Məhkəmə qərarları › İş №2(028)-708/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-708/2025

11.03.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-708/2025 11.03.2026 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən bankdan götürülmüş kredit borcunun və birkart borcunun əvəzi olaraq 4450 manat və telefon alınmasına görə ödənilmiş 879 manat, cəmi 5329 manat pulun alınaraq xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-dən 5000 manat kredit götürmüş, 2023-cü ildə cavabdeh iddiaçıya müraciət edərək vəziyyətinin pis olması səbəbi ilə pula ehtiyacı olduğunu bildirmiş və onun üçün kredit götürməsini xahiş etmişdir. Beləliklə iddiaçı "xxxx" ASC-dən 9300 manat məbləğində kredit üçün müraciət etmiş, həmin məbləğin 5000 manatı özünün əvvəlcədən götürdüyü kredit məbləği olmuşdur. Ona 9300 manat məbləğin ödənişi 35 aya bölünməklə, faiz dərəcəsi 22.2% olaraq hesablanmışdır. Krediti əldə edən kimi həmin pulun 4050 manatını cavabdehə təqdim etmişdir. Cavabdehlə aralarında olan razılaşmaya əsasən kredit iddiaçının adına rəsmiləşdirilsə də, pulun aylıq ödənişi cavabdehə aid olacaqdır və o, gecikdirmədən, vaxtlı-vaxtında ödənişi edəcəkdir. Belə ki, xx.xx.2024-cü il tarixində cavabdehlə yenidən görüşən zaman, o, iddiaçıya mobil telefonunun xarab olduğunu və yeni telefona ehtiyacı olduğunu bildirmişdir. Yeni telefonu kreditlə almaq istədiyini, lakin adına kredit verilməməsi səbəbi ilə iddiaçının onun üçün yenidən dəstək olaraq kreditə girməsini xahiş etmişdir. Beləliklə cavabdeh telefon mağazasından iddiaçının adına telefon almağı təklif etmiş və iddiaçı öncə tərəddüd etsə də, ona yazığı gəldiyi üçün bu məsələyə razılıq vermişdir. Həmin tarixdə Taryel “İrşad Telecom” mağazasına gedərək kreditə telefon götürmüşdür. Orada sonuncunun adına nisyə alqı-satqı müqaviləsi bağlanmış və dəyəri 879,49 manat olan **********65465 İMEİ kodlu Honor markalı mobil telefon satışı edilmişdir. Telefonu götürən kimi iddiaçı onu cavabdehə təqdim etmiş və hər ay ödənişi etməsini xahiş etmişdir. Bu zaman cavabdeh vədlər verərək ödənişi tam edəcəyini, heç bir problem olmayacağını bildirmişdir. Həmin dövürdə özünə məxsus Birkart kartında olan 400 manat məbləğində pulu da cavabdehə vermişdir. Cavabdeh kartı ondan almış, pulu nəğdləşdirmiş, Sonradan bu pulları da ödəməmişdir. Bir müddət (3-4 ay) Emil kredit ödənişlərini etsə də, sonradan ona ödənişin edilməməsi barədə zənglər gəlməyə başlamışdır. Bundan narahatlıq keçirirək cavabdehə bildirsə də, heç bir müsbət nəticə olmamışdır. Artıq məcbur qalaraq telefonun kreditini ödəyib borcu tamamilə bağlamalı olmuşdur. Lakin "xxxx" ASC-dən götürülən kredit borc ödənişləri hələ də edilmədiyi üçün üzərinə faiz gəlməkdədir. Cavabdeh isə kreditin onun adına rəsmiləşdirilməməsindən sui-istifadə edərək məsuiliyyətsiz davranır və verdiyi vədləri həyata keçirmir. Həmin kredit məbləği məhz onun üçün nəzərdə tutulmuşdur və pul ona çatmışdır. Emil pulu Taryeldən tam şəkildə götürərək borcunu vaxtı-vaxtında ödəyəcəyinə dair vəd vermişdir. Cavabdehin vədlərinə inanaraq borca düşmüşdür. Nəticədə Taryelin maddi vəziyyəti çətinləşmişdir. İddiaçının maddi durumu ağırdır. Buna baxmayaraq o, vəziyyətin daha da ağrılaşmaması və gələcəkdə problemlər yaranmaması üçün bir qism ödəniş etsə də, kredit məbləğinin bir hissəsi hələ də ödənilməmiş qalmaqdadır. Bu kredit məbləğinin faizi də mövcuddur. Cavabdeh bütün bu yaranmış vəziyyətin səbəbkarı olsa da, öz vəzifəsini icra etmir və müracitələrə heç bir reaksiya göstərmir. Hazırda "xxxx" ASC-yə olan kredit borcu qalmamaqdadır. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh küçə ticarəti ilə məşğul olaraq meyvə-tərəvəz satışı həyata keçirmişdir. Aralarında dostluq münasibəti var, çörək kəsmişlər. Emil 2022-ci ilin may ayında ondan ticarətlə məşğul olmaq üçün əlində mayası olmadığından ondan 1000 manat borca pul istəmişdi. O, "xxxx" ASC-nin Qubadlı filialına gedərək həmin məbləğdə pulu bankdan götürüb ona vermişdir. Bundan bir müddət sonra cavabdeh uşaqlarının mobil telefona ehtiyacı olduğunu bildirərək, 2024-cü ilin yanvar ayında ona mağazalardan birindən telefon alıb ona verməsini xahiş etmiş, o, cavabdehin xahişini yerə salmamış, istədiyi kimi edərək "xxxx" MMC-dən 874 manat 49 qəpik dəyərində olan mobil telefonu kreditlə öz adına rəsmiləşdirməklə alıb cavabdehə vermiş, lakin cavabdeh ödənişləri daim gecikdirdiyindən faiz və cərimə məbləğlərini özü ödəmişdir. Sonra cavabdeh maddi vəziyyətinin pis olduğunu, ticarətlə məşğul olmaq üçün bank kartına ehtiyacı olduğunu ona bildirmiş və hesabında 400 manat məbləğində pul olan plastik Bank kartını cavabdehə vermişdir. Bundan sonra Cavabdeh yeni iş quracağını, heyvandarlıqla məşğul olmaq üçün pula ehtiyacı olduğunu bildirərək nağd şəkildə ondan daha 3050 manat məbləğində pul istəmiş və sözügedən bankdan daha 3050 manat götürüb cavabdehə vermişdir. Məhkəmənin suallarına cavab olaraq iddiaçı bildirmişdir ki, cavabdehin 2022-ci ilin may ayında ondan aldığı 1000 manat borcu qaytardığını qəbul edir. Eyni zamanda "xxxx"- dan 874 manat 49 qəpiyə, kreditlə, öz adına rəsmiləşdirməklə cavabdehə alıb verdiyi telefon üzrə Cavabdeh ona 450 manat ödəniş etmişdir. Cavabdeh ümumilikdə iddia tələbində göstərdiyi borc məbləğindən ona 1450 manat ödəniş etmişdir. Hazırda Emilin ona olan borcu 3874 manat 49 qəpik təşkil edir. Borcu aralarında olan dostluq münasibətlərinə söykənən inamdan qaynaqlanaraq Cavabdeh vermişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, iddiaçının qeyd etdiyi məbləğləri ondan borc almışdır. Lakin borc üzrə qismən ödəniş etmişdir. Qeyd edir ki, 2022-ci ilin may ayında İddiaçı aldığı 1000 manat borc üzrə iddiaçıya 24 ay 30 manat olmaqla 720 manat və bundan sonra birdəfəlik 280 manat pul ödəmiş, həmin borc üzrə ödənilməmiş məbləğ qalmamışdır. Eyni zamanda 2024-cü ilin yanvar ayında iddiaçının "xxxx"dan 874 manat 49 qəpiyə, kreditlə alıb verdiyi telefon üzrə 2024-cü ilin fevral ayından 2024-cü ilin noyabr ayına kimi iddiaçıya hər dəfə 50 manat olmaqla, 450 manat məbləğində ödəniş etmişdir. Həqiqətən də iddiaçı telefon üzrə borcu xx.xx.2024-cü il tarixdə tam şəkildə ödəmişdir. Həmin tarixdən 2025-ci ilin avqust ayına kimi qalan 424 manat borcu İddiaçı ödəsə də bununla bağlı hər hansı sübutu yoxdur. İddia tələbini 3874 manat 49 qəpik hissədə qəbul edir. Məhkəmənin suallarına cavab olaraq cavabdeh bildirmişdir ki, məşğul olduğu küçə ticarətində müflis olduğundan iddiaçıya ödənişləri tam şəkildə ödəyə bilməmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC-nin 218 (9) saylı xx.xx.2024-cü il tarixli arayışının surətinə əsasən İddiaçı ********* saylı xx.xx.2024-cü il tarixli (müqavilə üzrə öhdəlik 874,79 manat) alqısatqı müqaviləsi üzrə Cəmiyyətə heç bir öhdəliyi qalmamışdır. "xxxx" ASC-nin Ödəniş qrafikinin surətinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixdə bank tərəfindən 35 ay müddətinə illik 22,2% şərti ilə 9300 manat kredit verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: -14.2.7. Əsassız varlanma. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maadəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. - 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə qeyd edir ki, araşdırma zamanı cavabdeh borcun yuxarıda qeyd edilən hissəsini etiraf etdiyindən və iddiaçı həmin hissə ilə etirafla razılaşdığından 3874,49 manat borc məbləğdə vəsaitin Cavabdeh İddiaçı xeyrinə tutulması qanuni və əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. - 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 3874,49 manat (üç min səkkiz yüz yetmiş dörd manat, 49 qəpik) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar