Məhkəmə qərarları › İş №2(028)-512/2022

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-512/2022

06.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-512/2022 06.10.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinovun sədrliyi, Aynurə Akif qızı Mustafayevanın katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2050 (iki min əlli) manat məbləğində pulun və ödənilmiş 40 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, 2020-ci ilin fevral ayında qızına cehizlik mebel hazırlamaq üçün cavabdehə sifariş etmişdir.Mebellərin ümumi dəyərinin 2600 manat civarında razılığa gəlmiş və bu qiymətdən 2050 manat dərhal ödəmiş, yerdə qalan 550 manat məbləği isə mebellərin hazır olduğu gün - xx.xx.2020-ci il tarixdə götürərkən hesablaşmasına razılıq əldə etmişlər.Lakin belə olmamışdır.Cavabdeh mebellərin vəd etdiyi müddətdə hazır olmamasına müxtəlif bəhanələr gətirmiş və ən sonda isə bunu COVİD-19 pandemiyası ilə əsaslandırmışdır.Bundan sonra isə cavabdeh işlətdiyi mebel sexinin yanmasını və onun sifariş etdiyi hazır mebellərin yanaraq kül olduğunu bildirmişdir.Bununla bağlı cavabdeh böyük məbləğdə ziyana düşdüyünü və aldığı pulu hissə-hissə qaytaracağını bildirmişdir. Lakin bu vədini əməl etməmişdir.Pulu ondan tələb edəndə o, müxtəlif bəhanələr gətirərək pulu verməkdən yayınmışdır. Bu səbəbə görə o, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü PB-nə şikayət etmiş və Cavabdeh barəsində CM-nin 178-ci maddəsi ilə cinayət işi başlamışdır. Araşdırma zamanı məlum olmuşdur ki, guya cavabdeh torpaqlarımızın azadlığı uğrunda gedən 44 günlük müharibə zamanı Qubadlı rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Sonra Sumqayıt şəhər Polis İdarəsinin 3-cü PB-də “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 24 yanvar 2022-ci il tarixli qərar qəbul edilmiş və ona izah olunmuşdur ki, iş mülki xarakterli olduğundan o, məhkəməyə müraciət etməlidir. Cavabdehin ondan 2050 manat məbləğində pulu almasını çoxsaylı sübutlarla təsdiq olunur. Cavabdeh pulun alınması barədə öz xətti və imzası ilə xx.xx.2020-ci il tarixdə tərtib edilmiş qəbz vermişdir. Bunları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və Cavabdeh tərəfindən öz dəstixətti ilə tərtib edilmiş qəbzin kserosurətindən görünür ki, ona İddiaçı 2050 manat yataq və qonaq və mətbəx mebeli künc divanı sifariş verib və masa 4 taburetka sifariş verib.Aralarında 550 manat pul qalıb.Sifariş olunan malları xx.xx.2020-ci il tarixdə təhvil veriləcək sahibinə. İş materiallarında olan və Sumqayıt şəhər Polis İdarəsinin 3-cü PB-nin təhqiqatçısı polis kapitanı Pərviz Babayev tərəfindən qəbul edilmiş «Cinayət işi başlanmasının rədd edilməsi barədə» xx.xx.2022-ci il tarixli qərarında göstərilir ki, araşdırma zamanı Cavabdeh atası X1 öz izahatında İddiaçı dediklərini təsdiqləyərək xx.xx.2020-ci il tarixdə Cavabdeh məxsus sex və içindəki mebellərin yandığını, həqiqətəndə 2020-ci ilin oktyabr ayının 19-da Məsudun Qubadlı rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılaraq aparaldığını, oğlunun xidmətdən qayıtdıqdan sonra pulu geri qaytaracağını bildirmişdir. Araşdırma zamanı digər şəxslər eyni məzmunlu izahatlar vermişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən cəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin içrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 753-cü maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 771-ci maddəsinə əsasən podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 772-ci maddəsinə əsasən görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 2050 (iki min əlli) manat məbləğində pul və ödənilmiş 40 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar