Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-8/2024 13.03.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i̇ : İddiaçı məhkəməyə müraciət edərək, cavabdeh xx.xx.1980-cı il təvəllüdlü Cavabdeh ümumilikdə 10620 (on min altı yüz iyirmi) manat miqdarında pul və ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, 16 oktyabr 2023-cü ildə idarə etdiyi **-EE-*** dövlət qeydiyyatlı Mercedes Benz E 300 markalı avtomobillə hərəkət edərkən Cavabdeh idarə etdiyi **-XB-*** dövlət qeydiyyat nömrəli Toyota Prius minik markalı avtomobili ilə onun baş yolla hərəkətdə olduğu vaxt köməkçi yolla hərəkət edərək onun idarə etdiyi avtomobili vurmuşdur. Bu hadisə ilə bağlı Yasamal DYP əməkdaşı tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-cı maddəsində nəzərdə tutulan inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hadisə nəticəsində ona məxsus nəqliyyat vasitəsi istismara yararsız hala düşmüşdür. "xxxx" ASC tərəfindən ona yol-nəqliyyat hadisəsi zamanı vurulmuş ziyanla bağlı qüsur aktı tərtib edilmiş və həmin akta əsasən ona 15620 manat maddi ziyan vurulduğu müəyyən edilmişdir. Bu məbləğdən "xxxx" ASC tərəfindən ona 5000 manat ödənilmiş, qalan 10620 manat ziyan isə cavabdeh tərəfindən hal-hazıra qədər ödənilməmiş qalmışdır. Cavabdeh dəymiş zərərin ödənilməsini bəhanələr gətirərək ödəmir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh bildirdi ki, iddianı qismən qəbul edir. Məhkəmə iddiaçın və cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh xx.xx.2023 tarixində saat 11:45-də İ.Səfərli - L .Tolstoy kəsişmə ərazisində Toyota Prius (Hibrid) minik markalı **-XB-*** dövlət qeydiyyatlı nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuş, bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və ona 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş 20.10. 2023-cü il tarixli zərər dəymiş nəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, **- EE-*** dövlət qeydiyyat nömrəli Mercedes Benz E300 markalı avtomobilin cəmi material və ehtiyyat hissələrin qiyməti 11720,00 manat, cəmi zəhmət haqqı 3900,00 manat, yekun məbləğ 15620 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/10175 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 214709 nöməli qüsur aktında 2009-cu il buraxılışlı “Mercedes Benz E 300 minik” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 14050,00 manat müəyyən edilir. O cümlədən: 1. Dəyişilməli hissələrin qiyməti – 10470,00 manat; 2. Təmir-bərpa işlərinin qiyməti - 3580 manat. İş materiallarında olan "xxxx" ASC-nin ********** saylı xx.xx.2023-cü il tarixli qəbzindən görünür ki, Yusubov X1 Rayon Məhkəməsinə qiymətləndirilən iddia ərizəsi üzrə 122 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə(zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunveriçiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1.-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıçı maddələrdən, güçlü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyət vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/10175 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən “Mercedes Benz E 300” minik markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 14050 manat müəyyən edildiyindən və "xxxx" ASC tərəfindən iddiaçıya dəymiş zərərin 5000 manatı ödənildiyindən, hazırda cavabdeh iddiaçıya maşının təmir-bərpa xərcinə görə 9050 manat ödəməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10.000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 %-i həcmində manat olmalıdır. (“Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 9050 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 122 manat dövlət rüsumunun 110,5 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu kimi ödənilmiş 11,5 manat iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i̇ : İddia tələbi qismən təmin edilsin. Cavabdeh dəymiş zərərin əvəzi 9050 (doqquz min əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi 110,5 manat tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 11,50 manatı iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №2(028)-8/2024
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-8/2024
13.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver