Məhkəmə qərarları › İş №2(028)-56/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-56/2021

24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-56/2021 24.02.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Vladimir Yefimoviç Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı «xxxx» MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********39047 olan Honor 10 lite markalı telefon üçün 528 manat ödənilməmiş hissə, 144 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Samsung LED TV üçün 1100 manat ödənilməmiş hissə, 135 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********99532 olan X3 8T markalı telefonu üçün 180 manat ödənilməmiş hissə, 40 manat dəbbə pulu, ümumilikdə 2127 manat borc və 30 (otuz) manat dövlət rüsumu, cəmi 2157 (iki min yüz əlli yeddi) manatın Cavabdeh alınaraq «xxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» MMC-nin nümayəndəsi iddianı müdafiə edərək göstərdi ki, Cavabdeh iddiaçı «xxxx» MMC ilə bağladığı xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələrinə əsasən Honor 10 life, X3 8T markalı telefonlar və Samsung LED TV almış və nəticədə 2127 (iki min yüz iyirmi yeddi) manat borcu yaranmışdır. Müqavilələrinin şərtlərini cavabdeh pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 576 manat (12 ay x 48 manat+0 manat ilkin ödəniş) olan İMEİ kodu **********39047 olan Honor 10 life markalı telefon üçün umimilikdə 672 manat olmaqla, ondan 528 manat ödənilməmiş hissə, 144 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1243 manat (24 ay x 50 manat + 43 manat ilkin ödəniş) olan Samsung LED TV üçün umimilikdə 1235 manat olmaqla, ondan 1100 manat ödənilməmiş hissə, 135 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 600,4 manat (12 ay x 15 manat + 420,4 manat ilkin ödəniş) olan İMEİ kodu **********99532 olan X3 8T markalı telefonu üçün umimilikdə 220 manat olmaqla, ondan 180 manat ödənilməmiş hissə, 40 manat dəbbə pulu borc hesablanmışdır. Cavabdehə ödəniş barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, o, öz öhdəliklərini yerinə yetirməmişdir.Cavabdeh cəmi 611,4 manat ödəniş etmişdir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim günün hesablanmış 1 % həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50 %-nə qədər hissəsi penya ödənilməsinə yönəldə bilər. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məlum olan axırıncı ünvanına məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin ünvan tam olmadığına görə məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Bu barədə «Poçt haqqında» Azərbaycan Respublikasının qanununa uyğun olaraq «Azərpoçt» tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsini rəhbər tutaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh «xxxx» MMC ilə bağladığı xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələrinə əsasən Honor 10 life, X3 8T markalı telefonlar və Samsung LED TV müqavilələrdə nəzərdə tutulmuş müddət ərzində ödəmək şərti ilə ona satılmışdır. Tərəflər bu müqavilələrdə nəzərdə tutulmuş öhdəliklərini vaxtında yerinə yetirmədikdə, məsuliyyət daşıyırlar. «xxxx» MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıqda göstərilir ki, müqavilələrinin şərtlərini kobud surətdə pozaraq, müqaviləyə əməl etməmişdir. O, borcunu ödəməsə, müvafiq dövlət orqanlarına müraciət olunacaq. «xxxx» MMC tərəfindən tərtib edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 1808 manat ödənilməmiş məbləğ, 319 manat dəbbə pulu, ümumilikdə 2127 manat ödənilməmiş borcu yaranmışdır. Azərbaycan Respublikası MM-in 600-cü maddəsinə müvafiq olaraq,alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-in 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış borc kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini təmin edir. Bunu nəzərə alaraq məhkəmə hesab edir ki,dəbbə pulunun məbləği - 319 manat tənasübsüz surətdə yüksəkdir və müvafiq olaraq 50 manat məbləğinində dəbbə pulunu ağlabatan və ədalətli məbləğ kimi müəyyən edir. Məhkəmə qeyd edir ki, dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsuludur. Öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-inin 217-cı maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********39047 olan Honor 10 life markalı telefon üçün 528 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Samsung LED TV üçün 1100 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********99532 olan X3 8T markalı telefonu üçün 180 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, ümumilikdə 1858 manat borc və 30 (otuz) manat dövlət rüsumu, cəmi 1888 (min səkkiz yüz səksən səkkiz) manatın Cavabdeh alınaraq «xxxx» MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar