Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-125/2022 14.01.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qusar rayon İcra və Probasiya Şöbəsi Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə elektron qolbağın dəyərini təşkil edən 2277.4 manat vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qusar rayon İcra və Probasiya Şöbəsi iddianı onunla əsaslandırmışdır ki, Qusar rayon məhkəməsinin 1(029)-68/2020 saylı, 26.08.2020-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm və icrası barədə göstəriş 21.09.2020-ci il tarixdə İddiaçı icraatına daxil olmuşdur. Cavabdeh 29.09.2020-ci il tarixdə şöbədə qeydiyyata alınmış, onunla ilkin fərdi söhbət aparılmış, ona məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri izah edilmiş və müvafiq sənədlər tərtib edilmişdir. Cavabdeh 07.05.2021-ci il tarixdə elektron qolbaq bağlanmış, “Attenti” markalı elektron nəzarət vasitələri komplekti tətbiq edilərək 05548 seriya nömrəli elektron qolbaq bağlanmış və müvafiq aktla təhvil verilmişdir. Həmin nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu barədə avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Cavabdeh cəzanın icrası qaydalarını qərəzli şəkildə pozaraq, elektron qolbağı dartıb qopartmışdır. Bununla bağlı 01.07.2021ci il tarixdə məhkum Cavabdeh yaşadığı Qusar rayonu Kuzunqışlaq kəndindəki evində olarkən yazılı izahat verməkdən imtina edərək qolbağı dartıb qopartdığını etiraf etmişdir. Beləliklə, Cavabdeh qərəzli olaraq elektron qolbağı yararsız vəiyyətə salaraq dövlətə maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Ədliyyə nazirliyinin verdiyi maliyyə arayışına əsasən ,elektron qolbağın dəyəri 2274.4 manat təşkil edir. Qusar rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin Şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, şöbə rəisi məhkəməyə ərizə göndərərək bildrmişdir ki, xidməti zərurətlə bağlı iclas proseslərində iştirakı mümkün deyil, ona görə də iddia tələbinə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qusar rayon məhkəməsinin 1(029)-68/2020 saylı, 26.08.2020-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Qusar rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli 1(029)-75/2019 saylı hökmünə əsasən Cavabdeh təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay 18 (on səkkiz) gün müddətdə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cavabdeh yaşadığı Qusar rayonu Kuzunqışlaq kəndindəki evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitələrin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qusar rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. İş materiallarında oilan 27.05.2020-ci il və 25.06.2020-ci il tarixli “elektron nəzarət vasitələri tətbiq edilmiş məhkum tərəfindən üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməməsinə dair” məlumatların surətindən görünür ki, həmin tarixlərdə telefonakkumulyatorun çox az olduğu, bununla da, nəzarət subyektinin ona tətbiq edilmiş elektron nəzarət vasitəsinin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək vəzifəsini pozduğu qeyd edilmişdir. İş materiallarında olan 21 sentyabr 2021-ci il tarixli 6467 saylı Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məlumatdan görünür ki, tədqiqata təqdim edilmiş elektron qolbağın sağ kəmərinin bir son kənarı klipsə birləşən hissədən kənar alətin vasitəsi ilə fiziki qüvvə tətbiq edilməsi nəticəsində qopardılmışdır, ayrılmışdır. Təqdim edilən elektron qolbaqdakı klipsinin yuxarı hissəsində, gövdəsinin bir kənarının üzərində olan əzilmə izlərinin kənar əşya vasitəsi ilə fiziki təsir etməklə yaranması mümkündür. 35622546 nömrəli “Attenti” markalı elektron nəzarət vasitəsi komplektinin komplekt hissələrinin sazlığı, işlək vəziyyətdə olması sualları ekspert trasoloqun zəruri biliyindən kənara çıxdığından cavablandırmaq mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş USB adaptor və mobil qurğu üzərində iz və zədə olmamışdır. İş materiallarında olan fotoşəkillərdən görünür ki, elektron qolbağın kəmərə keçən hissəsi çıxmamış, məhz sındırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsi tərəfindən verilmiş 18.06.2021-ci il tarixli 21/3-1149 saylı arayışının surətindən görünür ki, elektron qolbağın dəyəri 2277.4 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Məhkəmə qeyd edir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Həmçinin, qeyd olunmalıdır ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyini səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Zərərçəkən rolunda istənilən subyekt, o cümlədən fiziki şəxs, bələdiyyə, hüquqi şəxs və dövlət çıxış edə bilər. Dövlətin müstəsna mülkiyyətində olan dövlət torpaqlarına, meşələrə, yerin təki obyektlərinə və digər nemətlərə zərər vurulduqda, həmin hərəkətlərdən ziyan çəkir və bu zaman öhdəlikdə dövlətin özü yox, dövləti təmsil edən və onun adından çıxış edən müvafiq orqanlar iştirak edirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. İşin faktiki hallarına və təqdim edilmiş sübutlara əsasən məhkəmə iclasında müəyyən edilmişdir ki, 01.07.2021-ci il tarixdə İddiaçı tərəfindən elektron nəzarət vasitələrinə baxış keçirilərkən aşkar edilmişdir ki, yuxarıda göstərilən məlum hökm üzrə məhkum Cavabdeh tərəfindən elektron qolbaq, kəmərin qolbağa bağlanan hissəsindən dartılıb qoparılaraq sındırılmışdır. Bununla da, Cavabdeh təqsirli hərəkəti nəticəsində dövlətin müstəsna mülkiyyətində olan əşya, o cümlədən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslər üçün nəzərdə tutulmuş mobil nəzarət qurğusu yararsız vəziyyətə düşmüş, nəticədə dövlətə 2277.4 manat məbləğində zərər dəymişdir. Həmin zərər cavabdeh tərəfindən iddiaçıya (dövləti təmsil edən və onun adından çıxış edən müvafiq orqana) ödənilmədiyi üçün sonuncunun cavabdehə qarşı iddia irəli sürmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə elektron qolbağın dəyərini təşkil edən 2277.4 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.4-ci maddələrinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, İddiaçı büdcə təşkilatı olmaqla dövlət rüsumunu ödəməkdən azaddır. İş üzrə iddianın qiyməti 2277.4 manat, 1000 manatdan yuxarı iddianın qiyməti isə 1277.4 (2277.4-1000=1277.4) manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi-yəni 12.77 manat, cəmi isə 42.77 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh oğlundan İddiaçı xeyrinə elektron qolbağın dəyərini təşkil edən 2277,4 manat məbləğində pul tutulsun. İddiaçı azad edildiyi 42.77 (qırx iki manat yetmiş yeddi qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-125/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-125/2022
14.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver