Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1250/2025 29.01.2026 QUSAR RAYON MƏHKƏMƏSİ X8 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh1 və Cavabdeh3 qarşı icarə hüququnun mülkiyyətçidən müdafiəsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh1 və Cavabdeh3 qarşı icarə hüququnun mülkiyyətçidən müdafiəsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən Qusar rayonu Ukur kəndi ərazisində yerləşən, 02 oktyabr 2003-cü il tarixli 3M-2-207 reyestr nömrəli icarə müqaviləsinə əsasən 99 il müddətinə icarəmə verilmiş 0.63 ha torpaq sahəsinə dair istifadə hüququma törədilən qəsdə son qoyulması, həmin torpaq sahəsindən istifadə etməyimə edilən maneçiliklərin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, onunla həmkəndlisi Cavabdeh1 arasında Qusar rayon Dövlət Notariat Kontorunda bağlanmış 02 oktyabr 2003-cü il tarixli 3M-2-207 reyestr nömrəli icarə müqaviləsinə əsasən həmin şəxsin mülkiyyətində olan 0.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 99 il müddətinə onun icarəsinə verilmişdir. Həmin vaxtdan etibarən o, həmin torpaq sahəsindən təyinatına uyğun istifadə edir, torpaq vergilərini də vaxtlı-vaxtında ödəyir. Həmin icarə müqaviləsi dəyişdirilməmiş, ləğv edilməmiş, qüvvədədir. Bu barədə Dövlət Notariat Arxivi tərəfindən xx.xx.2025-ci il tarixli arayış verilmişdir. Həmkəndlisi Cavabdeh1 həmin torpaq sahəsinə dair özünün və digər ailə üzvlərinin adlarına daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almışlar. Çıxarışı aldıqdan sonra isə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun icarəsində olan torpaq sahəsinin onlara geri qaytarılmasını tələb etməyə başlamışlar, eyni zamanda onun torpaqdan istifadəsinə maneçilik törətmişlər. Göründüyü kimi, onunla Cavabdeh1 arasında notarial qaydada bağlanmış icarə müqaviləsi əsasında o, 0.63 ha torpaq sahəsi üzərində istifadə hüquqlarını əldə etmiş və həmin hüquq əmlak hüququ olaraq istənilən şəxsdən, o cümlədən mülkiyyətçilərdən müdafiə olunur. Cavabdeh1 və onun ailə üzvlərinin sonradan öz adlarına Çıxarış almaları isə onun həmin hüququma xitam verilməsinə səbəb olmur, müqavilə bağlanarkən Cavabdeh1 torpaq sahəsinə dair sərəncam verərək onu onun icarəsinə vermiş, digər mülkiyyətçilər isə buna etiraz etməyərək əqdi bəyənmişlər. Belə olan halda, onun torpaqdan istifadə hüququ cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müdafiə olunmalıdır. Odur ki, hesab edir ki, onun 02 oktyabr 2003-cü il tarixli 3M-2-207 reyestr nömrəli icarə müqaviləsinə əsasən əldə etdiyi istifadə hüququ müdafiə olunmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən həmin torpaqdan istifadə etməyinə edilən maneçiliklərə son qoyulmalı, belə hərəkətlərin edilməsi həmin şəxslərə qadağan edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, o, cavabdehlərə məxsus torpaq sahəsini 2003-cü ildə 99 il müddətinə icarəyə götürmüş, bu barədə notarial qaydada müqavilə bağlanmışdır. Həmin torpaq sahəsində o, kələm əkməyə başlamışdır. Həmin vaxtdan etibarən cavabdehlər onun torpaq sahəsindən istifadə etməsinə heç bir etiraz etməmişlər. Lakin, cari ildə cavabdehlər həmin torpaq sahəsini şumlayaraq onun torpaq sahəsindən istifadə etməsinə mane olmuşlar. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməmiş və izahatında göstərdi ki, o, özünə və ailə üzvlərinə məxsus torpaq sahəsini iddiaçıya 3 il müddətinə icarəyə vermişdir. Müqavilə bağlanandan iddiaçıya bildirmişdir ki, 3 ildən sonra torpaq sahəsini geri alacaqdır. Lakin, iddiaçı notariusla birlikdə onu aldadıb 99 il müddətinə müqavilənin bağlanmasına nail olmuşlar. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməmiş və izahatında göstərdi ki, torpaq sahəsi icarəyə verilən zaman o, uşaq olmuşdur. Yetkinlik yaşına çatdıqdan sonra hərbi xidmətə getmiş, qayıtdıqdan sonra isə torpaq sahəsinin çıxarışını araşdırmış, ona bildirilmişdir ki, torpaq sahəsi onlara məxsusdur. Ona görə də, torpaq sahəsini iddiaçıdan tələb etmişdir. İcarə müqaviləsi bağlanan zaman onların maddi imkanı aşağı olmuş, iddiaçı atası ilə yeyib-içən zaman müqavilə bağlamışlar. Müqavilənin surəti onlarda yoxdur, onlar torpaq sahəsinə dair Çıxarış əldə edən zaman onlara bildirilmişdir ki, müqavilə mövcud deyil. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, işdə olan 02 oktyabr 2003-cü il tarixli 3M-2-207 reyestr nömrəli icarə müqaviləsinin surətindən görünür ki, Tağıyev X5 rayonu Uqur kəndi ərazisində mülkiyyətində olan 0.63 ha torpaq sahəsini 99 il müddətinə İddiaçı icarəsinə vermişdir. İşdə olan xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu Uğur kəndi ərazisində yerləşən 0.63 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2, Cavabdeh1, X1, X2, Cavabdeh3 və X3 adlarına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Mülki Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Mülki Məcəllənin 165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Mülki Məcəllənin 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Göründüyü kimi, iddiaçı iddia tələbini onunla əsaslandırır ki, Cavabdeh1lə onun arasında 02 oktyabr 2003-cü il tarixdə icarə müqaviləsi bağlanmaqla mübahisəli torpaq sahəsi uzun müddət onun sahibliyində və istifadəsində olmuş, lakin 2025-ci ilin payız mövsümündə həmin torpaq sahəsini cavabdehlər özbaşına şumlamaqla torpaq sahəsini onun sahibliyindən çıxarmışlar. İddiaçı cavabdehlərin bu hərəkətinin qanunazidd olduğunu bildirərək onların həmin hərəkətlərinə son qoyulmasını tələb edir. Cavabdeh1 isə həmin sahəni 3 il müddətinə iddiaçının icarəsinə verdiyini, həmin şəxsin hazırda torpaq sahəsinə dair hüququnun olmadığını, torpaq sahəsini iddiaçıdan geri istədiyini bildirmişdir. Eyni zamanda Cavabdeh3 torpaq sahəsinə dair öz adlarına çıxarış əldə edərkən hər hansı icarə müqaviləsinin aşkar olunmadığını, torpaq sahəsinin məhz onlara məxsus olmasını, bu səbəbdən də, torpaq sahəsini iddiaçıdan geri istədiyini bildirmişdir. Bununla da, cavabdehlər qeyd olunan hərəkətlərini, yəni torpaq sahəsini şumlamaqlarını özlərinin torpaq sahəsinin mülkiyyətçiləri olması ilə əsaslandırmışlar. Beləliklə də, iş üzrə müəyyən olunan işin mübahisəsiz halları ondan ibarətdir ki, mübahisəli torpaq sahəsi iddiaçının sahibliyinə onunla Cavabdeh1 Qırımxan oğlu arasında bağlanan və notariat qaydada təsdiq olunmuş icarə müqaviləsi əsasında keçmişdir. Bununla bağlı məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericilikdə “mülkiyyətin müdafiəsi” ilə “sahibliyin özbaşınalıqdan müdafiəsi” anlayışları mahiyyətlərinə görə bir-birindən fərqləndirilmişdir. Belə ki, sahibliyin müdafiəsi məqsədilə qaldırılan iddialar mülki qanunvericilikdə hüquq haqqında mübahisə kimi yox, özbaşınalığın qarşısının alınmasını təmin edən tələb kimi nəzərdə tutulmuşdur. Başqa sözlə, sahibliyin özbaşınalıqdan müdafiəsinə dair iddialarda əsas əhəmiyyət kəsb edən hal əşyaya münasibətdə əvvəlki və ya mövcud sahibə qarşı sahiblikdən məhrum etmə və ya istifadəyə maneçilikdə ifadə olunan hərəkətin hər hansı əmlak hüququna, o cümlədən mülkiyyət hüququna söykənib-söykənməməsi deyil, hərəkətin özünün qanun çərçivəsində həyata keçirilib-keçirilməməsidir. Bu baxımdan hazırkı halda, iddiaçının mübahisəli torpaq sahəsinə münasibətdə əvvəlki və ya mövcud sahib olub-olmamasının, cavabdehlərin isə mübahisəli torpaq sahəsini iddiaçının sahibliyindən çıxarmalarında ifadə olunan hərəkətlərinin qanuna uyğun olub-olmamasının araşdırılması zəruridir. İşin faktiki halları ilə, o cümlədən tərəflərin izahatları ilə müəyyən olunur ki, mübahisəli torpaq sahəsi Cavabdeh1 tərəfindən iddiaçının faktiki sahibliyinə verilməklə həmin şəxs 2025ci ilin payız mövsümünədək həmin torpaq sahəsinin faktiki sahibi olmuşdur. Cavabdehlər iddiaçının sahibliyinin qanunsuz olduğunu və torpaq sahəsini geri istədiklərini bildirsələr bu barədə iddiaçıya qarşı mülkiyyətin müdafiəsi çərçivəsində hər hansı iddia tələbini irəli sürməmişlər. Eyni zamanda həmin şəxslər torpaq sahəsinin iddiaçının faktiki sahibliyində olması faktına deyil, sahibliyin qanuni olmasına qarşı etiraz etmişlər. Belə olan halda, iddiaçının mübahisəli torpaq sahəsinə münasibətdə əvvəlki sahib olması, o cümlədən torpaq sahəsinin həmin şəxsin iradəsinə zidd olaraq sahibliyindən çıxması tam təsdiq olunur. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehlər hər nə qədər mübahisəli torpaq sahəsinin mülkiyyətçiləri olsalar da, onların uzun müddət iddiaçının sahibliyində olan torpaq sahəsini iddiaçının iradəsinə zidd olaraq özbaşına şəkildə şumlamaqla həmin şəxsin sahibliyindən çıxarmaları qanunauyğun olmamışdır. Belə ki, həmin şəxslər uzun müddət iddiaçının torpaq sahəsinə münasibətdə sahibliyinə qarşı hər hansı hüquq mübahisəsi açmamışlar, bununla bağlı iddiaçıya qarşı hər hansı tələb irəli sürməmişlər, onun sahiblik faktını qəbul etməklə bəyənmişlər. Bununla da, cavabdehlər qeyd olunan torpaq sahəsini şumlayaraq iddiaçının sahibliyindən çıxararaq iddiaçıya qarşı qadağan edilmiş özbaşınalığa yol vermişlər, qeyd olunan davranışın keçərli hüquqi əsası olmamışdır. Bundan başqa, cavabdehlərin qeyd olunan davranışından, yəni torpaq sahəsini şumlamalarından 1 il müddət keçmədiyindən iddiaçının sahibliyin özbaşınalıqdan müdafiəyə dair hazırkı iddianı qaldırmasını istisna edən hal mövcud deyil. Beləliklə, məhkəmə yuxarıda sadalanan halları ümumiləşdirərək belə qənaətə gəlir ki, iddiaçının hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququ vardır, iddiaçı torpaq sahəsinə dair özünün sahibliyinə qarşı cavabdehlər tərəfindən törədilən özbaşınalığa son qoyulmasını tələb etməkdə haqlıdır və bu barədə iddia tələbi əsaslı sayılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən Qusar rayonu Ukur kəndi ərazisində yerləşən, 02 oktyabr 2003-cü il tarixli 3M-2-207 reyestr nömrəli icarə müqaviləsinə əsasən 99 il müddətinə icarəsinə verilmiş 0.63 ha torpaq sahəsinə dair istifadə hüququna törədilən qəsdə son qoyulsun, həmin torpaq sahəsindən istifadə etməyinə edilən maneçiliklər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(029)-1250/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1250/2025
29.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver