Məhkəmə qərarları › İş №2(029)-1247/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1247/2025

17.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1247/2025 17.12.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı müqavilə üzrə yaranmış borc tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müqavilə üzrə yaranmış borc tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, onun tərəfindən 28 sentyabr 2023-cü il tarixində bağlanmış № 23/MT490 olan alqı-satqı müqaviləsi üzrə öhdəliyinin pozulması nəticəsində ona borclu qaldığı 350.24 (üç yüz əlli manat 24 qəpik), 109.2 (bir yüz doqquz manat 20 qəpik) manat cərimə borcu və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 30,00 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə etibarnamə üzrə nümayəndəsi arasında 28 sentyabr 2023-cü il tarixində bağlanmış № 23/MT490 olan alqı-satqı müqaviləsinə əsasən ona, Qusar şəhəri, Çingiz Qurbanov küçəsində yerləşən, mənə məxsus olan “Ev üçün ailə üçün” mağazasmdan 505,0 manat dəyərində “Redmi Note 12 S” markalı telefon borca satılmışdır. Alqı-satqı müqaviləsinə uyğun olaraq 15,15 manat komisyon xərcləri və 81,09 manat ödəniləcək faiz məbləği ilə birlikdə cavabdehin ona 601,24 manat borcu olmuşdur. Cavabdeh borcu, müqavilə ilə müəyyən edilmiş ödəmə qrafiki üzrə, 2023-cü ilin oktyabr ayının 28-dən başlayaraq 2024-cü ilin iyun ayının 8-nə kimi (həmin ay da daxil olmaqla), 9 ay müddətində ödəməli olmuşdur. Müqavilə bağlanandan sonra cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulmuş qaydada ödəmələr edilməmiş, onun tərəfindən müxtəlif vaxtlarda müxtəlif miqdarda 5 dəfə ödəmə edilməklə 251,0 manat qaytarılmış və onun 350,24 manat borcu qalmışdır. Müqavilənin 2.3-cü bəndinə əsasən cavabdehdən, ödənilməsi gecikdirilmiş 350,24 manat pul məbləğinin, müqavilə ilə müəyyən edilmiş faiz məbləğinin ikiqat məzənnəsi məbləğində, 109,2 manat, cərimə tələb etmək hüququna malikdir. Borcun qaytarılması ilə əlaqədar cavabdehə etdiyi müraciətlərin nəticəsi olmamış, onun tərəfindən borc ödənilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə iddiaçı arasında 28 sentyabr 2023-cü il tarixində bağlanmış № 23/MT490 olan alqı-satqı müqaviləsinə əsasən həmin şəxsə Qusar şəhəri, Çingiz Qurbanov küçəsində yerləşən, ona məxsus olan “Ev üçün ailə üçün” 505.0 manat dəyərində “Redmi Note 12 S” markalı telefon borca satılmışdır. Cavabdeh borcu, müqavilə ilə müəyyən edilmiş ödəmə qrafiki üzrə 2023-cü ilin oktyabr ayının 28-dən başlayaraq, hər aya müəyyən edilmiş miqdarda ödəmələr etməklə, 9 ay ərzində, 2024-cü ilin ayının 8-nə kimi (həmin ayda daxil olmaqla) ödəməli olmuşdur. Bundan başqa, iş materialları ilə müəyyən olunur ki, cavabdeh tərəfindən müxtəlif vaxtlarda müxtəlif miqdarda 5 dəfə ödəmə edilməklə 251,0 manat qaytarılmış və onun 350,24 manat borcu qalmışdır. Tərəflər arasında bağlanmış müqaviləmizin 2.3-cü bəndinə əsasən ödənişlər alqısatqı müqaviləsinə uyğun həyata keçirilməzsə alıcı satıcıys ödənilməmiş məbləğlərinin ikiqat faiz məzənnəsi ilə hesablanmış cərimə məbləği ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının tələbinin əsaslılığı tərəflər arasında bağlanılmış müqavilə və onun əlavəsi ilə sübuta yetirilir. Bununla belə, cərimə pulunun tutulmasına dair iddia tələbini məhkəmə qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, cərimə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göründüyü kimi, mülki qanunvericiliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki-hüquqi məsuliyyət tədbiri olaraq cərimə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi cərimə borcu tənasübsüz surətdə yüksək olmuşdur. Mülki Məcəllənin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq 50 manat məbləğində saxlanılması kreditorun əmlak mənafelərinə elə bir ciddi zərəri olmamaqla yanaşı, borclu şəxsin mülkiyyət maraqlarının da qorunması və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısının alınması baxımından daha məqsədə müvafiqdir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh ödənilməmiş qalan 350,24 (üç yüz əlli manat 24 qəpik) manat borc və 35 manat cərimə olmaqla cəmi 385,24 manat pul vəsaiti tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh müqavilə üzrə 350,24 manat borc, 109,2 manat cərimə olmaqla cəmi 385 (üç yüz səksən beş manat 44 qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar