Məhkəmə qərarları › İş №2(028)-701/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-701/2021

28.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-701/2021 28.12.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC məhkəməyə müraciət edərək Cavabdeh 420,91 manat məbləğində vurulmuş ziyanın əvəzi və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 450,91 manat "xxxx" ASC-nin xeyrinə subroqasiya hüququ üzrə sadələşdirilmiş icraat qaydasında tutulmasını xahiş etmişdir. Cavabdeh etiraz edərək işə mülki icraat qaydasında baxılmasını xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qərardadına əsasən sadələşdirilmiş icraat qaydasında verilmiş ərizə ümumi müddəalara uyğun olaraq iddia icraatına keçirilmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi iddianı müdafiə edərək göstərdi ki, “Opel Astra” markalı, **-KR-*** dövlət nömrə nişanlı avtomobil 28.04.2019-cu ildən 28.04.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır.Sığortalı ilə 28.04.2019-cu il tarixli PXA********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2019-cu il mayın 30-da Cavabdeh idarə etdiyi “Opel Astra” markalı, **-KR-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, 3-cü mkr dairəsində "xxxx" MMC-yə məxsus “İVECO CREALİS” markalı, **-JH-*** dövlət nömrə nişanlı avtobusla toqquşmuşdur.Cavabdeh hadisə yerindən yayınmışdır.Həmin hadisə ilə bağlı Nəsimi DYPŞ tərəfindən 31.05.2019-cu il tarixində AP0113981 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yaınmasına görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb olunmuşdur. Nəsimi DYPŞin 31.05.2019-cu il tarixli TP2991572 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən cavabdeh 327.6-cı maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir."xxxx" MMC tərəfindən verilmiş zərər aktına əsasən hadisə nəticəsində “İVECO CREALİS” markalı, **-JH-*** dövlət nömrə nişanlı avtobusa 420,91 manat məbləğində ziyan dəymişdir.Həmin avtobus kasko sığorta növündə "xxxx" ASC-də sığortalandığından "xxxx" ASC tərəfindən dəymiş zərərə görə ödəniş 08.04.2020-ci il tarixdə 687 nömrəli ödəniş tapşırığı ilə 420,91 manat məbləği "xxxx" ASC-yə ödəmişdir.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. Cavabdeh iddianı qəbul etmədi və göstərdi ki, 2019-cu il mayın 30-da idarə etdiyi “Opel Astra” markalı, **-KR-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, 3-cü mkr dairəsində "xxxx" MMC-yə məxsus “İVECO CREALİS” markalı, **-JH-*** dövlət nömrə nişanlı avtobusla toqquşmuşdur.Bu hadisəyə görə ona yazılmış 100 manat cəriməni ödəmişdir.2 il 6 aydan sonra ondan "xxxx" ASC tərəfindən ödənilmiş 420,91 manat tələb olunur. O başa düşə bilmir, 2019-cu il tarixdə ödədiyi pulu niyə yenidən ödəməlidir.Onun himayəsində 2 xəstə var. Həyat yoldaşı ruhi xəstədir, İİ qrup əlildir.Övladı anadan gəlmə əlildir.Özü ərazi bütövlüyünü uğrunda xidmət etdiyi zaman ağır yaralanmışdır.Heç bir yerdə işləmir və gəliri də yoxdur.O, hadisə yerindən qaçmamış və bu barədə avtobus sürücüsü ilə şifahi razılaşmış və həmin məbləği ona ödəmişdir.Bunu nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında AP ******* nömrəli, 31.05.2019-cu il tarixli protokoldan görünür ki, “Opel Astra” markalı, **-KR-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh Bakı şəhəri 3-cü mikrorayon dairəsində hərəkət edərkən özündən sağda düzünə hərəkət edən özündən qarşıda sfetoforda dayanan “İVECO CREALİS” markalı, **-JH-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuş və hadisə yerini tərk etmişdir.Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli, 31.05.2019-cu il tarixli qərarından görünür ki, “Opel Astra” markalı, **-KR-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat miqdarında cərimə olunmuşdur. İcbari Sığorta Müqaviləsinə dair məlumatdan görünür ki, “Opel Astra” markalı, **- KR-*** dövlət nömrə nişanlı avtomobil sığortaçı "xxxx" ASC-də sığortalanmışdır. Nəsimi RDYPŞ-nin 082-19840-1219 saylı, 12.06.2019-cu il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışından görünür ki, “Opel Astra” markalı, **-KR- *** dövlət qeydiyyat nişanlı avtomaşının mülkiyyətçisi X2r.Hadisə baş verdiyi anda isə sürücü Cavabdeh olmuşdur. "xxxx" MMC-nin 3608 saylı 30.05.2019-cu il tarixli zərər aktından görünür ki, “İVECO CREALİS” markalı, **-JH-*** dövlət nömrə nişanlı avtobusa 420,91 manat ziyan dəymişdir. "xxxx" ASC-nin PXA60533 saylı sığorta aktından görünür ki, 30.05.2019-cu il tarixdə 18:59 saatda Bakı şəhəri 3-cü mikrorayon dairəsində sığortalanmış “Opel Astra” markalı, **-KR-*** dövlət nömrə nişanlı avtomobil “İVECO CREALİS” markalı, **-JH-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur.”Baku Bus” Təmir Mərkəzi ATXS-nin təqdim etdiyi zərər aktına uyğun olaraq zərər 420,91 manat təşkil edir.Sığorta ödəniş məbləği "xxxx" ASC-yə köçürülür. "xxxx" ASC-nin 29.01.2020-ci il tarixli Sığorta aktından görünür ki, 420,91 manat məbləğində sığorta ödənişi “İVECO CREALİS” markalı, **-JH-*** dövlət nömrə nişanlı avtobusun təmiri üçün "xxxx" MMC-nin hesabına köçürülür. "xxxx" ASC-nin "xxxx" ASC-yə ünvanladığı 27.02.2020-ci il tarixli məktubunda xahiş edilir ki, PXA********** saylı sığorta şəhadətnaməsi üzrə sığortalanmış **-KR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin 30.05.2019-cu il tarixində baş vermiş sığorta hadisəsi ilə bağlı 420,91 manat "xxxx" ASC-nin hesabına köçürülsün. "xxxx" ASC-nin 687 saylı 08.04.2020-ci il tarixli ödəniş tapşırığına əsasən PXA********** saylı sığorta şəhadətnaməsi üzrə ödəniş "xxxx" ASC-yə edilmişdir. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin tələbinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. «İcbari sığortalar haqqında» Azərbayçan Respublikası Qanununun 25.1.8-ci maddəsinin tələbinə əsasən, bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinin tələbinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələbinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası MM-nin 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ bu Məcəllənin 936.6-ci maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vəzifələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası MM-nin 936.2-ci maddəsinə müvafiq olaraq, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası MM-nin İX bölməsində mülki hüquq pozuntulardan (deliktlərdən) əmələ gələn öhdəliklər göstərilir. Azərbayçan Respublikası MM-nin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə(zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti(nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla(icarə hüququ ilə, nəqliyyət vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-inin 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 420,91 manat məbləğində vurulmuş ziyanın əvəzi və 30 manat məbləğində dövlət rüsumu, cəmi 450,91 manat "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar