Məhkəmə qərarları › İş №2(028)-584/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-584/2021

11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-584/2021 11.10.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi İddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 240 manat sığorta ödənişi məbləğini və 20,4 manat məhkəmə rüsumunun, cəmi 260,4 manatın alınaraq xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Sığorta Şirkəti ASC ilə bağlanmış AS 065/09 saylı “avtomobillərin kompleks sığortası” müqaviləsinə əsasən H017876 dövlət qeydiyyat nömrəli Volkswagen Jetta minik markalı avtomobil Cəmiyyətdə sığortalanmışdır. 08.07.2009cu il tarixdə Cavabdeh 10SH202 dövlət qeydiyyat nömrəli VAZ21074 minik markalı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq Cəmiyyətdə sığortalanmış H017876 dövlət qeydiyyat nömrəli Volkswagen Jetta minik markalı avtomobillə toqquşmuşdur.3(012)- 293/2009nsaylı İnzibati Xəta haqqında iş üzrə qərara əsasən Cavabdeh yol hərəkət qaydalarını pozduğu üçün hadisədə təqsirli şəxs kimi tanınmışdır.18.07.2009-cu il tarixli zərər aktına əsasən hadisə nəticəsində H017876 dövlət qeydiyyat nömrəli Volkswagen Jetta minik markalı avtomobilə 340 manat məbləğində zərər dəydiyi hesablanmışdır və həmin məbləğdən 100 manat azadolma məbləği çıxıldıqdan sonra yerdə qalan 240 manat sığorta ödənişi zərəri aradan qaldıran "xxxx" MMC-yə ödənilmişdir. Hesab edilir ki, sığortalanmış avtomobilin yol-nəqliyyat hadisəsi nəticəsində ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir.Belə ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cavabdeh təqsirli hesab edildiyi üçün iddiaçının ona qarşı subroqasiya hüququ yaranır.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qət edilməsi xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh ünvanlanmış məhkəmə bildirişi cavabdehin ünvanı tam olmaması səbəbindən məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 3(012)-293/2009 saylı iş üzrə inzibati xəta haqqında qərarın surətindən görünür ki, Cavabdeh 08.07.2009-cu il tarixdə idarə etdiyi VAZ21074 minik markalı, az 10SH202 dövlət qeydiyyat nömrəli avtomaşınla özündən qabaqda gedən H017876 dövlət qeydiyyat nömrəli Volkswagen Jetta minik markalı avtomaşınla ara məsafəsi saxlamayıb nəticədə həmin avtomaşını arxadan vurmuşdur.Məhkəmə iclasında Cavabdeh yol nəqliyyat hadisəsi törətməkdə özünü təqsirli bilərək, törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.5-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsi tətbiq edilməklə ona xəbərdarlıq edilmişdir. 31.03.3009-cu il tarixli Avtomobillərin Kompleks Sığortası Şəhadətnaməsinin surətindən görünür ki, H017876 dövlət qeydiyyat nömrəli Volkswagen Jetta minik markalı avtomaşın "xxxx" Sığorta Şirkəti ASC-də şığortalanmışdır. 18.07.2009-cu il tarixli "xxxx" MMC-nin avtomaşının təmiri üçün tələb olunan xərclər siyahısından görünür ki, H017876 dövlət qeydiyyat nömrəli Volkswagen Jetta minik markalı avtomaşına 340 manat məbləğində ziyan vurulmuşdur. 23.07.2009-cu il tarixli A-047/09 saylı Sığorta Aktının surətindən görünür ki, 08.07.2009cu il tarixdə saat 00:15 radələrində Bakı şəhəri Moskva prospektində VAZ21074 minik markalı, az 10SH202 dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü ara məsafəsi saxlamamış, nəticədə sığortalı avtomobillə toqquşmuşdur. "xxxx" MMC-nin avtomaşının təmiri üçün tələb olunan xərclər siyahısına əsasən zərər 340 manatdır.Sığorta ödənişinin məbləği müəyyən edilir:dəymiş zərər - şərtsiz azadolma məbləği=340-100=240 manat.Ödəniş köçürmə yolu ilə "xxxx" MMC-yə verilir.Sığorta ödənişi həyata keçirildikdən sonra sığortalı subroqasiya tələbi hüququnun sığorta ödənişi məbləği həddində "xxxx" Sığorta Şirkəti ASC-yə keçməsini təstiq edir. 27.07.2009-cu il tarixli Ödəniş tapşırığından görünür ki, "xxxx" Sığorta Şirkəti ASC sığorta aktı A-046/09 və sığorta aktı A-047/09-a əsasən "xxxx" MMC-yə sığorta ödənişi etmişdir (iki akt üzrə 377,29 manat). İş materiallarında olan etibarnamənin surətindən görünür ki, 29.08.2006-cı il tarixli AA№801202 nömrəli qeydiyyat şəhadətnaməsi üzrə VAZ21074 minik markalı, 10SH202 dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi Abşeron rayonu, Xırdala qəsəbəsi, məhəllə 28-də yaşayan Cavabdeh etibar edilmişdir.Etibarnamə 29.08.2021-ci il tarixədək qüvvədədir. Azərbaycan Respublikası MM-nin 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ bu Məcəllənin 936.6-ci maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vəzifələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 284-1-284-6, 936-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 240 manat sığorta ödənişi məbləği və 20,4 manat məhkəmə rüsumu, cəmi 260,4 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar