Məhkəmə qərarları › İş №2(028)-574/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-574/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-574/2021 03.11.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi, Aynurə Akif qızı Mustafayevanın katibliyi ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cəmi 1848,11 manat, bundan 535,87 manat əsas, 396,10 manat faiz, 842,85 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 73,29 manat faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəməyə ünvanlanmış ərizədə iddiaçı işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16.03.2017-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə 20 % ödəməklə 753,81 manat məbləğində kredit verilmişdir. Hazırda Cavabdeh ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. 29.07.2021-ci il tarixinədək cavabdehin banka cəmi 1848,11 manat, bundan 535,87 manat əsas, 396,10 manat faiz, 842,85 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 73,29 manat faiz borcu var.Ödəniş barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq,cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə ünvanlanmış ərizədə cavabdeh göstərmişdir ki, o, İddiaçı ASC-yə aid olan mağazaların birindən paltaryuyan maşın almışdır.Onun İddiaçı ASC ilə olan kredit problemi dollar məzənnəsi ilə bağlıdır.O, paltaryuyan maşını alanda dollar aşağı faiz dərəcəsi ilə olmuşdur.Həmin paltaryuyan maşının pulunu son manatına kimi ödəmişdir. Ancaq İddiaçı ASC onunla razılaşmadı. Azərbaycan Respublikasının Prezidentinin 28.02.2019-cu il tarixdə problemli kreditlərinin bağışlanması ilə Fərman çıxarılandan sonra o, İddiaçı ASC-yə müraciət etmişdir. İddiaçı ASC həmin Fərmanın ona aid olmadığını bildirdi. 28.01.2021-ci ildə Bakı şəhər Əmanətlərinin Sığortalanması Fonduna müraciət etmişdir. Fonddan ona bildirdilər ki, İddiaçı ASC-nin ona 95 manat kompensasiya kimi verəcəyi var, onun da İddiaçı ASC-yə 547 manat borcu qalmışdır.O, İddiaçı ASC-yə yaxınlaşdı və həmin 547 manatı bir il ərzində hissə-hissə ödəməsini xahiş etmişdir.İddiaçı ASC-nin nümayəndəsi onunla razılaşmamış və həmin pulun üstünə faiz dərəcəsi gəldiyini və borcun 1000 manatdan çox olduğunu bildirmişdir. Özü ağır açıq ürək əməliyyatı keçirtdiyi üçün vaksin iynəsini vurdura bilmir.Şəkər daşıyıcı xəstədir və bu səbəbə görə məhkəmədə iştirak edə bilmir.Qarabağ müharibəsi iştirakçısıdır.Xahiş edir ki, ona köməklik göstərilsin. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16.03.2017-ci il tarixli kredit müqaviləsinə edilmiş əlavə sazişə əsasən cavabdehə 18 ay müddətinə, 20 % ödəməklə 753,81 manat məbləğində kredit verilmişdir. Tərəflər bu müqavilədə nəzərdə tutulmuş öhdəliklərini vaxtında yerinə yetirmədikdə məsuliyyət daşıyırlar. İş materiallarından görünür ki, İddiaçı ASC kredit alana bildiriş göndərmişdir. Bildirişdə göstərilir ki, borc öhdəliyi icra edilmədiyi halda qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəkdir. İş materiallarından olan və İddiaçı ASC tərəfindən tərtib edilmiş 02.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh qarşı 29.07.2021-ci il tarixinə yaranmış tələb cəmi 1848,11 manat, bundan 535,87 manat əsas, 396,10 manat faiz, 842,85 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 73,29 manat faiz borcu var. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-in 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-in 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarına şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, məsələ məhkəmə qaydasında həll edildiyi halda tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Azərbaycan Respublikası MM-in 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə iştirakçılardan biri(borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış borc kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini təmin edir. Bunu nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə pulunun məbləği - 842,85 manat tənasübsüz surətdə yüksəkdir və müvafiq olaraq 50 manat məbləğinində dəbbə pulunu ağlabatan və ədalətli məbləğ kimi müəyyən edir. Məhkəmə qeyd edir ki, dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsuludur. Öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217-cı maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh cəmi 1055,26 manat, bundan 535,87 manat əsas, 396,10 manat faiz, 50 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 73,29 manat faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə utulsun. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar