Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-669/2021 24.11.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi ilə İddiaçı LPO ASC "xxxx" Sığorta Şirkətinin Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO ASC "xxxx" Sığorta Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1330 (bir min üç yüz otuz) manat vurulmuş ziyanın əvəzi və iddia ərizəsinin verilməsi ilə bağlı 33,30 (otuz üç,30) manat dövlət rüsumunun LPO ASC "xxxx" Sığorta Şirkətinin xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəməyə ünvanlanmış ərizədə iddiaçı işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Cavabdeh özünəməxsus olan «Opel Astra» minik markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 15.11.2019-cu il tarixdə Bakı şəhəri, Bakıxanov qəsəbəsi ərazisində yol nəqliyyat qəzası törətmiş, nəticədə X1 məxsus olan «Opel Omega» minik markalı, ** DH *** dövlət qeydiyyat nişanlı və X3 məxsus olan «Dodge Dart» minik markalı, Sİ 310 İİ dövlət qeydiyyat nişanlı avtomobilləri vuraraq maddi ziyan yetirmiş və hadisə yerindən yayınmışdır. Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-ci maddləri ilə təqsirli bilinib və onun barəsində 21.11.2019-cu il tarixdə AP ******* saylı protokol tərtib edilmişdir.Qiymətləndirmə və qüsur aktlarından görünür ki, X1 məxsus olan «Opel Omega» minik markalı, ** DH *** dövlət qeydiyyat nişanlı avtomobilə 400 manat və X3 məxsus olan «Dodge Dart» minik markalı, Sİ 310 İİ dövlət qeydiyyat nişanlı avtomobillə 930 manat olmaqla, cəmi 1330 manat məbləğində maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq 16.12.2019-cu il və 11.12.2019-cu il tarixli, İC AA 64220/19 və İC AA 6033/19 saylı işlərə dair sığorta aktları tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra iddiaçı tərəfindən X1 məxsus olan «Opel Omega» minik markalı, ** DH *** dövlət qeydiyyat nişanlı və X3 məxsus olan «Dodge Dart» minik markalı, Sİ 310 İİ dövlət qeydiyyat nişanlı avtomobillərə dəymiş zərərə görə 26.12.2019-cu ildə 400 manat, 19.12.2019-cu ildə 930 manat olmaqla, ümumilikdə 1330 (bir min otuz) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Tələb hüququ ödənilmiş sığorta ödənişi miqdarında sığorta şirkətinə keçmişdir. Zərərçəkənlərə ödənilmiş məbləğin əvəzi 1330 manat və ödənilmiş dövlət rüsumunun məbləği cavabdehdən alınaraq "xxxx" Sığorta Şirkətinin xeyrinə tutulmalıdır. Bakı Kommersiya Məhkəməsinin 29.07.2020-ci il tarixli qətnaməsi ilə "xxxx" Sığorta Şirkətinin müflis elan edilməsi qət olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin 17.08.2020-ci il tarixli qərardadı ilə "xxxx" Sığorta Şirkətinin ləğvetmə komissiyasının üzvlərinin siyahısı təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 60.2 və 60.3-cü maddələrinə əsasən, ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. Hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir. Göstərilənlərini nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi xahiş edilmişdir. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sabunçu DYPŞ-nin 21.11.2019-cü il tarixli AP ******* saylı protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1, 327.6-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarında olan Sabunçu DYPŞ-nin 21.11.2019-cu il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1, 327.6-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətdiyinə görə 100 manat məbləğində cərimə olunmuşdur. 16.12.2019-cu il tarixdə ASC "xxxx" tərəfindən tərtib edilmiş İC AA 6420/19 saylı işə dair sığorta aktından görünür ki, «Opel Omega» minik markalı, ** DH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə sığorta ödənişinin yekun məbləği 400 manatdır. 11.12.2019-cu il tarixdə ASC "xxxx" tərəfindən tərtib edilmiş İC AA 6033/19 saylı işə dair sığorta aktından görünür ki, «Dodge Dart» minik markalı, Sİ 310 İİ dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə sığorta ödənişinin yekun məbləği 930 manatdır. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, ASC "xxxx" Sığorta Şirkəti 26.12.2019-cu il tarixli ödəniş tapşırığına əsasən X1 400 manat,19.12.2019-cu il il tarixli ödəniş tapşırığına əsasən isə X3 930 manat olmaqla, ümumilikdə 1330 (bir min otuz) manat məbləğində sığorta ödənişi ödəmişdir. «İcbari sığortalar haqqında» Azərbayçan Respublikası Qanununun 25.1.8-ci maddəsinin tələbinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələbinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da, sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası MM-nin İX bölməsində mülki hüquq pozuntulardan (deliktlərdən) əmələ gələn öhdəliklər göstərilir. Azərbayçan Respublikası MM-nin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə(zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti(nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla(icarə hüququ ilə, nəqliyyət vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MM-nin 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ bu Məcəllənin 936.6-ci maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlarından və vəzifələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası MM-nin 936.2-ci maddəsinə müvafiq olaraq, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-inin 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 1330 (bir min üç yüz otuz) manat vurulmuş ziyanın əvəzi və iddia ərizəsinin verilməsi ilə bağlı 33,30 (otuz üç,30) manat dövlət rüsumu LPO ASC "xxxx" Sığorta Şirkətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-669/2021
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-669/2021
24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver