Məhkəmə qərarları › İş №2(028)-88/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-88/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-88/2021 06.04.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi ilə İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı «xxxx» ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada «xxxx» ASC-nin xeyrinə 07.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1929,25 ABŞ dolları əsas borcu, 1360,46 ABŞ dolları faiz borcu, kredit müqaviləsi üzrə 07.01.2018-ci il tarixdən 25.12. 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmış 384,90 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 3674,61 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumu tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəməyə ünvanlanmış ərizədə iddiaçı işə onun iştirakı olmadan baxılması və iddianı təmin edilməsini xahiş etmişdir. Öz ərizəsində iddiaçı göstərmişdir ki, Cavabdeh1 ilə «xxxx» İKB ASC arasında bağlanmış 07.01.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 18% olmaqla 36 ay müddətinə 4975 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdeh1 müqavilə üzrə öhdəliyinin icrasının təmin edilməsi üçün Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Hazırda cavabdeh ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. 25 dekabr 2020-ci il tarixədək cavabdehin banka 07.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1929,25 ABŞ dolları əsas borcu, 1360,46 ABŞ dolları faiz borcu, kredit müqaviləsi üzrə 07.01.2018-ci il tarixdən 25.12. 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmış 384,90 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 3674,61 ABŞ dolları borcu var. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 428.4-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə belə təminat verə bilməzsə, kreditor dərhal icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MM-in 470-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi məhkəmədən xahiş edildi. Cavabdeh2 vəkili və nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanmış ərizədə işə onların iştirakı olmadan baxılması və iddianı Cavabdeh2 münasibətdə rədd edilməsini xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, həmin tələb üzrə Qubadlı Rayon Məhkəməsində 2018-ci ildə baxılmış, qətnamə çıxarılmış, həmin qətnamədən apellyasiya şikayəti verilmiş, qətnamə ləğv edilmiş və iddia ərizəsi baxılmamış saxlanılmışdır. İşə apellyasiya instansiyasında baxılarkən zaminlik müqaviləsində olan imzanın Cavabdeh2 məxsus olub-olmamasını müəyyən etmək məqsədi ilə məhkəmə-xətşunaslıq ekspertızası təyin edilmişdir. Azərbaycan Respublikası Ədlıyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25.04.2019-cu il tarixli 8606 saylı rəyinə əsasən 07.01.2015-ci il tarixli 4-M-2-0-12-15 saylı zaminlik müqaviləsində “Zamin” qrafasında Cavabdeh2 yazılarının aşağı tərəfindəki imza Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bunu nəzərə alaraq hazırki iddia tələbi Cavabdeh2 münasibətdə rədd edilməsini xahiş etmişdir. Cavabdeh3 qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məlum olan axırıncı ünvanına məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin həmin ünvanı tapa bilmədiyinə görə məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Bu barədə «Poçt haqqında» Azərbaycan Respublikasının qanununa uyğun olaraq «Azərpoçt» tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsini rəhbər tutaraq işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh1 ilə «xxxx» İKB ASC arasında bağlanmış 07.01.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 18% olmaqla 36 ay müddətinə 4975 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdeh1 müqavilə üzrə öhdəliyinin icrasının təmin edilməsi üçün Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Hazırda cavabdeh ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. İş materiallarında olan maliyyə arayışdan görünür ki, 25 dekabr 2020-ci il tarixədək Cavabdeh1 banka 1929,25 ABŞ dolları əsas borcu, 1360,46 ABŞ dolları faiz borcu, 384,90 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 3674,61 ABŞ dolları var. «xxxx» ASC cavabdehlərə xəbərdarlıq məktubu göndərmişdir. Məktubda borcun “xxxx» ASC-yə ödənilməsinin təmin edilməsi göstərilmişdir. Əks təqdirdə bağlanılmış kredit müqaviləsinin ləğv edilməsi və borcunun məcburi ödənilməsi üçün bank tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət ediləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədlıyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25.04.2019-cu il tarixli 8606 saylı rəyinin kserosurətinə əsasən ekspertizaya təqdim edilmiş, mülki işin 178-ci vərəqəsində olan “xxxx” İKB ASC ilə Cavabdeh2 adlarında olan 07.01.2015-ci il tarixli 4-M-2-0-12-15 saylı zaminlik müqaviləsində “Zamin” qrafasında Cavabdeh2 yazılarının aşağı tərəfindəki imza Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Belə olan halda iddia tələbinin Cavabdeh2 qarşı yönəlmiş hissəsində rədd olunmalıdır. Azərbaycan Respublikası MM-in 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs(borclu) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qusurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-in 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-in 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-in 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MM-in 470-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası MM-in 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə əsasən,borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada «xxxx» ASC-nin xeyrinə 07.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1929,25 ABŞ dolları əsas borcu, 1360,46 ABŞ dolları faiz borcu, kredit müqaviləsi üzrə 07.01.2018-ci il tarixdən 25.12.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmış 384,90 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 3674,61 ABŞ dolları borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutulsun. İddia tələbi Cavabdeh2 qarşı yönəlmiş hissəsində rədd olunsun. Ödənilən məbləğ qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar