Məhkəmə qərarları › İş №2(028)-568/2023

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-568/2023

08.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-568/2023 08.12.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3500 manat məbləğində pulun və ödənilmiş 55 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, özünün şəxsi təsərrüfatı var.Rayondan kartof və soğan gətirərək şəhərdə bazara paylayır.Hazırki iş üzrə cavabdehi də məhz bu iş nəticəsində tanımışdır.Belə ki, cavabdehə 3500 manat dəyərində kartof vermiş, lakin cavabdeh keçən bu müddət ərzində həmin pulu ödəməmiş, hər dəfə müxtəlif bəhanələr edərək yubatmışdır.Bu işdə qardaşı X1 ilə birlikdə işləyir, iş üzrə cavabdeh məhz qardaşından 3950 manat məbləğində kartof və soğan almış, onun da borcunu bugünə kimi qaytarmamışdır. Qardaşı onunla telefon vasitəsi ilə əlaqə saxlamış, həmin danışığı qeydə almış, telefon danışığından cavabdeh ona 3500 manat və qardaşına isə 3950 manat borcu olduğunu etiraf və təsdiq etmiş, onu məhkəmə verəcəyini bildirdikdə ona məhkəmədən qorxmadığını, məhkəməyə gəlib aylıq 20 manat ödəyə biləcəyini söyləyəcəyini bildirmişdir. Həmin səs yazısı qoşma qismində iddia ərizəsinə əlavə edilir.Cavabdehin bu hərəkətləri ilə bağlı tərəfindən Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü PB-nə ərizə ilə müraciət etmiş, mülki xarakter daşıdığı üçün məhkəməyə müraciət etməli olduğunu bildirilmişdir.Buna görə məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə göstərilmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İddiaçıdan 2018-ci ildə Sumqayıt şəhərində kartof və soğan alaraq satış ilə məşğul olmuş, satışdan sonra onun pulunu 2018-ci ildə ödəmiş və ona borcu yoxdur.İddiaçının telefon danışığı ilə guya ki borcu etiraf etməyinin göstərilməsinin də heç bir hüququ əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası MPM-in 95.2-ci maddəsinə əsasən qanunla icazə verilən hallardan başqa gizli yolla əldə edilmiş səs və video yazılardan sübut kimi istifadə edilə bilməz. Bundan başqa iddia ərizəsində göstərilən borc 2018-ci ilə aid olduğundan iddiaçi iddia müddətini buraxmışdır.Bunları nəzərə alaraq iddianın iddia müddəti tətbiq edilməklə rədd edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və Sumqayıt şəhər Polis İdarəsi 4-cü PB tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki,onun Sumqayıt şəhər Polis İdarəsi 4-cü PB-nə daxil olmuş ərizəsi əsasında yoxlama aparılmış, ərizəsində göstərilən xüsusatlar mülki xarakter daşıdığından məhkəməyə müraciət etmək məqsədəmüvafiqdir. İş materiallarında olan səs yazısından görünür ki, həqiqətən də Cavabdeh iddiaçıya 3500 manat məbləğində borcu var.Danışıq zamanı cavabdeh həmin borcun olduğunu etiraf etmiş, lakin krediti olduğuna görə borcunu ödəmək imkanının olmadığını bidirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 95.1-ci maddəsinə əsasən elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “ N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarına əsasən,şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Hazırki işdə iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə məhkəmə iddianın etiraf edilməsini qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəllənin 375-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanədək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarılması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra Qərarlarında iddia müddəti institutunun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimovun və qeyrilərinin şikayəti ilə əlaqədar 30 iyun 2005-ci il tarixli, R.Salamovun şikayəti ilə əlaqədar 30 oktyabr 2007-ci il tarixli, V.Ozerovun şikayəti üzrə15 aprel 2011-ci il tarixli və s. Qərarları). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi analoji hüquqi mövqedən çıxış edərək, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar(§ 33). Azərbaycan Respublikası Mülki Məcəllənin 377-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İş materiallarında olan və Sumqayıt şəhər Polis İdarəsi 4-cü PB tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, X1 öz hüququnun pozulduğunu bildiyi gündən, yəni xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər Polis İdarəsi 4-cü PB-nə öz hüququn müdafiəsi üçün polisə müraciət etmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Cavabdeh iş materiallarında olan səs yazısında iddiaçıya olan borcunu etiraf etmiş, lakin həmin borcunu iddiaçıya qaytarılmasını təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 3500 manat məbləğində pul və ödənilmiş 60 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar