Məhkəmə qərarları › İş №2(028)-538/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-538/2025

22.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-538/2025 22.12.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X6 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16000 (on altı min) manat əsas, 4000 (dörd min) manat əldən çıxmış fayda və 150 manat dövlət rüsumu tutularaq xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı tanıdığı cavabdehə 2024-cü ilin iyun ayında 57500 (əlli yeddi min beş yüz) manat borca pul vermişdir. Cavabdeh borc alarkən bildirmişdir ki, tikiş sexi var, bu sexi dirçəltmək üçün müəyyən tikiş işləri görməlidir. Ən geci 2 aydan sonra aldığı məbləği geri qaytaracaqdır. Cavabdeh 2024-cü ilin dekabr ayına qədər 39500 (otuz doqquz min beş yüz) manat borcunu qaytarmış və bir aydan sonra yerdə qalan 18 000 (on səkkiz min) manat borcunu qaytaracağını bildirmişdir. Lakin xeyli vaxt keçdikdən sonra cavabdeh onun telefon zənglərinə cavab verməməyə başladı. Ona bir neçə dəfə sms yazsa da, xeyli müddətdən sonra telefonu açaraq imkanı olanda pulunu qaytaracağını bildirmişdir. Bundan sonra bu məsələ ilə əlaqədar xx.xx.2025-ci il tarixində Sumqayıt Polis Şöbəsinin 3-cü Polis Bölməsinə müraciət etmişdir. İş ilə bağlı tədqiqat aparılsa da, sonradan mülki iş olduğu üçün xitam verilmişdir. Polisin apardığı tədqiqat zamanı cavabdeh onunla görüşərək 18000 manatdan hər ay 1000 manat olmaqla qaytaracağını bildirmişdir. İki ay ərzində ona bu məbləğdən 2000 manat qaytarmışdır. Bir müddət keçdikdən sonra cavabdeh məbləğin qalan hissəsini ona qaytaracağını bildirsə də, verdiyi vədə əməl etmir. Pulu cavabdehə verərkən aralarında müqavilə bağlamasalar da, polisin apardığı tədqiqat zamanı dilindən yazılı iltizam almışdılar. Hesab edir ki, cavabdeh öhdəliklərə əməl etməyərək hüquqlarını kobud sürətdə pozmuşdur. Həmçinin pulunu qaytarmamaqla cavabdeh ona həm mənəvi, həm də maddi ziyan vurmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək və məhkəməyə ərizə təqdim edərək, cavabdehdən 16000 (on altı min) manat əsas və 150 manat dövlət rüsumunun tutularaq xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən zaman cavabdeh bildirmişdir ki, iddiaçı ilə birgə iş görmüşdürlər. İddiaçı ona doğurdan da 57500 manat borc vermişdir. Özünün tikiş sexi vardır. Sonuncu malları iddiaçının dostu Fuad Abdullayevin sexindəki dərzilərə tikdirmişdir. Lakin mallar qüsurlu hazırlanmışdır. Sonradan öz vəsaiti hesabına həmin malları düzəltmişdir. Müqavilə bağladığı tərəf (alıcı) malları qəbul etməkdən imtina etdiyi üçün mallar əlində qalmışdır və onları satıb ödəniş edə bilməmişdir. Hazırda havalar qışa münasibətdə isti keçdiyindən onları sata bilmir. Lakin yaxın aylarda malları satıb iddiaçının pulunu hissə-hissə ödəmək fikrindədir. Hazırda işlədiyi sex fəaliyyətdədir. Həmçinin iltizamda olan imzanın ona məxsus olduğunu qeyd etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis kapitanı X2 Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarına əsasən təhqiqat araşdırması zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, Sumqayıt şəhəri, 11-ci mkr ərazisində “Güntex” adlı tikiş sexində işlədiyini, əlində götürdüyü sifarişləri hazırlamaq üçün az pulu olduğundan keçmiş iş yoldaşı X1 ona pul verirdiyini, işi görüb bitirdikdən sonra onun pulunu geri qaytardığını, sonradan F.Abdullazadə hər dəqiqə lazım olan kimi pul verə bilmədiyini, tanışı İddiaçı pulu olduğunu, onunla birlikdə iş görə biləcəyini dediyini, sonrasında İddiaçı ilə danışdıqlarını və danışıqlarına əsasən İddiaçı sifarişlərin hazırlanması üçün pulu verəcəyini, qalan işləri isə özünün edəcəyini, İddiaçı onun büdcəsinə uyğun sifarişlər olacağı halda ona deməyini, pul verəcəyini dediyini, bundan sonra dəfələrlə İddiaçı götürdüyü sifarişlərin hazırlanması üçün lazım olan xammalı almaq məqsədilə ona müxtəlif məbləğdə pullar verdiyini, üzərində gəliri ilə birlikdə ondan götürdüyü pulu geri qaytardığını, sonrasında Müdafiə Nazirliyində həkim xələtləri ilə bağlı sifariş qəbul etdiyini, həmin sifarişin hazırlanması, hazırladacağı işçilərin əmək haqqısı üçün 34500 manat pul lazım olduğunu, İddiaçı belə bir sifarişin olduğunu bildirdiyini, İddiaçı da pul qoya biləcəyini dediyini, təxminən 2-3 gün ərzində 34500 manat pulu verdiyini, bu sifarişin hazırlanıb təhvil verilməsi üçün 1 ay vaxt lazım olduğunu, bunu İddiaçı dediyini, bu sifariş bitmədən İddiaçı ona ismarıc yazaraq yeni sifraşlərin olubolmadığını soruşduğunu, sifarişlərin olduğunu, bir-bir sifarişləri, nə qədər pul lazım olduğunu, nə qədər gəlir əldə edəcəkərini ona dediyini, İddiaçı çörək zavodunun uniforma sifarişi götürməyini istədiyini, 14000 manat verə biləcəyini dediyini, həmin sifarişi qəbul etdiyini, bundan sonra İddiaçı 14000 manat ona pul verdiyini, sifarişin hazırlanması, işin pulunun verilməsi təxminən 1 ay sonra olmalı olduğunu, həmin sifarişin danışığı zamanı İddiaçı 8-9 min dəyərində sifariş olsa, ona deməyini istədiyini, bundan sonra batinka sifarişi qəbul etdiyini, İddiaçı dediyini, onun da yenidən razılaşdığını və 9000 manat pul verdiyini, götürdüyü bu sifarişlərdən müştərilər pulla hissə-hissə verdiyi üçün İddiaçı pulunu gecikdirdiyini, hissə-hissə aldığı puldan 39500 manatını geri qaytarsa da, 18000 manatını geri qaytara bilmədiyini, geri qaytara bilməməsinin səbəbinin Müdafiə Nazirliyi üçün Hərbi Dəniz Qüvvələrinin forması sifarişini podratçı kimi götürdüyünü, oradan gələn gəlir ilə İddiaçı pulunu geri qaytarmağı düşündüyünü, həmin formanı da İddiaçı dostu F.Abdullazadənin tikiş sexində tikdirdiyini, lakin formaları təhvil verdikdən sonra formanın tikişində deffekt olduğu üçün malın geri qayıtmasının olduğunu bildirmişdir. xx.xx.2025-ci il tarixli İltizama əsasən Cavabdeh bildirmişdir ki, xx.xx.2024-cü il tarixində İddiaçı şərik iş ilə əlaqədar pul götürmüşdür. Bu pulun çox hissəsini müxtəlif xeyirlərlə qaytarmışdır. Sonra işdə etdiyi müəyyənzərərlərə görə bu pulun 18000-ni ödənişini dayandırmışdır. Həmin gün üçün verəcəyi 18000 manatdan 1000 manat qaytarmış, xx.xx.2025-ci il tarixində digər 17000 manatdan hər ayın sonu 1000 manat olmaqla qaytaracaqdır. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli qəbzinə əsasən Səfərov X3 Rayon Məhkəməsinə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 150 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: -14.2.7. Əsassız varlanma. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maadəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. - 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə araşdırması zamanı cavabdeh iddianı etiraf etdiyinə görə iddia tələbi təmin edilməli, cavabdehdən 16000 (on altı min) manat əsas və 150 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. - 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 16000 (on altı min) manat əsas və 150 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar