Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1047/2022 09.12.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Xudaverdiyev Namik Əhməd oğlunun katibliyi ilə İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və cavabdehlərin vəkili X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1650 manat məbləğində pul vəsaitinin, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 36.50 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Qusar rayonu Aşağı Ləyər kəndində yaşayır və təsərrüfatla məşğul olur. Təsərrüfatında 2 baş iribuynuzli heyvan olmuşdur. Həmin heyvanlar 15 sentyabr 2022-ci il tarixdə naxırda olmuş, naxır növbəsində isə həmkəndliləri Cavabdeh1 və Cavabdeh2 olmuşlar. Həmin tarixdə ona məxsus heyvanlardan diri çəkisi 300 kq. olan biri naxır növbəsində olan şəxslərin səhlənkarlığı ucbatından tələf olmuşdur. Belə ki, həmin heyvan nəzarətində olduğu Cavabdeh1 və Cavabdeh2 tərəfindən nəzarətsiz buraxılmış, nəticədə heyvan zəhərli bitkilər yeməklə tələf olmuşdur. Həmin heyvanın diri çəkisi 300 kq., təmiz ət çəkisi isə təxminən 150 kq. olmuşdur. Hazırda bir kiloqram dana ətinin bazar qiyməti təxminən 11 manat təşkil edir. Bu barədə Qusar şəhər bazarında fəaliyyət göstərən “Riad” firması tərəfindən müvafiq arayış verilmişdir. Bununla da, cavabdehlər ona 1650 (150x11=1650) manat məbləğində ziyan vurmuşlar. Belə ki, həmin şəxslər ona məxsus həmin heyvanı səhər saatlarında sağlam şəkildə təhvil almışlar, axşam saatlarında isə sağ və salamat şəkildə ona təhvil verməli olmuşlar. Hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz öhdəliklərini yerinə yetirməmələri nəticəsində ona dəymiş zərərin əvəzi kimi 1650 manat məbləğində pul vəsaiti həmin şəxslərdən müştərək qaydada tutularaq ona verilməlidir. Həmçinin, tərəfindən dövlət rüsumu kimi ödənilmiş 36.50 manat məbləğində pul da cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, 15 sentyabr 2022-ci il tarixdə səhər saatlarında özünə məxsus iki baş inəkləri naxıra buraxmışdır. Həmin gün naxır növbəsində cavabdehlər olsalar da, o, inəyi naxıra buraxanda həmin şəxslər orada olmamışdır. Həmin gün axşam saatlarında onun bir baş inəyi naxırdan geri qayıtmamış, buna görə naxır növbəsinə baxan baş çobana demiş, baş çoban da ona inəyin gələcəyini demişdir. Bundan sonra o, axşam özü inəyi axtarmış, gecə saat 10-da inəyi kənddən 4 kilometr aralıda ölü halda tapmışdır. Həmin vaxt o, oradan baş çobana inəyin öldüyünü demişdir. Baş çoban da ona artıq gec olduğunu, səhər gəlməsini demişdir. Səhər küçəyə çıxmış, icra nümayəndəliyinə getmiş, daha sonra icra nümyəndəsi, baş çoban və baytar həkim inəyə baxmağa getmişlər. Onlar inəyin şişib öldüyünü görmüşlər. Baytar həkim inəyi yarandan sonra müəyyən olunmuşdur ki, inək boğaz olmuş və yonca yediyinə görə şişib ölmüşdür. Cavabdehlər həmin gün növbədə olmamış, onların yerinə başqa bir nəfər olmuşdur, növbə cavabdehlərin olsa da, öz yerlərinə başqa şəxsi göndərmişlər. İnək yonca yemiş, sonra isə su içib şişib ölmüşdür. Malın şişib ölməsini həkim təsdiq edə bilər, inək ekspertizaya göndərilməmişdir. Həmin gün növbədə cavabdehlər olmalı idi, bu barədə icra nümayəndəliyinin arayışı da var. Cavabdehlər malqaranı əkin sahələrinə həmişə apardıqları yerə aparmışlar, inəklərin aparılması barədə hər hansı yazılı müqavilə və tapşırıq olmamışdır. İnəyin tələf olduğu halda ziyanın növbədə olan şəxslər tərəfindən ödənilməsi barədə müqavilə olmamışdır. Naxırda 110-120 inək olmuşdur. Həmin gün tək onun inəyi ölmüşdür. İnək yonca yeyib şişib tələf olmuşdur. Əkin sahəsində zəhərli ot olmamışdır. O, inəyi yarıb baxmış və içindən yonca çıxmışdır, bunu baytar həkim də ona demişdir. Cavabdehlər öz növbələrində başqa şəxsi göndərmişlər. baş çoban qapı-qapı gəzib iki nəfərə səhər növbədə olduğunu deyir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, onların inəkləri otarmaq üçün apardıqları sahələr 100-200-300 hektar taxıl sahələridir, orada yonca yoxdur. Yonca olan bir yer olub, ora da bağlı olmuşdur, heyvanlar oraya girə bilməz. Həmin gün naxırda 110-120 baş inək olmuşdur, onlar naxır növbəsində olmuşlar. İddiaçı inək tələf olanda nə ona, nə də digər cavabdehə xəbər verməmişdir. Naxır səhər saat 8-də gedir və axşam saat 4-də kəndə qayıdır. O, iddiaçının inəyinin ölməsini 4 gün sonra bilmişdir. baytar həkimlər analizləri Bakı şəhərinə də göndərmişlər, nədən olduqlarını bilməmişdir. İddiaçı yalan danışır, inək öləndə balası olmamış, həmçinin inəyin çəkisi nə qədər olduğunu bilməmişdir. Həmin gün naxır növbəsində o, olsa da, öz yerinə başqa kənddən olan Carulla adlı şəxsi göndərmiş, buna görə Carullaya pul vermişdir. Növbəyə Carullanın getməsindən baş çobanın və kənd camaatının da xəbəri olmuşdur. Kənd camaatının 90 faizi özləri naxıra getmirlər, pul verib başqa şəxsləri göndərir, o, da təqaüdçüdür, bir gözü görmür, naxıra gedə bilmir. İnəklərin naxıra aparılıb-gətirilməsi barədə hər hansı müqavilə və razılaşma olmamışdır. Naxırda olan inək tələf olduğu halda dəymiş zərərin naxırda olan şəxs tərəfindən ödənilməsi barədə razılaşma olmamışdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, həmin gün naxır növbəsinə gedənlərdən biri də o olmuşdur. Kənd camaatı inəkləri qapıdan küçəyə çıxardır, naxırda olan şəxslər də malları naxıra aparır. Hamı naxırı eyni əkin sahələrinə aparır. O, həmin gün iddiaçının inəyinin naxırda olduğunu heç bilməmişdir. Onlarda belə bir adət var ki, mal geri gəlməyəndə bu barədə naxırçılara bildirilməlidir, lakin iddiaçı ona inəyin gəlmədiyini deməmişdir. Əgər həmin gün onun xəbəri olsaydı, o tanışları ilə gedib inəyi axtarardı və bilərdi ki, inək nədən ölmüşdür. Naxır səhər saat 8-də gedir və axşam saat 4-də kəndə qayıdır. İddiaçının malını canavar yeməyib, kanala düşməyib, ayağı qırılmayıb. Bəlkə iddiaçı özü ölü heyvanı ora atıb? Həmin gün naxırda 100-dən 110-a kimi iribuynuzlu mal-qara olmuş, onlar mal-qaranı həmişə eyni yerə otlamağa aparırlar. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlərin vəkili X5 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, tərəflər arasında müqavilə olmamışdır. İddiaçının inəyin nədən öldüyü barədə heç bir sübutu yoxdur. Sübut olunmalıdır ki, heyvan nədən ölmüşdür. Yonca yeyib ölməsi iddiaçının fərziyəsidir. İddiaçının tələbi qanuna ziddir. Odur ki, iddinın rədd edilməsi barədə qətnamə çıxaılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Qusar RİHB-nın Aşağı Ləgər kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 264 saylı arayışın surətindən görünür ki, İddiaçı Aşağı Ləgər kənd İƏD üzrə nümayəndəliyinin 5 saylı ev təsərrüfatlarının uçotu kitabının 423 saylı hesabda 2 baş iribuynuzlu mal-qarası mövcud olmuş və onlardan biri xx.xx.2022-ci il tarixdə naxır növbəsində tələf olmuşdur. İşdə olan Qusar RİHB-nın Aşağı Ləgər kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 272 saylı arayışın surətindən görünür ki, baytarlıq idarəsinin sosial işçisi X1 məlumatına əsasən Aşağı Ləgər kənd sakini İddiaçı 1 (bir) baş iri-buynuzlu təxminən diri çəkisi 300 kq olan heyvanı xx.xx.2022-ci il tarixində tələf olmuşdur. İşdə olan Qusar RİHB-nın Aşağı Ləgər kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 265 saylı arayışın surətindən görünür ki, nümayəndəlikdə olan məlumata əsasən Aşağı Ləgər kəndi ərazisində naxır növbəli sistemlə aparılır və xx.xx.2022-ci il tarixdə naxır növbəsində Cavabdeh1 və Cavabdeh2 olmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli “RİAD” firması tərəfindən verilmiş arayışdan görünür ki, Qusar şəhəri “RİAD” firmasında (kolxoz bazarı) ətin qiyməti hal-hazırda 11 manatdır. İşdə olan Hörmətulla Şərif, Bəhram Camiyev və Tənyar Abdullayev tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixində naxır növbəsi zamanı Aşağı Ləgər kənd sakini İddiaçı məxsus 1 (bir) baş inək tələf olmuşdur. İşdə olan Qusar rayon Polis Şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli 149-192858- 322 saylı X2 ünvanlanmış məktubdan görünür ki, müraciəti mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Göründüyü kimi, İddiaçı 15 sentyabr 2022-ci il tarixdə səhər saatlarında özünün təsərrüfatında olan inəkləri kəndin ümumi naxırına qoşmaqla otlamağa göndərmiş, həmin gün naxır növbəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 olmuşlar. İddiaçının bildirdiyinə görə onun diri çəkisi 300 kiloqram olan bir baş inəyi boğaz vəziyyətdə yeməli olmadığı zəhərli bitkiləri yediyi üçün tələf olmuşdur. Lakin, cavabdehlərlə iddiaçı arasında sonuncunun inəklərinin otarılması üsulu, qaydası və yeri, o cümlədən inəyin boğaz vəziyyətdə olması və buna görə də, onun məhz hansı növ bitkilərlə qidalandırılmalı olması barədə heç bir yazılı və ya şifahi müqavilə bağlanmamış, bunu iddiaçı özü də izahatında bildirmişdir. Bundan başqa, iddiaçının öz inəklərinin otarılmasını şəxsən cavabdehlərə tapşırması barədə də hər hansı sənəd mövcud deyildir. Bununla da, cavabdehlərin iddiaçının tələf olmuş inəyinin otarılmasının xüsusi qaydası barədə əvvəlcədən hər hansı müqavilə öhdəlikləri mövcud olmamışdır.Həmçinin həmin iri buynuzlu heyvanın tələf olmasına hər hansı qəsd və ya ehtiyyatsızlıqdan münasibəti mövcud olmamışdır. Bu səbəbdən də, iddiaçının tələf olmuş bir baş inəyinin tələf olmasına görə cavabdehlərin məsuliyyəti yaranmamış, həmin inəyin tələf olmasında həmin şəxslərin hər hansı təqsirlərinin olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bununla da, cavabdehlərin təqsiri ucbatından iddiaçıya maddi ziyan vurulması sübuta yetirilməmiş, həmin hallara dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşmayaraq belə qənaətə gəlir ki, iddia tələbi qanunsuz və əsassızdır, təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər İsmayılov Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddiası əsassız olduğundan və iddia tələbinin əsası kimi istinad olunmuş hallar sübuta yetirilmədiyindən rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı dəymiş ziyan tələbinə dair iddiası rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-1047/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1047/2022
09.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver