Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-559/2023 02.11.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinov sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, İddiaçı , Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın və mənəvi zərərin ödənməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2728 manat maddi ziyanın, 48,96 manat ziyan aktının (smetanın) dəyəri, 300 manat əldən çıxmış faydanın, 900 manat mənəvi ziyanın, cəmi 3977 (üç min doqquz yüz yetmiş yeddi) manat pulun və 60 manat dövlət rüsumun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, xx.xx.1985-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur, hal-hazırda da Mingəçevir şəhərində yaşayır. 08 avqust 2023-cü il tarixdə saat 07:20 radələrində idarə etdiyi “Hyundai İ30” markalı **-HK- *** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri Gəncə şosesində hərəkətdə olduqda nəzarətsiz qalmış bir baş iri buynuzlu inək ona məxsus avtomaşının qarşısına çıxdı və nəticədə onunla toqquşdu. Baş vermiş hadisə nəticəsində ona məxsus avtomaşın yararsız hala gəlmiş və xeyli maddi ziyan çəkmişdir. Maşının təmir xərci və ustaya aparılması xeyli pul tələb etmişdir. Cavabdeh sözügedən inzibati xəta nəticəsində barəsində inzibati xəta haqqında icraat aparılan şəxs kimi tanınmış və protokol tərtib edilmişdir. Sözügedən inəyin sahibi olan Cavabdeh hərəkətləri nəticəsində ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. Ona cavabdehin hərəkətləri nəticəsində 2728 manat maddi ziyan dəymişdir. Lakin cavabdeh indiyə kimi həmin puldan heç bir ödəniş etməmişdir. Ona maddi ziyan vurmaqla bərabər işi ilə əlaqədar daim maşına ehtiyacı olduğu üçün və bu imkandan məhrum olduğu üçün ona bir daha maddi və mənəvi ziyan vurmuşdur. Halbuki onun maşınsız olmağı onun hər gün əlavə pul xərcləməsinə vadar edir. Ona dəymiş ziyanın ödənilməsini istəyir. Bundan əlavə cavabdehin hərəkəti nəticəsində o, sarsıntı keçirmişdir. Əsəblərini müalicə etdirmişdir. Bunun nəticəsində cavabdeh tərəfindən ona heç bir ziyan ödənilməmişdir.Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddianı qəbul etmədi və rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehi, dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İnzibati xəta haqqında İXP ******* saylı, xx.xx.2023cü il tarixli protokoldan görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası İXMnin 338.7-ci maddəsində nəzərdə tutulmuş xəta törədilmişdir.İddiaçı məxsus Hyundai i30 markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə saat 07:30 radələrində Cavabdeh məxsus iri buynuzlu inək çırpılaraq maddi zərər dəymişdir. İş materiallarında olan İnzibati tənbeh vermə haqqında TP5924687 saylı, xx.xx.2023-cü qərardan görünür ki, İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokola baxılaraq müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş xəta törədilmişdir və barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-648/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXMnin 338.7-ci maddəsində nəzərdə tutulmuş xətaları törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Nəqliyyat vasitələrinin təmirinə dair smetadan (4 №-li əlavə) görünür ki, Hyundai i30 markalı CW markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı minik maşına dəymiş zədələrə görə 2728 manat təmirinin dəyəri müəyyən edilmişdir. İş materiallarında olan Avtomobillərə xidmət STSNSİYASİ-nin satış çekindən görünür ki, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə 48,96 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin İX bölməsində mülki hüquq pozuntulardan (deliktlərdən) əmələ gələn öhdəliklər göstərilir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1110-ci maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Həmin Məcəllənin 21-cı maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsrinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) başa düşülür. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirilməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin qərarının 8-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarının 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən,özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.İddiaçı cavabdehin hərəkətləri nəticəsində sarsıntı keçirməsini, əsəb xəstəliyindən müalicə almasını və maddi ziyana düşməsini, eyni zamanda əldən çıxmış faydasının olduğunu göstərsə də, həmin zərərin və əldən çıxmış faydanın real olduğunu təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmədə müəyyən olunub ki, Hyundai i30 markalı CW markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı minik maşınına 2728 manat həcmində ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2728 manat maddi ziyan, 48,96 manat ziyan aktının (smetanın) dəyəri və 60 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qubadlı Rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-559/2023
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-559/2023
02.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver