Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-674/2025 14.01.2026 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3850 manat pulun və 59 manat ödənilmiş dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehi eyni rayondan olan qonşu kənd sakini, eyni zamanda vəkil kimi tanımışdır. Onun 2017-ci il tarixdə Sumqayıt şəhər məhkəməsində mülki işi olmuşdur. Belə ki, yoldaşından ayrıldıqdan sonra uşaqlarını öz himayəsinə götürmək, özü saxlamaq istəmişdir. Cavabdeh ona onun üçün vəkillik edəcəyini, və işi onun xeyrinə həll edərək uşaqların ona veriləcəyinə nail olacağını bildirmişdir. Bu səbəbdən ayrı-ayrı vaxtlarda, 2017-2018-ci illər arasında ona 5300 manat pul vermişdir. Lakin o, bircə dəfə məhkəməyə gəlmiş və həmin vaxt arxada oturub səsini belə çıxarmamışdı. Belə ki, o, “Mersedes” markalı avtomobilini satıb həmin pulu ona vermişdi. Sonradan cavabdehin onlarla adamı bu cür aldadıb pulunu mənimsədiyini, dələduzluq əməli törətdiyinə görə 4 il müddətinə həbs cəzası aldığını bilmişdir. O, həbsdən çıxdıqdan sonra onu çox axtarmış, nəhayət tapıb pulunu cavabdehdən tələb etmiş, qaytaracağını deyərək yenə onu aldatmağa başlamışdır. İddiaçı buna görə 2024cü il tarixdə Sumqayıt şəhər Polis İdarəsinə şikayət etmiş, təhqiqatçı tərəfindən bölməyə çağırıldıqda 1-ci PB-də onu görmüş və pulu qaytaracağını bildirmişdir. Cavabdeh ayda 250 manat olmaqla bir neçə ay puldan müəyyən hissə qaytarmış, sonra qaytarmamışdır. O, 2025-ci ilin iyun ayında yenə cavabdehi axtarıb tapmış və pulunu istəmiş, Qəhrəman hər ay pul çıxarması üçün pensiya kartını ona vermişdir. O, iyun ayında Qəhrəmanın kartından 250 manat pul çıxartmış, iyul ayında isə kart işləməmişdir. Cavabdeh nömrəsini tez-tez dəyişdiyindən ona zəng etmək mümkün olmamışdır. O, cavabdehi tapıb kartın işləmədiyini bildirdikdə, cavabdeh kartın blok olduğunu bildirmişdir. Beləliklə cavabdeh cəmi 1450 manat pul qaytarmış, qalan 3850 manatı isə qaytarmamış və qaytarmaq fikrində də olmamışdır. Polisə müraciətinə nəticəsində 1-ci PB xx.xx.2025-ci il tarixli qərarla əməldə cinayət tərkibinin olmadığı göstərilmişdir. Cavabdeh vurduğu zərəri, yəni verilən 3850 manat pulu qaytarmaq fikrində deyildir, bu səbəbdən məhkəməyə müraciət etməli olub. Göstərilənlər nəzərə alaraq iddianın təmin edilməsi məhkəmədən xahiş edir. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı ona 2017-2018-ci illərdə guya 5300 manat pul vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən bu cür tələblər üzrə iddia müddəti üç ildir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddiaçının iddia tələbinin hüquqi əsası yoxdur. Belə ki, 2017-2018-ci illərdə rəsmi qaydada vəkillik fəaliyyəti ilə məşğul olduğu vaxt İbrahim onun yanına gələrək ailəsindən boşanmağa, uşaqların himayəsində qalması, eləcə də H.Z.Tağıyev qəsəbəsindəki yaşayış evinin atasının evi olduğuna görə arvadının həmin mənzildən çıxarılması ilə Sumqayıt Şəhəri Məhkəməsinə iddia ərizəsi tərtib etməyini xahiş etmişdir. Zəruri sənədlər ona təqdim edildikdən sonra, o, sənədləri tərtib etmişdir. İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəməyə təqdim etdikdən 10 gün sonra yanına gələrək məhkəmədə onu təmsil etməsini xahiş etmişdir. Cavabdeh olaraq onunla rəsmi qaydada hüquqi yardım haqqında müqavilə bağlamış, orderi, etibarnaməni məhkəməyə təqdim edərək, məhkəmədə iştirak etmişdir. Məhkəmə iddianı qismən təmin etmiş, iddiaçı iddianın tam təmin olunması üçün apellyasiya şikayəti verməyi xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti tərtib edərək ona təqdim etmiş, iddiaçı şikayəti məhkəməyə təqdim etmiş və apellyasiya şikayəti üçün hüquqi yardım haqqında müqavilə imzalamışdır. Sumqayıt Apellyasiya Məhkəməsində 3 dəfə məhkəmə iclası keçirilmiş, sonuncu iclasda İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək ailəsi ilə barışdığını və iddia tələbindən imtina etdiyini bildirmişdir. O, hal-hazırda ailəsi ilə birlikdə yaşayır. Həmin mülki iş apellyasiya məhkəməsinin arxivindədir. Ərizəsi əsasında Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılmış, dedikləri təstiqini tapmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Şərh olunanlara əsasən iddia tələbini qanunsuz və əsassız hesab edir və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək və iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh ondan 2017-ci ildə 5300 manat məbləğində borc almış, həmin dövrdə boşanmaq istəmişdir. Cavabdeh uşaqlarının onun himayəsinə veriləcəyini təmin edəcəyinə söz vermiş, o cümlədən cavabdeh həbs olunduğu üçün o, indiyə kimi sonuncuya qarşı məhkəmədə iddia qaldırmamış, cavabdehin həbsdən çıxmasını gözləmişdir. Bu səbəbdən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, tələb edilən pulu İbrahimdən qanunsuz olaraq almamış, iddiaçı ilə iki müqaviləsi olmuşdur. Vəkil olaraq göstərdiyi xidmət qarşılığında iddiaçıdan pul almış, iddiaçıya qarşı dələduzluq etməmişdir. Hüquqlarını müdafiə etdiyi şəxsin işi apellyasiya məhkəməsinə getdikdə İbrahim apellyasiya instansiyasında işə xitam verilməsini tələb etmişdir. Bu səbəbdən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən müəyyən olunur ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X1 xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarda göstərilir ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 40, mənzil 46-da yaşayan İddiaçı Sumqayıt ŞRİ-nə müraciət edərək tanışı Cavabdeh tərəfindən aldadılaraq pulunun ələ keçirilməsini bildirmişdir. Təhqiqat araşdırması zamanı izahatı alınmış İddiaçı eyni məzmunlu izahat verərək şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İddiaçı müraciəti əsasında təhqiqat araşdırması aparılmış, aparılmış araşdırma nəticəsində toplanmış təhqiqat materiallarında cinayət hadisəsinin əlamətləri olmadığından cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən rədd edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. - 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. -373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. - 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutları, tərəflərin məhkəmə iclasında verdikləri izahatları, iş materiallarını və tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını hərtərəfli, tam, obyektiv və sistemli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki mühakimə icraatında məhkəmənin ilk və əsas vəzifəsi iddiaçının irəli sürdüyü tələbin qanuni əsasının tapılmasından ibarətdir. Tələbin qanuni əsası dedikdə, qanunun elə müddəası başa düşülür ki, o bir tərəfə qarşı tərəfdən nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Başqa sözlə desək, iddia məhkəmə tərəfindən yalnız, o halda hüquqi müdafiəyə layiq hesab edilə bilər ki, həmin tələb konkret hüquq normasına söykənsin və həmin norma iddiaçıya tələb hüququ versin. Bu baxımdan məhkəmə ilk növbədə iddiaçının cavabdehə qarşı irəli sürdüyü pul tələbinin hansı maddi hüquq normasına əsaslandığını və həmin normanın iddianın əsaslı hesab edilməsi üçün hüquqi imkan verib-vermədiyini araşdırmağı zəruri hesab edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında yaranmış münasibətlər ailə mübahisəsi üzrə hüquqi yardımın göstərilməsi ilə bağlı olmuş və bu münasibətlər mülki hüququn tapşırıq müqaviləsi institutuna daxildir. Tapşırıq müqaviləsi şəxsi etimada əsaslanan, bir tərəfin digər tərəfin hüquqi mənafeləri naminə hüquqi və faktiki hərəkətləri həyata keçirməyi öhdəsinə götürdüyü mülki-hüquqi münasibətlər formasıdır. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsi üzrə vəkalət alan konkret hüquqi nəticəyə təminat vermədən hüquqi xidmətlər göstərməyi öhdəsinə götürür və həmin xidmətlərin göstərilməsi müqavilə öhdəliyinin icra edilmiş hesab olunması üçün kifayət edir. Mülki Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər və vəkalət alanın tapşırığı qəbul etməsi ilə hüquqi qüvvə qazanır. İş materiallarından müəyyən edilir ki, iddiaçı ailə mübahisəsi ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, həmin iş üzrə cavabdeh hüquqi nümayəndə qismində çıxış etmiş, apellyasiya instansiyasında da proseslər davam etmiş və iddiaçı sonradan öz iradəsi ilə iddia tələbindən imtina etmişdir. Bu hallar tərəflər arasında hüquqi xidmət münasibətlərinin real və faktiki mövcudluğunu obyektiv şəkildə təsdiq edir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə ödənilmiş pul vəsaiti hüquqi yardım xidmətinin əvəzi kimi qiymətləndirilməlidir və həmin vəsaitin hüquqi təbiəti hüquqi xidmət müqabilində ödəniş institutuna aiddir. Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehin üzərinə hər hansı əlavə pul öhdəliyi qoyan müqavilənin, razılaşmanın və ya digər maddi hüquqi əsasın mövcudluğu sübuta yetirilməmişdir. İddiaçı yalnız subyektiv xarakter daşıyan izahatlarla kifayətlənmiş, lakin tələbin qanuni əsasını təşkil edən hüquqi faktları təsdiq edən sübutlar təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 106 və 217-ci maddələrinin tələblərinə uyğun olaraq tərəflərin izahatları digər sübutlarla birlikdə qiymətləndirilməli olduğu halda, iş üzrə iddiaçının mövqeyini təsdiqləyən müstəqil sübutlar mövcud olmamışdır. Bundan əlavə, iddiaçının cavabdehin onu aldatması barədə hüquq-mühafizə orqanlarına müraciəti üzrə aparılmış təhqiqat nəticəsində cinayət hadisəsinin əlamətlərinin olmaması müəyyən edilmiş və cinayət işinin başlanması rədd edilmişdir ki, bu hal da iddiaçının irəli sürdüyü iddiaların hüquqi təsdiqini tapmadığını göstərir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi hər hansı mötəbər sübuta söykənmir. Bununla yanaşı, məhkəmə iddia müddətinin tətbiqi məsələsini müstəqil hüquqi qiymətləndirmə predmeti kimi araşdıraraq qeyd edir ki, iddia müddəti institutu mülki hüququn fundamental institutlarından biri olmaqla, subyektiv hüquqların müddətsiz şəkildə qeyri-müəyyən vəziyyətdə saxlanılmasının qarşısını almağa, hüquqi sabitliyi, mülki dövriyyədə etimadı və tərəflərin hüquqi vəziyyətinin proqnozlaşdırıla bilməsini təmin etməyə xidmət edir. Mülki qanunvericiliyə əsasən iddia müddəti “maddi hüququn mövcudluğuna xələl gətirməyən, lakin onun məcburi icrasının məhkəmə yolu ilə təmin edilməsini istisna edən hüquqi mexanizm” kimi xarakterizə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən müəyyən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququ müddətlə məhdudlaşdırılır və həmin müddət iddia müddəti hesab olunur. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə münasibətlərindən irəli gələn tələblər üzrə ümumi iddia müddəti üç il təşkil edir. Qeyd olunan maddi hüquq normlarının tələblərinə əsasən iddia müddətinin axımı hüququn pozulduğu andan deyil, hüququ pozulmuş şəxsin həmin pozuntu barədə faktiki olaraq bildiyi və ya obyektiv meyarlarla bilməli olduğu andan başlanır. Bu yanaşma hüquqi ədalətlilik prinsipindən irəli gəlir və subyektiv məlumatsızlığın sui-istifadə alətinə çevrilməsinin qarşısını almağa yönəlmişdir. İş materiallarından və iddiaçının öz izahatlarından müəyyən edilir ki, mübahisəli pul münasibətləri 2017-2018-ci illərdə formalaşmış, iddiaçı həmin dövrdən etibarən cavabdehin üzərinə götürdüyü hüquqi yardım öhdəliklərinin artıq başa çatdığını bilmişdir. Bununla yanaşı, iddiaçı məhkəmədə verdiyi izahatlarda cavabdehin sonradan azadlıqdan məhrumetmə cəzası çəkdiyini və onu təxminən dörd il müddətində axtardığını açıq şəkildə təsdiq etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin axtarılması faktı iddiaçının hüquqlarının pozulduğunu dərk etməsinin göstəricisi olmaqla yanaşı, iddia müddətinin artıq başlandığını sübut edən obyektiv hal kimi qiymətləndirilməlidir. İddiaçının cavabdehi tapmaq məqsədilə aktiv davranış göstərməsi onun hüquqi mübahisənin mövcudluğunu dərk etdiyini göstərən dolayı sübutdur. Məhkəmə xüsusi olaraq qeyd edir ki, cavabdehin azadlıqdan məhrumetmə müəssisəsində saxlanılması iddiaçının məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıran və ya iddia müddətinin axımını dayandıran hal hesab edilə bilməz. Mülki qanunvericilikdə iddia müddətinin dayandırılması və ya kəsilməsi halları konkret və məhdudlaşdırıcı xarakter daşıyır və cavabdehin cəzaçəkmə müəssisəsində olması həmin hallar sırasında nəzərdə tutulmamışdır. Bundan əlavə, mülki prosessual qanunvericilik məhkum edilmiş şəxslərə qarşı iddia qaldırılmasını, onların prosesdə təmsil olunmasını və işə baxılmasını tam şəkildə mümkün hesab edir. Belə olan halda iddiaçının cavabdehin həbsdə olmasını əsas gətirərək uzun müddət məhkəməyə müraciət etməməsi hüquqi baxımdan üzrlü səbəb kimi qiymətləndirilə bilməz. Məhkəmə müəyyən edir ki, iddiaçı hüququnun pozulduğunu ən geci 2018-2019-cu illərdə bildiyi və bilməli olduğu halda, qanunla müəyyən edilmiş üç illik iddia müddəti ərzində, yəni ən geci 2021-2022-ci ilə qədər məhkəməyə müraciət etməmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddətinin tətbiqi məhkəmə tərəfindən yalnız tərəfin müvafiq ərizəsi əsasında həyata keçirilir və belə ərizənin verilməsi məhkəmənin iddianın təmin edilməsindən imtina etməsi üçün müstəqil hüquqi əsas yaradır. Bu baxımdan iddia müddətinin ötürülməsi təkcə prosessual xarakterli formal əsas deyil, həm də mübahisənin hüquqi həllini mümkünsüz edən maddi-hüquqi nəticələr doğuran amil kimi qiymətləndirilməlidir. Nəticə etibarilə məhkəmə belə qənaətə gəlir ki, iddia müddətinin ötürülməsi iddianın təmin edilməsinin qarşısını alan müstəqil və kifayət qədər hüquqi əsas olmaqla, iddia tələbinin rədd edilməsini zəruri edir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsi əsaslı hesab edilməli və irəli sürülmüş tələb iddia müddətinin ötürülməsi əsası ilə də rədd edilməlidir. Beləliklə, iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş tələblər həm maddihüquqi əsasların olmaması, həm də iddia müddətinin ötürülməsi səbəblərinə görə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 77, 119, 220-ci və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi rədd edilsin. İddiaçı Cavabdeh qarşı 3850 manat pulun və 59 manat ödənilmiş dövlət rüsumunun xeyrinə tutulmasına dair iddiası təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV
Məhkəmə qərarları › İş №2(028)-674/2025
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-674/2025
14.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver