Məhkəmə qərarları › İş №2(029)-1022/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1022/2021

12.11.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1022/2021 12.11.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı maneələrin qadağan edilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı maneələrin qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayonu Kuzunqışlaq kəndində mərhum atası X4 məxsus fərdi yaşayış evi və torpaq sahəsində müayinə və ölçü işlərinin aparılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin əməkdaşlarına maneçilik törədilməsinin Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Qusar rayonu Kuzunqışlaq kəndində atasına məxsus fərdi yaşayış evi mövcuddur. Atası 2013-cü ildə vəfat etmişdir. Atası vəfat etdiyi günə qədər o, həmin evdə yaşamış, atasının ölümündən sonra isə mirası faktiki olaraq tək o qəbul etmişdir. Atasının digər övladları mirası nə faktiki, nə də rəsmi olaraq qəbul etməmişlər. Evin və həyətyanı torpaq sahəsinin vergilərini və digər kommunal xərclərini 2016-cı ilə kimi o, ödəmişdir. Cavabdeh onun mərhum qardaşı X5 oğludur. Cavabdeh, onun atasının ölümündən 3 il sonra, yəni 2016-cı ildə zorla atasından miras qalmış və onun daimi yaşadığı evə girərək orada yaşamağa başlamış və hazırda da cavabdeh həmin evdə yaşayır və onu evdən qovub çıxartmışdır. Hazırda gah bacısının, gah da o biri qardaşının evində yaşamaq məcburiyyətində qalmışdır. O, atasının ölümündən sonra həmin evə dair miras qəbul etmiş yeganə vərəsə kimi vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Qusar rayon notariat ofisinə müraciət etmişdir. Atasına məxsus evin yalnız texniki pasportu və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi mövcuddur. Amma evə dair mülkiyyət sənədi, yəni dövlət reyestrindən çıxarış yoxdur. Həmin evə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək üçün Qusar rayon notariat ofisi DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, Reyestr Xidmətinin əməkdaşları həmin evə gələrək ölçü işləri aparmaq istəmiş, lakin cavabdeh onları evə buraxmamışdır. Nəticədə reyestr xidmətinin əməkdaşları ölçü işlərini apara bilməmiş və 26.05.2021-ci il tarixli məktubla bildirmişlər ki, müayinə işlərinin aprılmasına şərait yaradılmadığı üçün həmin əmlakın müayinəsi baş tutmamış və evin qeydiyyata alınması mümkün olmamışdır. Ona görə də o, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin bu qanunsuz hərəkətləri onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə və evə dair vərəsəlik hüququ haqqında şəhadənamə alınmasına və son nəticədə evə dair mülkiyyət sənədinin-çıxarışın alınmasına maneçilik törədir ki, məhkəmə qaydasında cavabdehə həmin hərəkətlərin edilməsi qadağan edilməlidir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək iddianı müdafiə etdiyini, təyin olunmuş məhkəmə iclasına gələ bilmədiyini göstərmiş və işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4, 185.5 və 185.6-cı maddələrinə əsasən işə tərəflərin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, işdə olan JN-025A KOD 30117018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 12 may 1998-ci il tarixli 7/4 nömrəli qərarı ilə Qusar rayonu Kuzun qışlaq kəndində yerləşən 0.40 ha torpaq sahəsi X2 və X12 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan 1988-ci il tarixli Texniki Pasportun surətindən görünür ki, Qusar rayonu Kuzun qışlaq kəndində yerləşən fərdi yaşayış evinin sahibi X8 olmuşdur. İşdə olan AZ-İ 571060 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 02.01.2013-cü il tarixdə ölmüşdür. İşdə olan 23 may 2012-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X1 rayon Kuzun qışlaq kəndində yerləşən fərdi yaşayış evini nəvəsi Cavabdeh vəsiyyət etmişdir. İşdə olan Qusar rayon Notariat Ofisi tərəfindən verilmiş 16 may 2020-ci il tarixli X- 396 saylı, 21 may 2021-ci il tarixli X-533 saylı və 21 may 2021-ci il tarixli X-534 saylı məktubların surətlərindən görünür ki, İddiaçı X12 və X3 vərəsələri sırasına daxildir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 26 may 2021-ci il tarixli **********55 saylı məktubundan görünür ki, İddiaçı Qusar rayonu Kuzunqışlaq kəndi ərazisində yerləşən mərhum X4 məxsus fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş 03.05.2021-ci il tarixli ********** qeydiyyat nömrəli ərizəsinə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılmışdır. Sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət edilmiş fərdi yaşayış evinə dair müayinə işlərinin aparılması üçün şərait yaradılmamış və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu səbəbdən də, fərdi yaşayış evinin texniki göstəricilərini əks etdirən texniki pasportun hazırlanması və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayonu Kuzunqışlaq kəndində yerləşən 0.40 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçının mərhum atası X3 və X12 adlarına qeydiyyata alınmışdır. Bundan başqa, həmin torpaq sahəsində yerləşməklə mərhum X4 məxsus fərdi yaşayış evi vardır. İddiaçı həmin evə və torpaq sahəsinə dair özünün vərəsəlik hüquqlarını həyata keçirmək və adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmək üçün Qusar rayon Notariat Ofisinə müraciət etmiş, həmin notariat ofisi tərəfindən həmin evə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilmişi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət olunmuş, lakin həmin idarənin əməkdaşları tərəfindən müayinə aparılmasına Cavabdeh tərəfindən maneçiliklər törədilmişdir. Bununla da, iddiaçının vərəsəlik hüququ pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır Beləliklə, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, cavabdeh tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin əməkdaşlarının daşınmaz əmlakın dövlət reyestrindən çıxarış hazırlanması məqsədi ilə Qusar rayonu Kuzunqışlaq kəndində yerləşən, iddiaçının qanun üzrə birinci dərəcəli vərəsəsi olduğu mərhum Məmmədbağır Balayevə məxsus olmuş evdə və həyətyanı torpaq sahəsində müayinə işlərinin aparılmasına törədilən maneçilik əsassız olmaqla iddiaçının vərəsəlik hüququnu məhdudlaşdırdığından həmin maneçiliyin törədilməsi cavabdehə qadağan edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsasən kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Qusar rayonu Kuzun Qışlaq kəndində yerləşən, mərhum X4 məxsus olmuş fərdi yaşayış evində və həyətyanı torpaq sahəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin əməkdaşları tərəfindən müayinə və ölçü işlərinin aparılmasına maneçilik törədilməsi Cavabdeh qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar