Məhkəmə qərarları › İş №2(029)-1042/2021

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-1042/2021

01.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-1042/2021 01.11.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu İddiaçı Qusar rayonu Xuray bələdiyyəsinə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, Müəyyən etdim: İddiaçı Qusar rayonu Xuray bələdiyyəsinə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 149.2.2, 149.2.3; 149.2.5-ci maddələrinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn; ərizəyə əlavə edilən sənədlərin siyahısı tələb göstərilməlidir. İddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddia ərizəsində cavabdeh hüquqi şəxs olan Qusar rayonu Xuray bələdiyyəsinin rekvizitləri (VÖEN, iş və ya mobil telefon nömrələri, elektron poçt ünvanı və s.), o cümlədən iddiaçının özünün elektron poçt ünvanı və mobil telefon nömrəsi göstərilməmiş, həmçinin iddia ərizəsinə əlavə olunmuş bəzi sənədlərin surətləri lazımi qaydada təsdiq olunmamışdır. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilir. Göründüyü kimi, iddianın qiyməti 140000 (yüz qırx min) manat olduğu və ona görə də iddiaçı tərəfindən ümumilikdə 430 (390+40=430) manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda, cəmi 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməmiş, həmçinin qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.1, 152.1.5-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 152, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçı izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada ərizə ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək olar. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Qusar rayon məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar