Məhkəmə qərarları › İş №2(029)-1064/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1064/2021

22.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1064/2021 22.12.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Yevqenyevnanın, Cavabdeh və tərcüməçi Ağammədova Arzu Abrek qızının iştirakları ilə, İddiaçı Yevqenyevnanın Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Yevqenyevna Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən birgə nikahdan olan uşaqları, 15 sentyabr 2012-ci il təvəllüdlü Nikita və 25 aprel 2014-cü il təvəllüdlü Mixayıl adlı uşaqların saxlanmaları üçün onun xeyrinə tutulan alimentin miqdarının artırılmasına və cavabdehlə birgə nikahlarından olan 15 sentyabr 2012-ci il təvəllüdlü Nikita və 25 aprel 2014-cü il təvəllüdlü Mixayıl adlı uşaqların saxlanmaları üçün hər ay hə uşağa görə 175 manat olmaqla cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Yevqenyevna iddianı onunla əsaslandırmışdır ki, o, 10 oktyabr 2010-cu il tarixdə nikahı rəsmi qeyd etdirməklə cavabdehlə ailə həyatı qurmuşdur. Cavabdeh ilə birgə nikahlarından 15 sentyabr 2012-ci il təvəllüdlü Nikita və 25 aprel 2014-cü il təvəllüdlü Mixayıl adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar və aralarındakı nikah 22 dekabr 2015-ci il tarixdə pozulmuşdur. Cavabdehlə ayrıldıqları vaxtdan azyaşlı uşaqlar onun himayəsində qalmışlar. Qusar rayon məhkəməsinin 06 mart 2015-ci il tarixli 2(029)-175/2015 saylı qətnaməsinə əsasən cavabdehdən azyaşlı uşaqların saxlanmaları üçün onun xeyrinə hər ay hər uşağa görə 80 (səksən) manat olmaqla cəmi 160 (yüz altmış) manat miqdarında alimentin tutulması qət edilmişdir. Həmin qətnamədən onun tərəfindən Apellyasiya şikayəti olmuş, Apellyasiya məhkəməsi Qusar rayon Məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Sumqayıt Apellyasiya məhkəməsinin qətnaməsindən onun tərəfindən Ali Məhkəməyə kassasiya şikayəti olmuş və Ali Məhkəmənin 22 oktyabr 2015-ci il tarixli 2(102)-4504/2015 saylı qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilərək hər uşağa görə 100 (yüz) manat olmaqla, iki uşağa görə 200 (iki yüz) manat sabit pul məbləğində aliment verilməsi qət edilmişdir. Beləliklə, hal-hazırda cavabdeh ona uşaqların saxlanması üçün hər ay 200 (iki yüz) manat aliment ödəyir. Bildirir ki, cavabdehin ona ödədiyi 200 (iki yüz) manat aylıq aliment uşaqların cüzi ehtiyaclarını belə ödəməyə kifayət etmir. Belə ki, uşaqlar böyüdükcə onların maddi ehtiyaclarıda artır. Uşaqların gündəlik ehtiyaclarını ödəyə bilmir. Ona görə də cavabdeh uşaqların saxlanılmaları üçün daha artıq aliment ödəməyə borcludur. Məhkəmə iclasında İddiaçı Yevqenyevna iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında göstərmişdir ki, cavabdeh heç vaxt uşaqlara ata kimi münasibət göstərməmiş, uşaqların tərbiyəsi ilə maraqlanmamış, kəsilmiş 100 manat alimenti 2-3 aydan bir ödəmiş, uşaqların saxlanması üçün əlavə heç bir kömək etməmişdir. İldə iki dəfə uşaqları ilə telefon əlaqəsi saxlayır. O, uşaqları Bakı şəhərinə apararaq atası ilə görüşdürmək istəyərkən, ataları hər dəfə işdə olduğunu demiş, uşaqları görməkdən çəkinmişdir. Böyük uşağın hazırda 9 yaşı var. Həmin uşağa cavabdeh əvvəllər 5 dəfə uşaq yeməyi almış və indiyə kimi heç vaxt maraqlanmamışdır. Balaca uşağın 7 yaşı var, o, ömründə atasını cəmi 7 dəfə görmüşdür. O, məktəbdə müəllim işləyir, 700 (yeddi yüz) manat əmək haqqı alır. Cavabdehin harada işlədiyini, nə işlə məşğul olduğunu isə bilmir. Bakı şəhərinə gedəndə onu və uşaqları nə yaşadığı ünvana nə də ki, iş yerinə aparmamışdır. Cavabdehin ayda ***-**** manat civarında qazanc əldə etməyinə inanmır, cavabdeh təzədən ailə həyatı qurmuş, iki uşağı olmuş və hazırda kirayədə yaşayır. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, o, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğuldur, aylıq qazancı ***-**** manat civarındadır. İşi ilə əlaqədar olaraq uşaqları tez-tez görə bilmir, uşaqların saxlanılması üçün ondan tələb olunan alimenti vaxtı-vaxtında ödəyir. O, təzədən ailə həyatı qurmuş, həmin nikahdan iki uşaqları var. Hazırda o, ailəsi ilə Bakı şəhərində kirayədə yaşayır. Onun vergi borcları çoxdur, uşaqlar xəstələnmişdir, ona görə də, birinci nikahdan olan uşaqların saxlanması üçün əlavə maddi yardım göstərə bilməmişdir. Hazırda maddi vəziyyəti çətindir, ona görə də iddianın rədd edilməsi barədə qətamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, işdə olan AZ-İİ 941545 və AZ-İİİ 282347 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X8 15 sentyabr 2012-ci il tarixdə və X7 25 aprel 2014-cü il tarixdə anadan olmuşdur, ataları Cavabdeh, anaları İddiaçı Yevqenyevnadır. İşdə olan AZ-İ 271653 saylı 22 avqust 2017-ci il tarixli nikahın pozulması haqqına şəhadətnamənin surətindən görünür ki, 22 dekabr 2015-ci il tarixdə Cavabdeh ilə İddiaçı Yevqenyevnanın aralarında olan nikah 118 saylı akt qeydi ilə ləğv edilmişdir. İşdə olan 30 sentyabr 2021-ci il tarixli 2021-002651 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı Yevqenyevna və Cavabdeh 30 sentyabr 2021-ci il tarixində 11:05 saatlarında keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı Yevqenyevna ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiya xərci ödəmişdir. İşdə olan Qusar rayon məhkəməsinin 2(029)-175/2015 saylı 06 mart 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı Yevqenyevna arasında 10 oktyabr 2010-cu il tarixdə Qusar rayon Qeydiyyat şöbəsində bağlanaraq 160 sayla qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından anadan olmuş 15 sentyabr 2012-ci il təvəllüdlü X8 və 25 aprel 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək anaları İddiaçı Yevqenyevnanın yanında saxlanılmış, Cavabdeh 21 yanvar 2015-ci il tarixdən başlayaraq hər ay hər uşağa 80 (səksən) manat olmaqla cəmi 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq 15 sentyabr 2012-ci il təvəllüdlü X5 və 25 aprel 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı Yevqenyevnaya verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 4504/2015 saylı 22 oktyabr 2015-ci il tarixli qərarından görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 03 iyul 2015-ci il tarixli qətnaməsi alimentin miqdarının hər uşaq üçün 80 manat, cəmi 160 manat məbləğində müəyyən olunması barədə Qusar rayon Məhkəməsinin 06 mart 2015-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair hissədə ləğv edilmiş, iddia həmin hissədə təmin edilərək 15 sentyabr 2012-ci il təvəllüdlü X5 və 25 aprel 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 21 yanvar 2015-ci il tarixdən başlayaraq Cavabdeh hər uşaq üçün ayda 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Yevqenyevnaya verilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş AZ-İİ 108569 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Rüstəm X1 07 fevral 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş AZ-İİİ 787342 və AZ-İV 558830 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X6 08.08.2016-cı ildə, X4 15.04.2021-ci ildə anadan olmuşlar. Həmin uşaqların ataları Cavabdehdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçı ilə cavabdehin ümumi birgə nikahlarından anadan olmuş azyaşlı Nikita və Mixayıl adlı uşaqların təkbaşına saxlanmasının iddiaçı üçün çətin olmasını, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4504/2015 saylı 22 oktyabr 2015-ci il tarixli qərarının qəbul edildiyi vaxtdan 6 ildən çox müddət keçməsini, həmin qərar ilə təyin olunmuş alimentin hazırda həmin uşaqların saxlanması üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını və uşaqların mənafeyini əhəmiyyətli dərəcədə pozmasını, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, məhkəmə tərəfindən cavabdehdən iddiaçının xeyrinə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək artırılmalı və hər ay hər bir uşağa görə sabit pul məbləğində 175 (yüz yetmiş beş) manat, cəmi isə 350 (üç yüz əlli) manat miqdarda müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4504/2015 saylı 22 oktyabr 2015-ci il tarixli qərarı ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək xx xxxxxx 1987-ci ildə Ukrayna Respublikası Odessa şəhərində anadan olmuş, ünvan 2 ünvanda qeydiyyatda olmaqla faktiki olaraq ünvan 3 ünvanda yaşayan Cavabdeh İddiaçı Yevqenyevnanın xeyrinə 15 sentyabr 2012-ci il təvəllüdlü X5 və 25 aprel 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat olmaqla cəmi isə 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar