Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-124/2022 27.01.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı mülki hüquq pozuntusu (delikt) nəticəsində əmlaka vurulmuş zərər tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mülki hüquq pozuntusu (delikt) nəticəsində əmlaka vurulmuş zərər tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təqsirli hərəkətləri nəticəsində, törətdiyi yol-nəqliyyat hadisəsi ilə əlaqədar ona vurduğu 750 manat ümumi zərərin, avtomobili müayinəyə görə “VAZ” Kooperativinə ödədiyi 50 manat müayinə haqqının, habelə iddia qaldırmaqla əlaqədar ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, onun istifadəsində etibarnamə üzrə özünə məxsus “Daimler Chrysler” markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomabil vardır. 08 noyabr 2021-ci il tarixdə həmin avtomobili yaşadığı ünvan 1 ünvanda yerləşən evinin qabağında saxlamışdır. Axşam saat 19 radələrində küçədən gələn səsə evdən çıxanda görmüşdür ki, Cavabdeh idarə etdiyi “Vaz 21140” markalı B 949 TM 05 rus dövlət qeydiyyat nişanlı avtomobillə “STOP” yol nişanının tələblərini pozaraq yol ayrıcına çıxmış, əsas yolda hərəkətdə olan “Mersedes Benz” markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxaraq onunla toqquşmuş, sonra isə onun avtomobilinin arxa tərəfi ilə toqquşmuşdur. Hadisə nəticəsində xəsarət alan olmasa da, ona məxsus “Daimler Chrysler” markalı **-KC-*** dövlət qeydiyyat nişanlı maşına xeyli miqdarda zərər dəymişdir. Həmin yol-nəqliyyat hadisəsi ilə əlaqədar olaraq “VAZ 21140” markalı B 949 TM 05 rus dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Qusar rayon Polis Şöbəsinin DYP bölməsinin 09 noyabr 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Cavabdeh məxsus avtomobil sığortalanmadığı üçün o, maşına dəyən zərəri sığorta təşkilatı vasitəsilə ala bilməmişdir. Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi ilə əlaqədar ona dəymiş zərəri tezliklə ödəyəcəyinə söz vermiş, lakin zərəri ödəməmişdir. Cavabdehin törətdiyi həmin yol-nəqliyyat hadisəsi nəticəsində avtomaşına dəyən maddi zərərin müəyyənləşdirilməsi üçün o, maşın ustalarına müraciət etmişdir. Maşına baxış zamanı dəymiş ümumi zərərin 750 manat olması müəyyən edilmiş və müvafiq akt tərtib edilmişdir. Maşına baxış keçirilib dəymiş ümumi zərərin müəyyənləşdirilməsi üçün müayinə aparılmasından ötrü onun tərəfindən Qusar şəhərində yerləşən VAZ Kooperativinə əlavə 50 manat pul ödənilmişdir. Maşına dəymiş ümumi zərər 750 manat, maşını müayinəyə görə VAZ Kooperativinə ödədiyi 50 manat müayinə haqqı, habelə iddia qaldırmaqla bağlı ödədiyi 30 manat dövlət rüsumu Cavabdeh tərəfindən ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o, 08 noyabr 2021-ci il tarixdə işdən yaşadığı ünvan 1 ünvanda yerləşən evinə gəlmiş və istifadəsində olan “Daimler Chrysler” markalı **-KC- *** dövlət qeydiyyat nişanlı avtomabili evin qarşısında saxlamışdır. Bir qədər keçdikdən sonra o, səsə bayıra çıxmış və məlum olmuşdur ki, Cavabdeh idarə etdiyi “Vaz 21140” markalı B 949 TM 05 rus dövlət qeydiyyat nişanlı avtomobillə “STOP” yol nişanının tələblərini pozaraq əsas yolda hərəkətdə olan “Mersedes Benz” markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməyərək yolayrıcına çıxmış, nəticədə əvvəlcə həmin avtomobillə, sonra isə onun avtomobili ilə toqquşmuşdur. Nəticədə onun avtomobilinin buferi sınmışdır. Həmin hadisə ilə əlaqədar cavabdeh Qusar RPŞ-nin DYPB-də cərimə olunmuş, avtomobilin sığortası olmadığından polis şöbəsində ona məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. Onun cavabdehlə münasibəti olduğuna görə zərərin ödənilməsi ilə bağlı bir neçə dəfə ona zəng etmiş, cavabdeh telefonu açmadığına görə onun qardaşına demiş, lakin cavabdeh dəymiş zərəri ödəməmişdir. Ona dəymiş zərərin məbləği 750 manat təşkil edir. Bundan başqa, o, Qusar VAZ kooperativinə müvafiq müayinə aktının verilməsi üçün 50 manat pul ödəmişdir. Cavabdehin ona 300 manat ödəməsinə razı deyil, həmin şəxs dəymiş ziyanı tam ödəməlidir. Odur ki, iddianın təmin edilməsi, cavabdehdən ona vurduğu 750 manat ümumi zərərin, avtomobili müayinəyə görə “VAZ” Kooperativinə ödədiyi 50 manat müayinə haqqının, habelə iddia qaldırmaqla əlaqədar ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etmiş və izahatında göstərmişdir ki, iddiaçının avtomobilinə dəymiş zərər əslində 300 manatdır, 750 manat çoxdur. Hadisə zamanı iddiaçı özü də demişdir ki, maşına dəymiş ziyan 300 manatdır. İddiaçının avtomobilinin buferinin sındığı yer balaca yerdir, onu düzəltmək olar. Hadisədən sonra o, iddiaçıya səbrli olmasını və avtomobili təmir etdirəcəyini demişdir. Hadisə ilə əlaqədar Qusar RPŞ-nin DYPB tərəfindən onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və o, 60 manat məbləğində cərimə olunmuşdur. Həmin cəriməni ödəmiş, nə vaxt ödədiyi yadında deyildir. Odur ki, iddianın qismən təmin edilməsi, ondan iddiaçının xeyrinə 300 manat məbləğində pul tutulması barədə qətnamə çıxqarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qusar rayon Polis Şöbəsinin DYPB-nin 09.11.2021ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh 08.11.2021-ci il tarixdə saat 19:00 radələrində idarə etdiyi “VAZ 21140” markalı B949TM05 dövlət qeydiyyat nişanlı avtomobillə Qusar şəhəri T.İsmayılov küçəsi ilə N.Şərifov küçəsinin kəsişməsində yolayrıcını keçmə qaydalarını pozduğuna görə barəsində Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Cavabdeh tərəfindən törədilmiş xəta nəticəsində X1 məxsus Mercedes Benz markalı 90KF430 dövlət qeydiyyat nişanlı və İddiaçı məxsus Daimler markalı 99KC745 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə ziyan dəymişdir. İş materiallarında olan Qusar “Vaz” kooperativi tərəfindən verilmiş 10.11.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı məxsus «DAİMLER CHRYSLER» markalı 99KC745 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər cəmi 750 (yeddi yüz əlli) manat təşkil edir. İş materiallarında olan fiziki şəxs X2 tərəfindən verilmiş 10 noyabr 2021-ci il tarixli 154585 saylı mədaxil qəbzindən görünür ki, maşına smeta tərtib olunduğuna görə İddiaçı tərəfindən onun hesabına 50 manat məbləğində pul ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh 08.11.2021-ci il tarixdə saat 19:00 radələrində idarə etdiyi “VAZ 21140” markalı B949TM05 dövlət qeydiyyat nişanlı avtomobillə Qusar şəhəri T.İsmayılov küçəsi ilə N.Şərifov küçəsinin kəsişməsində yolayrıcını keçmə qaydalarını pozduğuna görə barəsində Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Cavabdeh tərəfindən törədilmiş xəta nəticəsində X1 məxsus Mercedes Benz markalı 90KF430 dövlət qeydiyyat nişanlı və İddiaçı məxsus Daimler markalı 99KC745 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə ziyan dəymişdir. İddiaçı dəymiş zərərin miqdarı Qusar VAZ kooperativi tərəfindən 750 manat müəyyən olunaraq bu barədə 10.11.2021-ci il tarixli smeta aktı tərtib olunmuş, həmin aktın verilməsinə görə isə İddiaçı tərəfindən smeta aktını tərtib etmiş şəxsin hesabına 50 manat məbləğində pul ödənilmişdir. Cavabdeh iddiaçıya dəymiş həmin ziyanı ödəməkdən boyun qaçırır. Cavabdehin özünün təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurması Qusar rayon Polis Şöbəsinin DYPB-nin qanuni qüvvəyə minmiş 09.11.2021-ci il tarixli TP ******* saylı qərarı ilə öz təsdiqini tapmışdır. Bununla da, Cavabdeh iddiaçı qarşısında delikt öhdəliyi yaranmışdır. Qeyd olunmalıdır ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyini səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 750 (yeddi yüz əlli) manat, avtomobili müayinəyə görə ödənilmiş 50 (əlli) manat, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, cəmi 830 (səkkiz yüz otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 750 (yeddi yüz əlli) manat, avtomobili müayinəyə görə ödənilmiş 50 (əlli) manat, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, cəmi 830 (səkkiz yüz otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-124/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-124/2022
27.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver