Məhkəmə qərarları › İş №2(028)-588/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-588/2025

14.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-588/2025 14.01.2026 QUBADLI RAYON MƏHKƏMƏSİ X6 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2000 manat pulun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 2018-ci ilin əvvəllərində Sabirabad rayonunda yerləşən meyvə-tərəvəz bazarında X2 digər bir şəxslə mübahisə etdiyi zaman ona xəsarət yetirmişdir. Bundan sonra o, Zivər İsayeva barəsində polisə müraciət etmiş, onun barəsində cinayət işi başlanmış, araşdırılaraq Sabirabad Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə Zivər İsayeva barəsində ictimai işlər növündə cəza təyin etmiş, o, həmin hökmdən narazı qalmışdır. Bu səbəbdən həmin hökmdən şikayət etmək qərarına gəlmişdir. Hüquqlarını müdafiə etmək üçün vəkil axtarmış, qonşu kənddə yaşayan Vilayət adlı tanışı ilə söhbət zamanı o, Sumqayıt şəhərində yaşayan Qəhrəman adlı vəkilin onun tanışı olduğunu bildirmişdir. Həmin müddətdə Vilayət onun yanında Qəhrəmanla mobil telefonla danışmış, bir neçə gün sonra Vilayətlə birlikdə onun avtomaşını ilə Sumqayıt şəhərinə gəlmişlər. Qəhrəmanla Sumqayıt şəhəri, Kolxoz bazarı deyilən yerin yaxınlığında görüşmüş, Qəhrəman ondan sənədləri istəmiş, o, bütün sənədləri ona təqdim etmişdir. Qəhrəmanla aralarında müqavilə bağlanacağını, buna görə də 400 manat tələb edildiyini demiş, o da razılaşmışdır. Vilayətin yanında Qəhrəmana 400 manat pul vermiş, Şirvan Apellyasiya Məhkəməsində işə baxılmış Sabirabad Rayon Məhkəməsinin hökmü dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. Qəhrəman bundan sonra Ali Məhkəməyə şikayətlə müraciət edəcəyini bildirmişdir. Bir neçə gün sonra Qəhrəman ona zəng edib, pula ehtiyacı olduğunu demiş və ondan 2000 manat borc istəmişdir. Sumqayıt şəhərinə gələrək, Sumqayıt şəhəri Koroğlu küçəsi, Əşya bazarı deyilən yerin qarşısında Qəhrəmanla görüşmüş, 2000 manat pulu orada Cavabdeh verib, borcu yaxın vaxtlarda qaytarmasını bildirmişdir. Lakin cavabdehdən dəfələrlə borcunu istəməyinə baxmayaraq, hər dəfə borcunu qaytarmağı vəd versə də, lakin verdiyi vədə əməl etməmişdir. Ona görə də o, məcburiyyət qarşısında qalaraq borcunu almaq üçün məhkəməyə müraciət etməsi məsləhət verilmişdir. Lakin məhkəməyə müraciət etməmişdən əvvəl Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmiş və oranın əməkdaşı olan Rəşad adlı şəxs onun verdiyi 2000 manatla bağlı araşdırma apararkən müəyyən etmişdir ki, həqiqətən də Qəhrəman ondan 2000 manat pulu borc almışdır. O, cavabdehə 2000 manat məbləğində borc pul vermiş və cavabdeh həmin borcu ona qaytaracağını öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib, borcunu qaytarmamışdır. Göstərilənlər nəzərə alınaraq iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı ona 2018-ci ilin əvvəllərində Sumqayıt şəhərində 2000 manat borc pul vermişdir. Guya pulu qaytarmadığına görə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, eləcə də Sumqayıt şəhər polis idarəsinə barəsində qanunu tədbirlər görülməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Lakin həmin idarələrdə ərizə əsasında araşdırma aparılmış, əməlində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Bununla kifayətlənməyən iddiaçı 09 ildən sonra ona qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.1-ci və 373.2-ci maddələrinə əsasən borc müqaviləsi şifahi bağalan bilər və müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Bundan başqa o, iddiaçıdan heç vaxt 2000 manat borc almamışdır. Həmin vaxt vəkillik fəaliyyəti ilə məşğul olduğuna görə onunla rəsmi qaydada müqavilə bağlayaraq Şirvan Apellyasiya Məhkəməsində, eləcə də Ali Məhkəmədə iddiaçının hüquqlarının müdafiəsini təmin etmişdir. Digər tərəfdən 2000 manat ona borcun verilməsini təstiq edən mötəbər sübut yoxdur. Məhkəmədən iddia müddətinin tətbiq edilməsi ilə iddia tələbindən imtina edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı, polis mayoru X1 xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən müraciət müəllifi İddiaçı Cavabdeh barəsində mülki qaydada Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir. Qərarda göstərilir ki, xx.xx.2025-ci il tarixdə ünvan 1 qəsəbəsi, fərdi ev ünvanında yaşayan İddiaçı Sumqayıt ŞPİ-nin 4-cü PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, 2018-ci ildə Sumqayıt şəhəri, Koroğlu küçəsi, Əşya bazarı deyilən yerin qarşısında vəkil kimi tanıdığı Cavabdeh 2000 manat pul vermiş, lakin həmin şəxs onu aldadaraq hazırki vaxta qədər pulunu geri ödəməmişdir. Buna görə də həmin şəxsin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Araşdırma zamanı izahatı alınmış İddiaçı bildirmişdir ki, 2018-ci ilin əvvəllərində Sabirabad rayonunda yerləşən meyvə-tərəvəz bazarında X2 digər bir şəxs ilə mübahisə etdiyi zaman ona xəsarət yetirmişdir. Bu hadisədən sonra o, Zivər İsayeva barəsində polisə müraciət etmiş, onun barəsində cinayət işi başlanmış, araşdırılaraq Sabirabad Rayon Məhkəməsinə göndərdilmişdir. Məhkəmədə prosesi yekunlaşdıqdan sonra X2 barəsində ictimai işlər növündə cəza təyin edilmiş, o da həmin hökmdən narazı qalmışdır. Buna görə də şikayət etmək qərarına gəlmiş, hüquqlarını müdafiə edəcək vəkil axtarmağa başlamış, qonşu kənddə yaşayan Vilayət adlı tanışı ilə söhbəti zamanı o, Sumqayıt şəhərində yaşayan Qəhrəman adlı vəkil tanışının olduğunu bildirmişdir. Həmin müddətdə Vilayət onun yanında Qəhrəman ilə mobil telefonla danışmış, bir neçə gün sonra Vilayət ilə birlikdə onun avtomaşını ilə Sumqayıt şəhərinə gəlmişdir. Qəhrəman ilə Sumqayıt şəhəri, Kolxoz bazarı deyilən yerin yaxınlığında görüşmüş, Qəhrəman ondan sənədləri istəmiş, o da bütün sənədləri ona təqdim etmişdir, şəxsiyyət vəsiqəsinin surətini də çıxarıb ona vermişdir. Qəhrəman aralarında müqavilə bağlanacağını, buna görə də 400 manat tələb edildiyini demiş, o da razılaşmışdır. Vilayətin yanında Qəhrəmana 400 manat vermiş, 400 manatın qarşılığında Qəhrəman onun üçün apellyasiya şikayəti yazmışdır. Şirvan Apellyasiya Məhkəməsində proses olmuş, həmin müddətdə də onun işi ilə bağlı Qəhrəman 3-4 dəfə Şirvan şəhərinə gəlmişdir. Hər dəfəsində də onun yol xrəclərini ödəmişdir. X3 Məhkəməsi Sabirabad Rayon Məhkəməsinin hökmünü qüvvədə saxlamışdır. Qəhrəman da bundan sonra Ali Məhkəməyə müraciət edəcəyini demişdir. O da razılıq etmiş, bir neçə gün sonra da Qəhrəman ona zəng etmiş, pula ehtiyacı olduğunu demişdir. Ondan 2000 manat borc istəmiş, tez bir zamanda da həmin pulu ona geri qaytaracağını demişdir. Həmin müddətdə o, meyvə-tərəvəz alqı-satqısı ilə məşğul olduğu üçün imkanı yaxşı olmuş, buna görə də Qəhrəmanla razılaşmış, Sumqayıt şəhərinə gəlmiş, Sumqayıt şəhəri, Koroğlu küçəsi, Əşya bazarı deyilən yerin qarşısında onunla görüşmüş, 2000 manat pulu orada Cavabdeh vermişdir. Həmin vaxt yanında heç kim olmamışdır. Qəhrəman da bir neçə gün ərzində ödəyəcəyini demişdir. O, Qəhrəman ilə onun dediyi vaxtda əlaqə saxlamış, pulunu ondan istəmiş, borcunu ödəyəcəyini demişdir. Bir neçə müddət sonra o, Qəhrəmanın etdiyi dələduzluq əməllərinə görə həbs edilərək azadlıqdan məhrum edildiyini eşitmiş, buna görə də şikayət etməmişdir. Bir neçə aydı Cavabdeh azadlığa buraxılması barədə eşitmiş, buna görə də həmin şəxsdən şikayət etmək qərarına gəlmişdir. Cavabdeh 2000 manat ondan borc kimi almış və ödəməmişdir. Cavabdeh ondan həmin məbləği aldığı zaman da ona hər hansı bir vəd verməmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, 2016-cı ildə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunda vəkil kimi çalışmış, həmin ildə hazırda xatırlamadığı tarixdə işdə olduğu zaman ona tanıma nömrədən zəng olunmuş, zəng edən şəxs özünü İddiaçı təqdim etmişdir. Onun telefon nömrəsini də tanışı Sabirabad rayon sakini Vilayət şəxsdən götürdüyünü demişdir. Sabirabad Rayon Məhkəməsində zərərçəkmiş kimi çıxış etdiyi məhkəmə prosesində qarşı tərəf barəsində çıxarılan hökmdən şikayətçi olduğu, buna görə də köməklik istədiyini demiş, onunla razılaşmış, sənədləri ilə birlikdə Sumqayıt şəhərinə gəlməsini demişdir. Bir neçə gün sonra İddiaçı Sumqayıt şəhərinə gəlmiş, onunla Sumqayıt şəhəri, 3-cü mkr ərazisində görüşmüş, birlikdə Sumqayıt şəhəri, 20-ci məhəllədə yerləşən 1 saylı Vəkil Bürosuna gəlmiş, ora sənədlərlə tanış olmuşdur. Mövcud hökmdən Şirvan Apellyasiya Məhkəməsinə şikayət etməyi qərarlaşdırmış, həmin gün İddiaçı ilə aralarında müqavilə bağlanmış, onun adına order alınmışdır. İddiaçı da müqavilədə qeyd edildi kimi dövlət büdcəsinə 200 manat ödəmişdir. Ödəniş qəbzini də götürmüşdür. Əlavə olaraq da ona Şirvan şəhərinə gəlməsi üçün yol pulu kimi 200 manat ödəmişdir. Sonra da çıxıb getmişdir. O, apellyasiya şikayətini hazırlamış, poçtla göndərmiş, təxminən 1 ay yarım sonra da Şirvan Apellyasiya Məhkəməsindən bildiriş gəlmiş, o, 3 dəfə Şirvan Apellyasiya məhkəməsinə getmişdir. Şirvan Apellyasiya Məhkəməsi Sabirabad Rayon Məhkəməsinin hökmünü qüvvədə saxlamış, bundan sonra da İddiaçı ilə A. məhkəməyə şikayət etməyi qərarlaşdırmış, qərar hazır olduqdan sonra da Elşad yenidən Sumqayıt şəhərinə gəlmiş, onunla həmin müddətdə vəkil işlədiyi büroda görüşmüş, Ali məhkəməyə şikayət yazmaq üçün onunla arasında müqavilə imzalanmış, order alınmış Elşad 200 manat dövlət büdcəsinə ödəniş etmiş, ödəniş qəbzini də götürmüşdür. Həmin gün Elşad ona yol pulu kimi xərcləmək üçün 300 manat pul vermişdir. Zəruri sənədləri hazır edib şikayəti yazaraq Ali Məhkəməyə göndərmiş, Ali Məhkəmədən İddiaçı bildiriş göndərilmiş, Elşad ona bu barədə demişdir. Prosess təyin olunan gün o, Ali Məhkəməyə getmiş, lakin Elşad gəlməmişdir. Elşada zəng etmiş, o da daha vacib işi olduğu üçün gələ bilməyəcəyini demiş, prosesin təxirə salmağını xahiş etmişdir. O da prosesin təxirə salınmasına nail olmuşdur. Bir müddət sonra da Elşada yenidən bildiriş göndərilmiş, ona bu barədə demiş, növbəti prosesin günündə də Elşad yenə Ali Məhkəməyə gəlməmiş, Elşada zəng etmiş, Elşad da müxtəlif bəhanələr gətirmişdir. Ali Məhkəmədə Şirvan Apellyasiya Məhkəməsinin qərarı qüvvədə qalmışdır. Bu barədə Elşada demiş, Elşad da ona konkret hər hansı bir söz deməmişdir.O, İddiaçı 2000 manat borc pul almamış, İddiaçı onunla Şirvan Apellyasiya Məhkəməsinə və Ali Məhkəməyə şikayət etmək üçün müqavilə imzalamış, hər dəfəsində də o, 200 manat olmaqla, ümumilikdə 400 manat dövlət büdcəsinə ödəniş etmişdir. Bundan əlavə də həmin müddətdə məhkəmə proseslərinə getmək üçün 200 və 300 manat olmaqla ümumilikdə 500 manat pulu yol pulu kimi vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. - 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. - 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. - 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutları, tərəflərin məhkəmə iclasında verdikləri izahatları, iş materiallarını və tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını hərtərəfli, tam, obyektiv və sistemli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki mühakimə icraatında məhkəmənin ilk və əsas vəzifəsi iddiaçının irəli sürdüyü tələbin qanuni əsasının tapılmasından ibarətdir. Tələbin qanuni əsası dedikdə, qanunun elə müddəası başa düşülür ki, o bir tərəfə qarşı tərəfdən nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Başqa sözlə desək, iddia məhkəmə tərəfindən yalnız, o halda hüquqi müdafiəyə layiq hesab edilə bilər ki, həmin tələb konkret hüquq normasına söykənsin və həmin norma iddiaçıya tələb hüququ versin. Bu baxımdan məhkəmə ilk növbədə iddiaçının cavabdehə qarşı irəli sürdüyü pul tələbinin hansı maddi hüquq normasına əsaslandığını və həmin normanın iddianın əsaslı hesab edilməsi üçün hüquqi imkan verib-vermədiyini araşdırmağı zəruri hesab edir. İddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatlarda cavabdehə 2000 manat pul vəsaiti verdiyini və cavabdehin həmin məbləği qaytarmaq öhdəliyini üzərinə götürdüyünü iddia etmişdir. İş materiallarının təhlili göstərir ki, tərəflər arasında münasibətlər ilkin olaraq Sabirabad Rayon Məhkəməsinin hökmündən apellyasiya və kassasiya qaydasında şikayət verilməsi ilə bağlı hüquqi yardımın göstərilməsi məqsədilə formalaşmışdır. İddiaçının polis orqanlarına verdiyi şikayəti əsasında aparılmış təhqiqat zamanı verdiyi izahatlardan müəyyən edilir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti hazırlanmış, Şirvan Apellyasiya Məhkəməsində məhkəmə iclaslarında iştirak edilmiş, sonradan Ali Məhkəməyə müraciət edilmişdir. Bu hallar tərəflər arasında münasibətlərin peşəkar hüquqi xidmət göstərilməsi çərçivəsində yarandığını göstərir. Məhkəmə qeyd edir ki, iddiaçının öz izahatlarına görə mübahisəli 2000 manat məbləği yazılı sənəd tərtib edilmədən, şahid iştirakı olmadan, konkret icra şərtləri və qaytarılma müddəti müəyyən edilmədən verilmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, pulun verilməsi zamanı cavabdehlə aralarında hər hansı yazılı sənəd tərtib edilməmişdir. Bu hallar iddiaçı tərəfindən tələbin sübut edilməsi üzrə üzərinə düşən vəzifənin yerinə yetirilmədiyini və iddianın əsaslı hesab edilməsi üçün kifayət qədər sübutların təqdim olunmadığını göstərir. Digər tərəfdən, cavabdeh ibtidai araşdırma zamanı verdiyi izahatlarda iddia edilən pul vəsaitinin borc və ya qaytarılmalı məbləğ kimi alınmasını qəbul etməmiş, tərəflər arasında hüquqi yardım münasibətlərinin mövcud olduğunu bildirmiş, aparılmış ibtidai araşdırma zamanı isə iddiaçı tərəfindən göstərilən pulun cavabdeh tərəfindən bu formada alınması faktı təsdiq edilməmişdir. Beləliklə, iş üzrə müəyyən edilmiş digər faktiki hallar, o cümlədən cavabdeh tərəfindən apellyasiya və kassasiya instansiyalarında hüquqi sənədlərin hazırlanması və məhkəmə iclaslarında iştirak edilməsi, tərəflər arasında münasibətlərin hüquqi yardımın göstərilməsi ilə bağlı tapşırıq müqaviləsinə xas olduğunu göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsi üzrə vəkil konkret hüquqi nəticəyə təminat vermədən hüquqi xidmət göstərir və bu münasibətlər çərçivəsində həyata keçirilmiş ödənişlərin sonradan ayrıca qaytarılmalı pul öhdəliyi kimi qiymətləndirilməsi üçün hüquqi əsas mövcud deyildir. Bu baxımdan iddiaçının irəli sürdüyü pul tələbi tərəflər arasında mövcud olmuş hüquqi münasibətlərin mahiyyəti ilə uzlaşmır və maddi hüquq baxımından əsaslı hesab edilə bilməz. Bununla yanaşı, məhkəmə iddia müddətinin tətbiqi məsələsini müstəqil hüquqi qiymətləndirmə predmeti kimi araşdıraraq qeyd edir ki, iddia müddəti institutu mülki hüququn fundamental institutlarından biri olmaqla, subyektiv hüquqların müddətsiz şəkildə qeyri-müəyyən vəziyyətdə saxlanılmasının qarşısını almağa, hüquqi sabitliyi, mülki dövriyyədə etimadı və tərəflərin hüquqi vəziyyətinin proqnozlaşdırıla bilməsini təmin etməyə xidmət edir. Mülki qanunvericiliyə əsasən iddia müddəti “maddi hüququn mövcudluğuna xələl gətirməyən, lakin onun məcburi icrasının məhkəmə yolu ilə təmin edilməsini istisna edən hüquqi mexanizm” kimi xarakterizə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən müəyyən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququ müddətlə məhdudlaşdırılır və həmin müddət iddia müddəti hesab olunur. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə münasibətlərindən irəli gələn tələblər üzrə ümumi iddia müddəti üç il təşkil edir. Qeyd olunan maddi hüquq normlarının tələblərinə əsasən iddia müddətinin axımı hüququn pozulduğu andan deyil, hüququ pozulmuş şəxsin həmin pozuntu barədə faktiki olaraq bildiyi və ya obyektiv meyarlarla bilməli olduğu andan başlanır. Bu yanaşma hüquqi ədalətlilik prinsipindən irəli gəlir və subyektiv məlumatsızlığın sui-istifadə alətinə çevrilməsinin qarşısını almağa yönəlmişdir. İddiaçı iddia ərizəsində cavabdehlə mübahisəli pul münasibətlərinin 2018-ci ildə, cavabdehi isə həmin münasibətlərin 2018-ci ildə formalaşdığını bilmişlər. Bununla belə iddiaçı həmin dövrdən etibarən cavabdehin üzərinə götürdüyü hüquqi yardım öhdəliklərinin artıq başa çatdığını bilmişdir. Bununla yanaşı, iddiaçı verdiyi izahatlarda cavabdehin həbs olunduğunu və bu səbəbdən cavabdeh barəsində şikayət etmədiyini göstərmişdir. Məhkəmə hesab edir ki, cavabdehin həbsdə olması və iddiaçının bu əsasla öz pozulmuş hüquqlarının bərpası ilə bağlı uzun müddət (3 ildən artıq) məhkəməyə müraciət etməməsi, həmin müddətin kəsilməsi və ya dayandırılması kimi qəbul edilə bilməz. Məhkəmə xüsusi olaraq qeyd edir ki, cavabdehin azadlıqdan məhrumetmə müəssisəsində saxlanılması iddiaçının məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıran və ya iddia müddətinin axımını dayandıran hal hesab edilə bilməz. Mülki qanunvericilikdə iddia müddətinin dayandırılması və ya kəsilməsi halları konkret və məhdudlaşdırıcı xarakter daşıyır və cavabdehin cəzaçəkmə müəssisəsində olması həmin hallar sırasında nəzərdə tutulmamışdır. Bundan əlavə, mülki prosessual qanunvericilik məhkum edilmiş şəxslərə qarşı iddia qaldırılmasını, onların prosesdə təmsil olunmasını və işə baxılmasını tam şəkildə mümkün hesab edir. Belə olan halda iddiaçının cavabdehin həbsdə olmasını əsas gətirərək uzun müddət məhkəməyə müraciət etməməsi hüquqi baxımdan üzrlü səbəb kimi qiymətləndirilə bilməz. Məhkəmə müəyyən edir ki, iddiaçı hüquqlarının pozulması ilə bağlı üç illik iddia müddəti ərzində məhkəməyə müraciət etməmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddətinin tətbiqi məhkəmə tərəfindən yalnız tərəfin müvafiq ərizəsi əsasında həyata keçirilir və belə ərizənin verilməsi məhkəmənin iddianın təmin edilməsindən imtina etməsi üçün müstəqil hüquqi əsas yaradır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsi əsaslı hesab edilməli və irəli sürülmüş tələb iddia müddətinin ötürülməsi əsası ilə də rədd edilməlidir. Beləliklə, iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş tələblər həm maddihüquqi əsasların olmaması, həm də iddia müddətinin ötürülməsi səbəblərinə görə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 77, 119, 220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi rədd edilsin. İddiaçı Cavabdeh qarşı 2000 manat pulun xeyrinə tutulmasına dair iddiası təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar