə oğlu ilə boşandığı tarixdən bugünədək kommunal ödənişlərin ödənilməsində bir dəfə də olsun iştirak etməmişdir. Bildirir ki, bu yaxınlarda "xxxx" ASC-nin əməkdaşı olan Əfqan adlı şəxs mənzilə baxış keçirmiş, həmin şəxs elektrik naqilləri alınacağı təqdirdə həmin otağa ayrıca işıq xətti çəkilə bilinməsinin mümkünlüyünü bildirmiş, lakin Minayə naqillər almadığına görə sonuncunun yaşadığı otağa ayrıca işıq xətti çəkilməmişdir. Qeyd edir ki, indiyədək bütün komunal ödənişləri özü ödəmişdir. Hazırda imkansızlıq səbəbəindən iddiaçının da istifadə etdiyi qaz, elektrik və suya görə borcunu ödəyə bilmir. Belə ki, bütün xətlər onun sayğacından keçməklə iddiaçının yaşadığı otağa getdiyindən o, həmin otağa gedən xətləri kəsmişdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, oğlu Rüstəm boşandıqdan sonra 2018-ci ildən bəri keçmiş gəlini və nəvələri ilə birlikdə onların mənzilinin bir otağında yaşamış, kommunal və digər qida xərclər yoldaşı ilə özü ödəmişdir. Hətta oğlanları Rüstəmin əvəzinə belə qarşı tərəfə aliment ödəmişlər. Qeyd edir ki, Minayə 2025-ci ilin iyun ayında aliment məbləğinin artırılması barədə məhkəməyə müraciət etmiş, nəticədə maddi durumları daha da çətinləşmiş, kommunal xəttləri ayırmağı qərara almışlar. Hazırda "xxxx" ASC-yə 400 manatdan artıq ödənilməmiş bocları var. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, Qubadlı rayon İcra Hakimiyyəti Qubadlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışına əsasən İddiaçı ünvan 3 ünvanında müvvəqqəti olaraq məskunlaşmışdır. Ailə tərkibi 2011-ci il təvəlldlü X1 və 2017-ci il təvəlldlü X2r. Qubadlı Rayon Məhkəməsinin 2(028)-226/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən X3 ilə İddiaçı arasında olan nikahın pozulması, 03.10.211-ci il təvəlldlü Gəncəli və xx.xx.2017-ci il təvəlldlü Aylanın anaları İddiaçı himayəsinə verilməsi, xx.xx.2018-ci il tarixdən başlayaraq uşaqların saxlanması üçün hər ay hər uşağa görə 154 manat alimentin Rüstəm Təhməzovdən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddiaçı öz tələbinin əsasını təşkil edəcək inandırıcı və mötəbər sübutlar məhkəməyə təqdim etməmiş, bu səbəbdən iddia tələbi rədd edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən tədqiq edilmiş hallarından müəyyən edilmişdir ki, iddiaçı cavadehlərin oğulları Rüstəm Təhməzovla 12 fevral 2016-cı il tarixdə ailə həyatı qurmuşdur. İddiaçı özü Qazax rayonu Daşsalahlı kəndində qeydiyyatda olmasına baxmayaraq ailə həyatı qurduqdan sonra əri ilə birlikdə cavabdehlərin məcburi köçkün olaraq sığınacaq kimi məskunlaşdıqları Sumqayıt şəhəri 1-ci mkr, 13 saylı məkətəbəqədər təhsil müəsisəsi olan bağçada yaşamışdır. Onlar arasında bağlanmış nikah Qubadlı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə pozulmuş, nkahları pozulduqdan sonra o, iki azyaşlı övladı ilə həmin bağçada yerləşən digər otaqda məskunlaşmışdır. Bu müddət ərzində məhz cavabdehlərin sayğaclarından keçməklə onun yaşadığı otağa daxil olan qaz, su və elektrik enerjisindən istifadə etmişdır. Boşandıqdan sonra cavabdehlərlə heç bir birgə təsərüffat aparmamış, eyni zamanda o, bu illər ərzində istifadə etdiyi qaza, suya və elektrik enerjisinə görə kommunal ödənişlər etməmiş, bu müddət ərzində bütün ödənişlər cavabdehlər tərəfindən həyata keçirilmişdir. Məhkəmə hazırki iş üzrə cavabdehlərin iddiaçı qarşısında sonuncunun istifadə etdiyi kommunal xidmətlərə görə yaranmış borcları ödəmək kimi bir vəzifələrinin olduğunu müəyyən etməmişdir. Bu səbəbdən cavabdehlərin iddiaçının yaşadığı otağa birincilərin sayğacından keçməklə daxil olan qaz, su, elektrik xəttlərini ayırmasını əsaslı və qəbul edilən hesab edir. Göründüyü kimi iddiaçı məhz cavabdehlər tərəfindən və sonuncuların vəsaiti hesabına adı çəkilən bağçada yerləşən iddiaçının yaşadığı otağa elektrik enerjisinin, qazın, suyun və kanalizasiya xəttlərinin bərpa edilməsininin mümkünlüyü ilə bağlı istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 77, 119, 284-1-284- 6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi rədd edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Sumqayıt şəhəri, 1-ci mikrorayon ünvanında yerləşən 13 saylı bağçada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən mənzilinə verilən elektrik enerjisinin, suyun, kanalizasiya xəttinin cavabdehlərin vəsaiti hesabına bərpa edilməsi, gələcəkdə ediləcək hər hansı müdaxilələrin cavabdehlərə qadağan edilməsi və ödənilmiş 110 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsinə dair iddiası təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar