Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-115/2022 13.01.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı təbiətə dəymiş ziyanın ödənilməsinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı təbiətə dəymiş ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 400,0 (dörd yüz) manat məbləğin cavabdeh tərəfindən 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Qusar rayonu Xurel kənd sakini Cavabdeh Qusar rayonu Xurel kəndi ərazisində qanunsuz olaraq 1 ədəd palıd ağacını kəsərək məhv etməsi faktı aşkar edilərək Qusar rayon Polis Əməkdaşları tərəfindən qanunamüvafiq sənədləşmə işləri aparılmışdır. Cavabdeh “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozmuş, nəticədə Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”na əsasən onun tərəfindən təbiətə dəymiş ziyana görə 400,0 (dörd yüz) manat iddia məbləği hesablanmışdır. Təbiətə dəymiş ziyanı könüllü şəkildə ödəməsi üçün barəsində qaldırılmış iddia və təbiətə dəymiş ziyanın hesabatı Cavabdeh 01.04.2021-ci il tarixli 480 saylı məktubla göndərilsə də o, iddia məbləğini ödəməkdən imtina etmişdir. 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və həmin idarənin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək iddianı müdafiə etdiyini bildirmiş, həmçinin səhhəti ilə əlaqədar təyin olunmuş məhkəmə iclasına gələ bilməyəcəyini bildirərək işə onun iştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş məhkəməyə ərizə göndərərək göstərmişdir ki, iddianı qəbul edir, dəymiş 400 (dörd yüz) manat ziyanı ödəyə bilmir, hissə-hissə ödəyəcəkdir. İddianın təmin edilməsinə etiraz etmir. Həmçinin, təyin olunmuş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Qusar RPŞ-nin İB-nin 01 mart 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş, barəsində Azərbaycan Respublikasının İXM-nin 253.2-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qusar RPŞ-nin İTB-nə verilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, 16.01.2021-ci il tarixdə günorta radələrində Cavabdeh, Qusar rayonu Xürel kəndində yerləşən “Pir sahəsi” adlanan ərazidən 01 ədəd 38 sm diametrdə palıd cinsə aid köküstü yaş ağacı qanunsuz olaraq kəsməsi nəticəsində təbiətə vurulan ziyanın məbləği 400 manat təşkil edir və Cavabdeh əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259-cu maddəsinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilməlidir. Sözügedən əməli törətmiş Cavabdeh əməlində Azərbaycan Respublikasının İXM-nin 253.2-ci maddəsinin tərkib əlamətləri olduğundan o, inzibati məsuliyyətə cəlb olunmalıdır. İşdə olan Qusar RPŞ-nin İTB tərəfindən tərəfindən tərtib olunmuş 10 mart 2021-ci il tarixli MN 1004063-222 saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh 16.01.2021-ci il tarixdə Qusar rayonu Xürel kəndində qanunsuz olaraq palıd cinsinə aid bir ədəd ağacı kəsməklə təbiətə 400 manat maddi ziyan vurmuşdur. İşdə olan 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 20 aprel 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında Qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 2000 (iki min) manat məbləğində cərimə olunmuşdur. İşdə olan Qusar rayonu Xürel kəndində yerləşən “Pir sahəsi” adlanan ərazidən Cavabdeh tərəfindən ağacların qanunsuz götürülməsi nəticəsində təbiətə dəymiş ziyanı hesablama cədvəlindən görünür ki, Cavabdeh hərəkətləri nəticəsində təbiətə dəymiş ziyan 400 (dörd yüz) manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh 16.01.2021-ci il tarixdə Qusar rayonu Xürel kəndində yerləşən “Pir sahəsi” adlanan ərazidən 01 ədəd 38 sm diametrdə palıd cinsə aid köküstü yaş ağacı qanunsuz olaraq kəsmişdir. Bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 20 aprel 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında Qərarı ilə 2000 (iki min) manat məbləğində cərimə olunmuşdur. Bundan başqa, Cavabdeh həmin təqsirli hərəkətləri nəticəsində təbiətə 400 manat məbləğində maddi zərər dəymiş və onun iddiaçı qarşısında mülki məsuliyyəti, delikt öhdəliyi əmələ gəlmişdir. Qeyd olunmalıdır ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyini səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Zərərçəkən rolunda istənilən subyekt, o cümlədən fiziki şəxs, bələdiyyə, hüquqi şəxs və dövlət çıxış edə bilər. Dövlətin müstəsna mülkiyyətində olan dövlət torpaqlarına, meşələrə, yerin təki obyektlərinə və digər nemətlərə zərər vurulduqda, həmin hərəkətlərdən ziyan çəkir və bu zaman öhdəlikdə dövlətin özü yox, dövləti təmsil edən və onun adından çıxış edən müvafiq orqanlar iştirak edirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh təqsirli hərəkəti nəticəsində iddiaçı 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə vurulmuş maddi zərərin əvəzi kimi 400 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçının hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.1-ci maddələrinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.4-ci maddələrinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddiaçı 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi büdcə təşkilatı olmaqla dövlət rüsumunu ödəməkdən azad olunduğundan və iddianın qiyməti 1000 manatadək olduğundan Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına (X2 Kodu: 210005, VÖEN:**********, M/H:AZ41 NABZO**********000003944, SWİFT BİK CTREAZ22, Hesab: AZ41NABZO**********000003944, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, VÖEN:**********, İBAH kodu:AZ78CTRE********************, Büdcə səviyyəsinin kodu: 3, Büdcə Təsnifatının kodu: 142582) keçirilsin. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-115/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-115/2022
13.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver