Məhkəmə qərarları › İş №2(028)-75/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-75/2021

17.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-75/2021 17.03.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Vladimir Yefimoviç Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı, Cavabdeh, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Qubadlı Rayon Məhkəməsinin 17.05. 2013-cü il tarixli əmri ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, cavabdeh ilə 2009-cu ildə faktiki, 2011-ci ildə rəsmi nikaha daxil olmuş və həmin nikahdan onların iki uşaqları var. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli əmri ilə cavabdehdən birgə nikahdan olan uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün hər növ qazancının 1/3 hissəsi miqdarında aliment tutulmalıdır. Hal-hazırda o, 50 manat məbləğində aliment alır.Bu səbəbə görə o, uşaqları saxlamağda çətinlik çəkir, çünki onların tələbatları artır. Buna görə də alimentin artırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi iddianı rədd edərək və iddia ərizəsinə etiraz təqdim edərək göstərdi ki, onun oğlu Cavabdeh gözdən, əl-qolundan əlildir.Oğlu 130 manat pensiya alır. Hazırki qanunvericiliyinə əsasən oğlundan aliment sabit pu məbləği şəkilində tutulmalı deyil. Cavabdeh ikinci dəfə ailə qurmuş və həmin ailədə onun bir övladı var. İddiaçının ailə və ya maddi vəziyyətində dəyişiklik olmamış, əksinə cavabdehin ailə vəziyyətində dəyişiklik olmuşdur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 65-ci maddəsinə əsasən, icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir.Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. Bunu nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehinin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Qubadlı rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahları pozulmuş və uşaqlar iddiaçının yanında qalmışlar. İş materiallarında olan Qubadlı rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli əmri ilə cavabdehdən birgə nikahdan olan uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün hər növ qazancının 1/3 hissəsi miqdarında aliment tutulmalıdır. İş materiallarında olan Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Cavabdeh və X6 xx.xx.2014-cü ildə nikahlarını bağlamışlar.Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 173 № ilə qeyd edilmişdir. İş materiallarında olan Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X8 xx.xx.2013-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X5r. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X12 1 saylı regional ərazi filialı tərəfindən Cavabdeh verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2007-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2-ci qrup əlilliyə görə müavinət alan kimi qeydiyyatdadır və müavinətin məbləği 130 manat təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 12 saylı TSEK tərəfindən xx.xx.2016-cı il tarixli müayinə barədə məlumatda göstərilir ki, Cavabdeh ümumi xəstəliyə görə ikinci dərəcəli əlildir. Əmək qabiliyyətinin itirilməsi 0 %. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və manafelərinin mühafizəsi valideynlərinin əsas vəzifəsidir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.2.-ci maddəsinə əsasən, yaşayış minimumu-minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşıqa çatmayan uşaqlarla validenlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxarkən qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-ci il tarixli qərarın 8.2 bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.13 bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-ci il tarixli qərarında qeyd olunmuşdur ki, ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub qurmaması, yeni ailədə uşaqların olubolmaması, başqa aliment ödəmələrinin olub olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. İş materiallarından görünür ki, cavabdeh Cavabdeh 2 qrup əlildir, lakin əmək qabiliyyətlidir. Eyni zamanda iş materiallarından görünür ki, cavabdeh ikinci dəfə ailə qurmuş və yeni ailədə onun bir uşaqı olmuşdur. Məhkəmə Cavabdeh 2-ci qrup əlil, lakin əmək qabiliyyətli omasını, ikinci dəfə ailə qurmasını və yeni ailədə onun bir uşağının olmasını nəzərə alaraq tutulacaq alimentin miqdarının bir uşaq üçün 80 manat həddində müəyyən edir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2010-cü il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Qubadlı Rayon Məhkəməsinin 17.05. 2013-cü il tarixli əmri ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, hər ay hər uşaq üçün 80 manat sabit pul məbləğində aliment qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub İddiaçı ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar